Keçid linkləri

2026, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:56

Xəbərlər

İndiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?
Gözlə

No media source currently available

0:00 0:07:51 0:00

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb. Daha sonra onlardan biri öz ərizəsi ilə seçki prosesindən çıxıb.

71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan artıq 43 nəfərə imza vərəqləri paylanılıb.

Bu haqda MSK sədri Məzahir Pənahov iyulun 9-da qurumun toplantısında məlumat verib.

İclasda Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alınıb.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.

Bütün xəbərləri izləyin

Rusiyanın Ukraynaya zərbələrindən 5 nəfər həlak olub

Kiyevdə dron zərbəsindən zərər çəkmiş yaşayış binası
Kiyevdə dron zərbəsindən zərər çəkmiş yaşayış binası

Oktyabrın 21-nə keçən gecə Rusiya dronlarının Kiyevə hücumu zamanı iki nəfər həlak olub. Onlardan biri yaşayış binasına zərbə endirilməsi ucbatından həyatını itirib. Daha bir nəfər yaralanıb və ona tibbi yardım göstərilir.

Xarkov vilayətinə hücum isə 81 yaşlı qadın və 83 yaşlı kişinin həyatına son qoyub. İkiaylıq oğlan uşağı və səkkizyaşlı qız da daxil olmaqla, daha 11 nəfər xəsarət alıb.

Poltava vilayətində universitet binasının vurulması yanğına səbəb olub. Hadisə vaxtı üç nəfər xəsarət alıb.

Zaporojye vilayətində bir nəfər həlak olub, altı nəfər yaralanıb.

Ukraynaya məxsus kamikadze dronun Rusiyanın Bryansk vilayətinə hücumu nəticəsində 19 yaşlı yerli sakin həlak olub. Hücuma məruz qalan avtomobildəki daha iki nəfər – 21 yaşlı gənclər qəlpə yaraları alıblar.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalı altında olan Luqansk şəhərindəki keçmiş "Ukrtelekom" binasına zərbə endirdiyi bildirilir.

Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 373 dronun ələ keçirilərək məhv edildiyini bildirir.

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv etdiyini bildirib

"U.S. H-1B" viza ərizəsi
"U.S. H-1B" viza ərizəsi

ABŞ Dövlət Departamentinin oktyabrın 20-də yaydığı məlumata əsasən, prezident Donald Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib.

Dövlət Departamenti avqustun 10-da 2025-ci ilin yanvarından, yəni Trampın ikinci dəfə prezident postuna keçməsindən bəri 175 mindən çox vizanın ləğv olunduğunu bildirmişdi. Dünən açıqlanan rəqəm isə son həftələrdə vizaların ləğvi prosesinin sürətləndiyini göstərir.

Tramp immiqrasiyaya qarşı sərt tədbirlərin və deportasiya kampaniyasının ölkənin daxili təhlükəsizliyini gücləndirmək məqsədi daşıdığını deyir. Hüquq müdafiəçiləri isə bu tədbirlərin söz azadlığı hüquqlarını pozduğunu bildirirlər.

Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsindəki paylaşımında Tramp administrasiyasının tarixdəki bütün administrasiyalardan "daha sürətlə və daha çox" vizanı ləğv etdiyini yazıb.

Hüquq müdafiəçiləri bəzi şəxslərin vizalarının ləğv olunmasını tənqid edirlər. Bu sırada ABŞ-nin müttəfiqi İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyalarında iştirak edən fələstinyönlü əcnəbilər var. Mühafizəkar şərhçi Çarli Kirkin qətli ilə bağlı sosial şəbəkələrdəki şərhlərinə görə bəzi xarici vətəndaşların vizalarının ləğvi də birmənalı qarşılanmayıb.

Tramp administrasiyası immiqrantların və viza üçün müraciət edən şəxslərin sosial şəbəkədəki fəaliyyətini indi daha sərt şəkildə yoxlayır.

Azərbaycan NATO ilə tərəfdaşlığı dərinləşdirməyi müzakirə edib

Rusiya ilə münasibətləri korlanan Azərbaycan NATO-ya üz tuta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.

Bu barədə məlumat Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda tərəflərin tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq istəklərini təsdiqlədikləri bildirilir.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-cü ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında isə prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını təsdiqləyib.

