Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Qaçaqmalçılıqda ittiham olunan gömrükçü: ‘Rəisimə demişdim ki...’


İllüstrasiya
İllüstrasiya

Xaçmaz Gömrük İdarəsinin "Yalama” gömrük postunun böyük inspektoru Mehman Novruzov qaçaqmalçılıq ittihamı ilə hakim önünə çıxarılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Gömrükçü Rusiyadan Azərbaycana 5 min 539 manatlıq dərmanların bəyan edilmədən keçirilməsində təqsirləndirilir.

Mehman Novruzov özünü qismən təqsirli bilir. Noyabrın 1-də öz məhkəməsində də deyib ki, özünü qismən təqsirli bilir.

“İŞİMİ DƏYİŞMƏDİLƏR”

Hadisə "Samur" gömrüyündə olub. Mehman Novruzov ora bir aylıq ezam olunubmuş. İttihamda yazılıb ki, o, Cəmil adlı adamla birləşib, dərmanları keçirib.

Təqsirləndirilən gömrükçü deyir ki, ezam olunduğu yerdə yeni işə başladığı üçün monitordan istifadə edə bilmirdi: "Vəzifəm böyük inspektor idi, işim isə çantaları yoxlamaq idi. Lakin monitordan yaxşı istifadə edə bilmirdim. Bu barədə növbə və post rəislərinə də məlumat vermişdim. Dedilər ki, həll edəcəyik, lakin işimi dəyişmədilər".

Hadisə haqda danışan Novruzovun dediyinə görə, ittihamda adı çəkilən Cəmil "Samur” gömrük postunda fəhlə kimi çalışır, gömrükdən keçən şəxslərin yüklərinə kömək edirdi:

"Həmin gün mənə dedi ki, neytral ərazidə iki çanta ilə qalıb. Xahiş etdi ki, ona kömək edim. Rusiya tərəfinin onu buraxmadığını söylədi. Elə bildim ki, Azərbaycandan Rusiyaya keçmək istəyir. Sonradan bildim ki, o, Rusiyadan Azərbaycana gəlirmiş. Həmin gün də Rusiya tərəfə getdiyini görmüşdüm. Soruşdum ki, çantalarında nə var? Dedi ki, boş ətir qablarıdır. Monitorda da gördüm ki, həqiqətən ətir qablarıdır, ancaq açıb yoxlamadım. Həmin vaxt yanımızda demək olar, hər gün gördüyüm, tez-tez Rusiyaya gedib-gələn qadınlar vardı, onlardan da xahiş elədim ki, Cəmilə kömək eləsinlər. Sağ olsunlar, elədilər də. Yəni mən çantalardakı boş ətir qablarının içində dərman olduğunu bilməmişəm".

Mehman Novruzova CM-in 206.3 (qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG