Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

Əyalətlərdə xarici dərmanlar çətin tapılır


Aptek

«Neçə gündür ki, aptekləri gəzirəm. Mədə-bağırsaq xəstəsiyəm. Dərman almaq istəyirəm. Bir dənə dərman almışam, 3 dərman qalıb. Tapa bilmirəm. Birini xahiş etmişəm, İrandan gətirəcəklər. Özümü dərmansız pis hiss edirəm».

Lənkəran rayon sakini Rəna Hacıyeva (adı şərtidir) köks ötürüb sözünə davam etdirir: «Hər dəfə belə edirlər. Hansı aptekə gedirsən, dərman tapa bilmirsən. Bir də görürsən ki, aptekləri doldurdular. Əvvəlki qiymətdən baha. Belə iş olarmı?».

DEPODA VAR, APTEKDƏ YOX

Lənkəran şəhər sakini İltifat Rəhimzadə də dərmanla bağlı narahatçılıq keçirtdiyini deyir: «Lənkəranda belədir. Adicə «Minidiab» dərmanını tapa bilmədim. Maraqlananda, aptek işçiləri bildirdilər ki, həmin dərmanlar depoda olsa da, satışa verilmir. Səbəb kimi yeni qiymətləndirmə göstərilir».

Cəlal İbrahimov
Cəlal İbrahimov

Astara şəhər sakini Cəlal İbrahimov isə deyir ki, ürəyindən əməliyyat olunub. Dərman qəbul etməsə, vəziyyəti ağırlaşa bilər: «Üç il yarımdır ki, stentlə yaşayıram. Həmişə dərmanlardan istifadə edən adamam. Bu dərmanlar da Azərbaycanda hər ay 70-80 manata başa gəlir. Lakin İrandan aldığım dərmanlar 8-16 manat edir. Dərmanları həmişə İrandan alıb qəbul edirəm. Çox da keyfiyyətlidir. Bir neçə dəfə müayinədən keçmişəm. Həkim görüb ki, bu dərmanların effekti çox gözəldir. Burda firma dərmanların baha satılmasına həmişə etiraz etmişik. Dərmanlar bizim apteklərdə var, ancaq çox bahadır».

Cəlal İbrahimovun deməsinə görə, Astara sərhəd-keçid məntəqəsində İrandan gətirilən dərmanların qarşısını almağa çalışırlar. Bəhanə edirlər ki, dərmanların tərkibində normadan çox narkotik var.

DƏRMANLAR AZALIR, QİYMƏT BAHALAŞIR...

İşadamı Vidadi Mirzəyev də dərmanların gündən-günə azaldığını, qiymətlərin isə qalxdığını bildirir: «Çalışdığım ticarət mərkəzində özəl aptek da fəaliyyət göstərir. Demək olar ki, 50-60 adda dərman tapılmır. Qripə qarşı, qan azlığı ilə bağlı dərmanlar qəhətə çəkilib. Gərək sifariş verəsən, onda da xəstə gözləmir axı. Biz Astarada yaşayırıq. Astara, Lənkəran sakinləri çətinə düşəndə, İrana üz tuturlar. Bəs başqaları nə etməlidir?».

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

V.Mirzəyev hesab edir ki, dərman çatışmazlığı manatın dəyərdən düşməsi ilə bağlıdır. Onun fikrincə, xaricdən gətirilən dərmanlar apteklərdə sürətlə azalmağa doğru gedəcək.

Rayonlarda elə apteklər var ki, günlərlə dərman almadıqlarını bildirirlər. Astara şəhərində fəaliyyət göstərən apteklərin birində bizə dedilər ki, yanvarın 17-dən dərman almırlar: «Telefon açırsan, cavab vermirlər. Ya da deyirlər, dərman yoxdur».

APTEKLƏR BAĞLANIR

Bir gündən sonra həmin aptekin bağlandığını gördük.

Rayon apteklərini dərmanla, əsasən, «Zeytun» və «Azerimed» şirkətləri təmin edir. Dərman satışı ilə məşğul olan digər şirkətlərin fəaliyyəti gözə çarpmır.

Həmin şirkətlərdən birinin satış üzrə adının çəkilməsini istəməyən əməkdaşının deməsinə görə, apteklərə dərman verilir: «Bizdə hansı dərman varsa, satırıq. Əlimizdə olmayanı gətirə bilmirik. Başqa firmalar ola bilər ki, saxlayıblar, indi satırlar, biz saxlamamışıq. Hər kəs öz şirkətinə cavabdehdir. Qrip dərmanları var, hər şey var. Ürək dərmanlarından baxır hansısı yoxdur. «Aspirin Kardio» yoxdur. Xarici bazardan asılıdır, xaricdən alırıq. Həyati əhəmiyyətli dərmanlar ki var, onların hamısını xaricdən alırıq».

Aptek
Aptek

Ekspertlər isə deyir ki, son aylar manatın dəyərdən düşməsi və qiymətlərin bahalaşması dərman idxalında problemlər meydana çıxarıb. Son həftələr manat möhkəmlənsə də, vəziyyət dəyişməyib.

SƏHİYYƏ NAZİRLİYİ NƏ DEYİR?

Apteklərdə Rusiya və Avropa istehsalı olan dərmanların qıtlığı ilə bağlı deyilənlərə Səhiyyə Nazirliyindən də münasibət bildirilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) APA-ya bildiriblər ki, idxalçı şirkətlər və xarici istehsalçı müəssisələrin nümayəndəlikləri rəsmi olaraq Azərbaycana dərman idxalını dayandırmaları barədə müraciət etməyiblər.

XS
SM
MD
LG