Buna baxmayaraq, Azərbaycan rəsmiləri son illər ölkə qarşısında NATO-ya üzvlük məqsədinin qoyulmadığını açıq şəkildə bəyan edirlər. Müxalifət isə bunu hökumətin islahatlara hazır olmaması və Rusiyanın mövqeyinin nəzərə alınması ilə izah edir.

Paşinyan protokol xidmətinin rəhbərini işdən çıxarıb: Japarovu 'Qazaxıstan prezidenti' adlandırmışdı

Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.
Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da protokol xidmətinin rəhbərini vəzifəsindən azad edib. Paşinyan iki gün əvvəl Yerevanda Qırğızıstan prezidenti Sadır Japarovla görüşərkən onun ölkəsinin adını səhv salmışdı.

Danışıqlardan sonra mətbuat üçün bəyanat oxuyan Paşinyan: "İlk növbədə, Qazaxıstan prezidenti Sadır Japarovu Ermənistanda bir daha salamlamaq istərdim", – deyə bildirib.

Hökumət protokol xidmətinin rəhbəri Qagik Vanoyanın işdən çıxarılma səbəbini açıqlamayıb. Buna görə də bu addımın Paşinyanın diplomatik səhvi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Vanoyan dörd il idi ki, bu xidmətə rəhbərlik edirdi.

Japarov ötən həftə Ermənistanda keçirilən Bioloji Müxtəliflik üzrə COP17 Konfransında iştirak edib. BMT-nin təşkil etdiyi bu forumun açılışına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, daha üç xarici dövlət və hökumət başçısı qatılıb.

Separatçı Puçdemona İspaniyaya qayıtmağa icazə verilib

2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.
2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.

İspaniya Ali Məhkəməsi oktyabrın 19-da Kataloniya vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemonun həbsinə dair orderi ləğv edib. Vaxtilə Kataloniyanın İspaniyadan ayrılmasını müdafiə edən Puçdemon doqquz illik mühacirətdən sonra vətəninə qayıda biləcək.

İspaniya hakimiyyəti 2017-ci ildə, Puçdemon Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirəndən sonra onun həbsi barədə order çıxarmışdı. Referendum iştirakçılarının 90 faizindən çoxu müstəqilliyə səs versə də, Madrid bu səsverməni qanunsuz elan etmiş, Puçdemon və bir sıra kataloniyalı siyasətçilər isə qiyamda ittiham olunmuşdular.

Həmin vaxt İspaniyadan qaçan Puçdemon doqquz ildən çox Avropanın digər ölkələrində, əsasən də Belçikada yaşayıb. 2024-cü ildə o, gözlənilmədən İspaniyaya gələrək çoxsaylı tərəfdarları qarşısında çıxış edib. Lakin polis onun ölkəyə necə daxil olduğunu və sonradan oradan necə uzaqlaşdığını müəyyənləşdirə bilməyib.

Həmin il İspaniyada hökumət dəyişikliyindən sonra Kataloniyanın ayrılmasını dəstəkləyən bir çox siyasətçi və fəal üçün amnistiya elan olunsa da, bu qərar Puçdemona və onun hökumətinin iki nazirinə – Luis Puç və Toni Kominə şamil edilməmişdi. Ali Məhkəmənin son qərarı isə onların hər üçünü cinayət təqibindən azad edir.

Puçdemon dəfələrlə bəyan edib ki, barəsindəki cinayət təqibinə xitam verilərsə, İspaniyaya qayıdacaq. O, Kataloniyada yenidən aktiv siyasətə qoşulmaq ehtimalını da istisna etməyib.

Albaniyada etirazlar: Baş nazir Rusiya və İranın əli olduğunu bildirdi

Tiranada hökumət əleyhinə tələbə etirazları
Tiranada hökumət əleyhinə tələbə etirazları

Albaniyada kütləvi etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir. Etirazlar zamanı polislə toqquşmalar, zorakılıq halları və yanğınlar baş verir. Ölkənin baş naziri Edi Rama bildirib ki, ölkə rəhbərliyi etirazların qızışdırılmasında Rusiya və İranın əli olduğunu düşünür.

"Özlərini təbiəti qorumağa çalışan albanlar kimi təqdim etmək üçün on minlərlə saxta profil yaradılıb və bu profillərdən fəal istifadə olunub. Terrorçu İran Respublikası da minlərlə belə profildən istifadə edib", – deyə Rama bunun təsadüf olmadığını vurğulayıb.

