Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Dərman qaçaqmalçılığında günahlandırılanlar azadlığa buraxılıb


Bu gün, martın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslərin məhkəməsi davam edib.

Söhbət Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev və 10 yaxın şəxsin işindən gedir.

Fikrət Qədiməliyevdən başqa, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədli və onun bəzi iş yoldaşları də mühakimə olunurdular. Habelə, onların arasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı var idi.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Həbsdə olan Mərkəzi Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədli və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Prokuror çıxışında DGK-nin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham tərəfi qalanlarının da bəzilərinin həbsini istəmiş, bir neçə şəxsə də şərti cəza verilməsini tələb etmişdi.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin yaydığı məlumata əsasən 2018-ci il aprelin 30-da bu işlə bağlı birgə tədbirlər keçirildiyi bildirilirdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin (CM) 179.4 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittihamlar irəli sürülmüşdü.

Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində ittiham olunurdular.

General Fikrət Qədiməliyev və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə ittihamı verilmişdi.

XS
SM
MD
LG