Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 23:08

'Daha bir sərt devalvasiya qeyri-neft sektoru üçün dağıdıcı olacaq'


Ülvi Əmrahsoy

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ilin 9 ayı üzrə tədiyyə balansına dair məlumatları açıqlayıb. 2015-ci ilə nisbətən 2016-cı ildə tədiyyə balansında göstəricilər yaxşılaşsa da, ümumi balans yenə mənfidir. İqtisadçı ekspert Ülvi Əmrahsoy AzadlıqRadiosuna müsahibəsində Azərbaycanın tədiyyə balansındakı durum və bunun manata təsirlərindən danışıb:

- 2016-cı ildə tədiyyə balansında gərginliyin xeyli azaldığı müşahidə edilsə də, ümumi balans yenə mənfidir. Bu ilin yanvar-sentyabrında Azərbaycanın tədiyyə balansında 1.19 milyard ABŞ dolları həcmində kəsir əmələ gəlib. Bu, 2015-ci ilin analoji dövrü ilə müqayisədə 8 dəfəyə yaxın azdır. Xarici ticarət balansının müsbət saldosu 5.3 milyard dollardan 2.9 milyard dollara enib. Xidmətlər balansının mənfi saldosu 3.4 milyard dollardan təxminən 2.3 milyard dollara qədər azalıb. Tikinti xidmətləri üzrə mənfi saldo keçən ilə nisbətən 750 milyon dollar azalaraq 2.817 milyard dollardan 2.162 milyard dollara enib. İlkin gəlirlər hesabında təxminən 1.8 milyard dollar defisit yaranıb və 2015-ci ilin 9 ayının göstəricisi ilə təxminən eynidir. Təkrar gəlirlər hesabı çərçivəsində Azərbaycana pul köçürmələri 927 milyon dollardan 470 milyon dollara qədər azalıb. Göründüyü kimi, tədiyyə balansının mənfi saldosu 8 dəfəyə yaxın azalsa da, valyuta bazarında gərginlik yaşanır. Bunun səbəbi maliyyə-bank sektorundakı proseslər, iri dövlət şirkətlərinin borclanmaları, manata inamın sarsılması, iqtisadiyyatda dollarlaşmanın artması və sairədir.

- Ölkədən dolları aparan həm də ərzaq idxalından asılılıqdır. Hökumətin bəzi idxala məhdudiyyət tədbirləri bəhrəsini verəcəkmi? Yəni, qadağalar çıxış yoludurmu?

- Qadağalar çıxış yolu deyil. Ərzaq idxalının azaldılması sonucda qıtlıq yaradacaq. Marketlərdə tapa bilmədiyimiz ərzaq məhsullarını «qara bazar»da axtarmalı olacağıq.

- Tədiyyə balansının indiki durumunda tam üzən məzənnəyə keçid manata necə təsir göstərər?

- Bu ilin tədiyyə balansında qeyri-neft sektoru üzrə defisit 7.3 milyard dollardan çox olub. Azərbaycanda üzən məzənnə yox, sabit məzənnə var. Manatın üzməsi üçün birja, qiymətli kağızlar bazarı, ölkəyə xarici valyuta gətirən çoxlu sayda şirkətlər olmalıdır. Manat daha bir sərt devalvasiyaya uğrayarsa, bu, 7 milyard dollarlıq kəsiri olan qeyri-neft sektoru üçün dağıdıcı olacaq.

- Noyabrda oktyabra nisbətən idxal artdı. Gözlənilir ki, dekabrda idxal daha çox olacaq. Belə vəziyyətdə manatı nə gözləyir?

- İdxalın artması neftin bahalaşması və ilin sonunda pul kütləsinin artmasıyla bağlıdır. Təbii olaraq, idxalın artması manata təzyiqləri də artıracaq.

XS
SM
MD
LG