Albaniyanın baş naziri bundan əvvəl Rusiyanın da etirazlarda mümkün iştirakından danışmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə onu öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb.

Mayda Albaniyada, Zvernets sahil mühafizə zonasında lüks turizm kompleksinin tikintisi planlarına qarşı "Flaminqo inqilabı" şüarı ilə etirazlar başlayıb. Sonradan etirazçılar korrupsiyaya, iqtisadi bərabərsizliyə və ölkənin sol-mərkəzçi hökumətinin yürütdüyü siyasətə qarşı çıxmağa başlayıblar.

Oktyabrda tələbələrin də aksiyalara qoşulmasından sonra etirazlar yenidən güclənib. Təşkilatçılar buna səbəb kimi təhsil haqlarının yüksək olmasını, universitetlərdəki pis şəraiti, korrupsiyanı və iş tapmaq perspektivlərinin olmamasını göstəriblər.

Oktyabrın 13-də polislə baş verən ilk toqquşmalardan sonra təşkilatçılar hərəkatın əsas məqsədinin Edi Rama hökumətinin istefası olduğunu bəyan ediblər.

Yəməndə husilər hökumət qüvvələrinin təlim düşərgəsini vurub, 53 nəfər ölüb

Husilərin Yəmən hökumətinin hərbi düşərgəsinə hücumu
Husilərin Yəmən hökumətinin hərbi düşərgəsinə hücumu

Oktyabrın 19-da Yəməndə İranın dəstəklədiyi husi silahlılarının hökumətin təhlükəsizlik qüvvələrinin təlim düşərgəsinə hücum etməsi nəticəsində 53 nəfər həlak olub, 200 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

"Reuters" agentliyi Şəbvə vilayətindən yayılan videoların həqiqiliyini təsdiqləyib. Videoda yaralıların və qan içində olan cəsədlərin əraziyə səpələndiyi görünür.

Mənbələrin bildirdiyinə görə, husilər təlim məşğələsi zamanı təhlükəsizlik qüvvələrinə üç ballistik raket atıblar. Şəbvə Yəmənin cənub-mərkəzi hissəsində, dəniz sahilində yerləşir və enerji ehtiyatları ilə zəngindir.

Sentyabrdan bəri husilər və Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında döyüşlər qızışıb. Husilər Qırmızı dənizin girişində yerləşən Babül-Məndəb boğazı yaxınlığındakı ərazilərə doğru irəliləyiblər. Hökumət qüvvələrini Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dəstəkləyir.

Yəməndəki münaqişə ABŞ və İsrailin İrana qarşı müharibəsində daha bir cəbhəyə çevrilib. Husilər dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanına hücumları gücləndirərək, Ər-Riyaddakı beynəlxalq hava limanını və "Saudi Aramco" dövlət neft şirkətini hədəfə alıblar.

Yəməndə müharibə 2014-cü ildə husilərin paytaxt Sənanı ələ keçirməsi ilə başlayıb. Bir il sonra Səudiyyə Ərəbistanının rəhbərliyi ilə hərbi müdaxilə baş verib. Tərəflər 2022-ci ildə atəşkəs əldə etsələr də, həmin atəşkəs bu il pozulub.

Yəmən ağır humanitar böhran içindədir. Humanitar yardım təşkilatları ölkədə vəziyyətin sürətlə pisləşdiyi barədə xəbərdarlıq edirlər.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi

TƏBİB ləğv edilirmi?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:44 0:00

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Prezident İlham Əliyev bu gün, oktyabrın 19-da bununla bağlı müvafiq fərman imzalayıb.

Fərman səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə izah edilib.

TƏBİB 2018-ci ildə dövlət başçısının fərmanı ilə təsis edilib. Rəsmi açıqlamaya görə, publik hüquqi şəxs olan qurumun əsas məqsədi dövlət tibb müəssisələrini idarə etmək və icbari tibbi sığorta sistemində xidmət keyfiyyətini yüksəltmək olub. Qurum yaradılarkən Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri də ona dövr edilmişdi.

