AzadlıqRadiosu yazır ki, rusiyalı məktəblinin Almaniya parlamentində çıxışı günün mövzusuna tamamilə uyğun idi.
Almaniya müharibələrdə və siyasi repressiyalarda həyatını itirmiş hərbçilərin və mülkilərin illik xatirə gününü keçirirdi.
Rusiyalı orta məktəb şagirdi Nikolay Desyatniçenko İkinci Dünya Müharibəsində həlak olanlar üçün kədərini ifadə edirdi və söhbətini Stalinqrad döyüşündə əsir düşmüş və sonradan əsir düşərgəsində ölmüş bir alman əsgərinin taleyi üzərində qurmuşdu. Şagird deyirdi ki, bəzi alman əsgərlər açıq şəkildə döyüşmək istəmirdilər.
Lakin məktəbli Desyatniçenkonun çıxışı onun öz vətənində pərtlik, dilxorçuluq və hiddət yaradıb.
Məktəblinin çıxışına belə hiddətli münasibət Rusiyada Böyük Vətən Müharibəsi adlandırılan bu müharibəyə münasibətin hələ də həssas olduğunu əks etdirib. Bu reaksiya həm də Vladmir Putinin millətçi Rusiyasında fərqli düşüncəyə münasibəti göstərib.
Desyatniçenkonun Rusiyanın uzaq şimalında yerləşən Novı Urenqoydakı məktəbi Almaniyadakı orta məktəblərdən biri ilə birgə elmi layihədə iştirak edirdi. Bu layihəyə görə şagirdlər müharibə qurbanlarına aid məlumat toplamalı idilər.
Rusiyalı məktəblilərdən bəziləri Berlində keçirilən Volkstrauertag – müharibə qurbanlarının anımı mərasimlərində iştirak etməliydilər.
Noyabrın 19-da Desyatniçenko rusiyalı sinif yoldaşları və alman məktəbliləri ilə birlikdə təhqiqatlarının tapıntıları barədə Bundestag qarşısında çıxış etməli idi.
Özünün 2 dəqiqə yarımlıq çıxışında Desyatniçenko Vermaxt əsgəri Georg Johann Rau-nun tarixçəsini danışıb. O, Stalinqrad döyüşündə əsir düşmüş və 1943-cü ilin martında Sovet hərbi əsir düşərgəsində vəfat etmişdi.
Məktəbli deyib ki, o Raun-nun taleyindən çox mütəəssir olub və onun və başqa alman əsirlərin məzarına baş çəkmək üçün Çelyabinsk rayonuna səfər edib.
Desyatniçenko deyib ki, o buradakı məzarlardan təsirlənib. Onun fikrincə, bu məzardakıların çoxu dinc yaşamaq istəyirdi. O bildirib ki, alman əsirlər düşərgədə dözülməz iztirablara düçar olublar. Məktəbli bildirib ki, bu barədə ona müharibədə ağır yaralanmış babası danışıb.
Məktəbli deyib: “Mən səmimi-qəlbdən inanıram ki, planetin hər yerində normal şüur təntənə edəcək və bir də heç kim müharibə görməyəcək”.
Faşizmə dəstək?
Bu çıxışdan az sonra Desyatniçenkonun videosu Rusiyanın sosial mediasında və YouTube saytında yayılıb. Bəzi şərhçilər onun döyülməsinə, bir başqaları isə Rusiyadan qovulmasına çağırırdlar.
Bir bloger Rusiyanın əsas təhlükəsizlik agentliyinə yazdığı postda Desyatniçenkonu nasist cinayətkarların xatirəsinə bəraət verməkdə ittiham edir.
Regional millət vəkillərdən biri isə yerli təhsil şöbəsini və prokurorluğu Desyantiçenkonun oxuduğu məktəbin və şagirdin özünün təhqiq olunmasına çağırıb.
Rusiyanın dövlət telekanalı Rossiya 24 Desyatniçenkonun çıxışı ilə bağlı bütöv bir reportaj hazırlayıb. Reportajın ruhu ümumən ittihamlar üzərində qurulub.
Komsomolskaya Pravda qəzetində dərc edilmiş məqaləyə isə belə bir başlıq verilib: “Bir Urenqoy məktəblisi Vermaxtın günahsız döyüşçüləri üçün Almaniyanın qarşısında sürünüb”.
Lakin Desyatniçenkonu Novı Urenqoy şəhərinin meri dəstəkləyib. O deyib ki, heç də bütün almanların vuruşmaq istəmədiyini deməklə məktəbli haqlı idi.
İvan Kostoqrız deyib: “Bu çıxış heç bir vəchlə bu oğlanın faşizmi dəstəkləməsi kimi yozulmamalıdır”.
Bu arada Desyatniçenkonun anası Znak saytına deyib ki, çıxışın mətnini onun özü şəxsən redaktə edib və buna görə də çıxışa acıqlı reaksiyadan təəccüblənib.
O deyib: “Siz deyə bilməzsiniz ki, mənim oğlum necəsə müharibə üçün üzr istəyib. Yox, əksinə o, tamamilə başqa bir şeyi nəzərdə tutub. Demək istəyib ki, bu adamlar, bu əsgərlər olub və onlar yəqin ki, döyüşmək istəməyiblər, amma buralara öz xoşları ilə yox, əmrlə göndəriliblər”.
Ana deyib ki, adamlar onun oğlunun çıxışını başqa cür yozublar. O bildirib ki, oğluna hədələrdən narahatdır.