Son illər TƏBİB rəhbərliyinin fəaliyyətindən narazılıqlar və müxtəlif şikayətlər yaranıb. Hətta bu ilin yanvarında işdən çıxarıldıqlarını iddia edən bir qrup stomatoloq qurumun inzibati binası qarşısında etiraz aksiyası da keçirib. TƏBİB isə cavabında qurumda şəffaflıq və optimallaşdırma işlərinin aparıldığını bildirib.

Səhiyyə naziri dəyişdi: Yeni nazir TƏBİB-dəndir

Prezidentin digər sərəncamı ilə Anar Bayramov yeni səhiyyə naziri təyin edilib. 2022-ci ilin əvvəlindən bu postu tutan Teymur Musayev isə baş nazirin müavini vəzifəsinə gətirilib.

Yeni nazir A.Bayramov bu il aprelin 14-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunmuşdu.

Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib

'O boşandı, mən də boşanım': Azərbaycanda 'boşanma bumu'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Bu ilin səkkiz ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 26 min 485 nikaha daxilolma və 13 min 278 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) son statistik hesabatında bildirilir.

Ötən ilin eyni dövründə boşanma sayı 13 min 869, nikah sayı isə 31 min 403 olmuşdu.

Rəqəmlərin müqayisəsi göstərir ki, boşanma sayında (4.3 faiz) azalma olsa da, onun nikah sayına olan faiz göstəricisi artıb. Çünki nikah saylarında daha kəskin (15.7 faiz) azalma qeydə alınıb.

Ekspertlər Azərbaycanda ilk dəfə boşanma sayının nikah sayının 50 faizini keçməsini ən müxtəlif səbəblərlə izah edirlər. Onların vurğulamasına görə, bütünlükdə dünyada boşanmalar artır. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda sosial amillər, işsizlik və yoxsulluq da boşanma faizini yüksəldir.

Rəsmilər, hələlik, bu məsələni şərh etməyiblər.

AXCP-nin saxlanan hər iki üzvü həbs edilib

Polis
Polis

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün inzibati qaydada həbs olunduğu, digərinin isə saxlanıldığı bildirilir.

Partiyadan oktyabrın 15-də verilən məlumata görə, Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov heç bir qanun pozuntusu törətmədiyi halda, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib. Onun əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirləndirildiyi deyilir.

AXCP bundan əvvəl onun polislər tərəfindən saxlanıldığını açıqlamışdı. Lakin məsələnin detallarını öyrənmək və AXCP-nin yaydığı bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Partiyanın yaydığı digər məlumatda isə oktyabrın 14-də partiya üzvü Mətanət Turan və övladının Abşeron rayon Polis İdarəsinə aparıldığı bildirilir.

AXCP-dən M.Turana yaxın şəxslərin açıqlamasına görə, onlar haqqında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanıb. Bununla belə, onlarla bağlı da rəsmi qurumlardan hər hansı bir dəqiqləşdirmə aparmaq mümkün olmayıb.

Mətanət Turanın ev dustaqlığına buraxıldığı deyilir

Oktyabrın 16-sı günün ikinci yarısında M.Turan və övladının evinə buraxıldığı bildirilib.

Yaxınları onun son günlər hicab taxan şagirdlərin məktəbə buraxılmaması ilə bağlı keçirilən etirazlara görə saxlandığını güman edirdilər.

Məsələ ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir. Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Ardınca da istər Bakıda, istərsə də bölgələrdə bəzi məktəblərə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığı ilə bağlı şikayətlər eşidilib.

Son günlər isə bununla bağlı bir çox məktəblərdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdikləri, dərsləri boykot etdikləri bəlli olub.

Daxili İşlər Nazirliyi oktyabrın 14-də bəyan etmişdi ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfər saxlanılıb.

Mətanət Turan 2 aylıq həbs edilib

Oktyabrın 17-də isə AXCP üzvü Mətanət Turan haqqında Sumqayit Apelyasiya Məhkəməsinin həbs qəti imkan tədbiri seçdiyi bildirilir.
Partiyadan verilən açıqlamaya görə, prokurorluğun ev dustaqlığı qərarından verdiyi protest əsasında onun haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Partiya yoldaşları onun səhhətində bəzi problemlərin də olduğunu deyirlər.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-yə yaxın üzvü uzunmüddətli həbs həyatı yaşayır. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var.

Səlahiyyətli şəxslər və rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması barədə iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.

Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb

Bakıda AQEM sammiti
Bakıda AQEM sammiti

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda oktyabrın 15-də keçirilən VII Zirvə Görüşü bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, sammit çərçivəsində Bakı Bəyannaməsi, eləcə də Əməyin Təhlükəsizliyi və Sağlamlığın Qorunmasına dair Bəyanat qəbul edilib.

Eyni zamanda, Laos AQEM-in tamhüquqlu üzvü olub.

Azərbaycanın təşkilata sədrliyi 2026–2028-ci illər üçün uzadılıb.

Bundan başqa, səfir Sultan Hacıyev 2026–2030-cu illər müddətinə AQEM-in Baş katibi təyin edilib.

14 oktyabr

İsrail prezidenti Azərbaycandadır

İsrail prezidenti İsxak Hersoq oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, o, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıdadır.

İ.Hersoq bundan əvvəl sonuncu dəfə 2023-cü ilin mayında Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında bir sıra sahələrdə, xüsusilə də müdafiə sənayesi istiqamətində sıx əməkdaşlıq əlaqələrinin olduğu bildirilir.

Azərbaycanla İsrail arasındakı bu tərəfdaşlıq zaman-zaman qonşu İran və Türkiyənin bəzi siyasi dairələrində tənqidlərlə qarşılanıb.

Xüsusilə ötən ay keçirilən BMT Baş Assambleyasının sessiyasında İsrail baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndələrindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi ciddi müzakirələrə səbəb olub. Qəzza bölgəsində İsrailin apardığı hərbi əməliyyatlar bir çox dövlətlər tərəfindən pislənsə də, İsrail tərəfi bu addımların sırf özünümüdafiə xarakteri daşıdığını bəyan edir.

Azərbaycan isə Fələstin-İsrail münaqişəsinin həllində BMT-nin irəli sürdüyü "iki dövlət" konsepsiyasını dəstəklədiyini bildirir.

Son hadisələr fonunda bəzi ekspertlər prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı çıxışı zamanı ölkənin müstəqil xarici siyasət xəttini xüsusi vurğulamasını məhz xaricdən gələn bu təzyiq və tənqidlərə dolayı bir cavab kimi qiymətləndirirlər.

Xatırlatma

AQEM-in təsis edilməsi təşəbbüsü ilk dəfə 1992-ci ildə Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Bu təşəbbüsün əsas məqsədi Asiyada sülh və təhlükəsizliyi təmin edəcək effektiv və universal bir təşkilat yaratmaq olub. Hazırda 29 üzv dövləti bir araya gətirən AQEM-in Katibliyi Astana şəhərində yerləşir.

Əliyev və Fidan Azərbaycan-Türkiyə əlaqələrini müzakirə etdi

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə son dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb. Amma müzakirələrin detalları açıqlanmayıb.

H.Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıdakı 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə, bir sıra digər liderlərdən fərqli olaraq, bu toplantıya qatılmayıb.

Son vaxtlar Azərbaycanda hicablı şagirdlərin məktəbə buraxılmaması Türkiyədə, xüsusən də Ərdoğanın baş müşaviri Oktay Saral tərəfindən tənqid olunub. Həmçinin, iki ölkə rəhbərliyi arasında bəzi regional məsələlərdə, xüsusilə İsrail-Fələstin böhranında fərqli baxışların olduğu bildirilir.

Bakı-Ankara xəttində gözlənilməz 'yol qəzası': İki ölkə arasında nə dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Trans-Xəzər fiber-optik kabel xəttinin açılışı olub

Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.
Prezidentlər Kasım-Jomart Tokayev və İlham Əliyev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.

Azərbaycan və Qazaxıstan prezidentləri bu gün — oktyabrın 15-də Trans-Xəzər fiber-optik kabel xəttinin açılışını ediblər. Dövlət başçıları Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü çərçivəsində bir araya gəliblər.

AZƏRTAC-ın məlumatına görə, liderlərə təqdim olunan hesabatda "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində reallaşdırılan bu layihənin Asiya ilə Avropa arasında rəqəmsal əməkdaşlıq üçün yeni imkanlar açdığı bildirilib. Layihə çərçivəsində Sumqayıt və Aktau şəhərləri arasında, Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib.

Məlumata görə, bu xətt saniyədə 400 terabitdən çox məlumat ötürmək qabiliyyətinə malikdir.

Vurğulanıb ki, xəttin istifadəyə verilməsi Orta Dəhlizin həm nəqliyyat, həm də rəqəmsal sahədə strateji əhəmiyyətini artıracaq. Bu yeni marşrut data axınının Çin və Mərkəzi Asiyadan Qazaxıstan, Azərbaycan, Gürcüstan, daha sonra isə Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək.

Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Çin ilə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirən, dəmir, dəniz və avtomobil yollarından ibarət strateji multimodal logistika marşrutudur.

Azərbaycanın nefti kimi qazı da azalıb, amma ixracı artıb

Neft yatağından qaz da çıxacaq – ekspert: 'Böyük təsiri olmayacaq'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə oktyabrın 15-də Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 11,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in, 0,4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5.1 milyon ton olub.

Bu dövrdə 15.5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 3.86 faiz, ixracı isə 10.92 faiz azalıb.

Bu il Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Azərbaycan nefti 70 faizdən çox bahalaşıb.

"Mavi yanacaq"

2026-cı ilin doqquz ayında ölkədə 37.9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10.8 milyard kubmetrini "Azəri-Çıraq-Günəşli", 20.6 milyard kubmetrini "Şahdəniz", 1.2 milyard kubmetrini "Abşeron" yatağı, 5.3 milyard kubmetrini isə SOCAR təmin edib.

Bu dövrdə qaz ixracı 18.4 milyard kubmetr olub. Bunun 8.6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin, 1.6 milyard kubmetri Gürcüstanın, 1.2 milyard kubmetri isə Suriyanın payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı cüzi — 0.79 faiz azalsa da, ixracı, əksinə, 0.55 faiz artıb.

Bu ilin doqquz ayında dünyada qaz da neft kimi bahalaşsa da, mavi yanacaqdakı qiymət artımı neftlə müqayisədə daha az olub.

Kartdan karta pul köçürmələrində yeni tariflər – 3 qəpikdən 4 manatadək

Kartınıza gün ərzində tez-tez pul gəlir? — Mərkəzi Bankdan xəbərdarlıq
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Azərbaycanda kartdan karta pul köçürmələri üçün yeni xidmət haqqı tarifləri gəlir. Yeni qaydalara görə, göndərilən məbləğdən asılı olaraq 3 qəpiklə 4 manat arasında xidmət haqqı tutulacaq.

Bu dəyişiklik Mərkəzi Bankın bu il sentyabrın 15-də qəbul etdiyi yeni tariflərdə yer alıb. Qərara əsasən, Banklararası Kart Mərkəzində (BKM) emal olunan köçürmələrin xidmət haqları məbləğə uyğun olaraq belə müəyyənləşib:

100 manatadək köçürmələr – 3 qəpik;

100–1000 manat – 10 qəpik;

1000–10 000 manat – 50 qəpik;

10 000–40 000 manat – 2 manat;

40 000 manatdan yuxarı – 4 manat.

BKM üzərindən xarici valyuta ilə edilən köçürmələr üçün də məbləğdən asılı olaraq yeni qiymətlər müəyyən olunub: 100 vahidədək 0.03, 1000 vahidədək 0.10, 10 min vahidədək 0.50, 40 min vahidədək 2, daha böyük məbləğlərə görə isə 4 dollar yaxud avro xidmət haqqı tutulacaq.

Kartdan karta pul köçürmələri üzrə yeni xidmət haqları aprelin 1-dən qüvvəyə minir.

Bunun vətəndaşlara hansı aidiyyəti var?

Mərkəzi Bankın qərarına əsasən, kartlararası köçürmələrin emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək, vəsait isə birbaşa Mərkəzi Banka daxil olacaq. Ekvayer bank kartları vasitəsilə nağdsız ödənişlərin qəbuluna şərait yaradan maliyyə qurumudur (bank və ya ödəniş təşkilatı).

Ekspertlərin fikrincə, müəyyən edilmiş məbləğlər bankların vətəndaşlardan birbaşa tutacağı komissiya sayılmamalıdır. Bankların müştərilərə tətbiq etdiyi köçürmə haqları onların daxili tarif siyasətindən asılıdır. Bankların yeni tariflər qoyub-qoymayacağı isə hələlik qeyri-müəyyəndir. Ölkədəki maliyyə qurumlarından şərh almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG