Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 01:38

Deputat və ekspertdən pensiya təklifləri…


Ə.Məsimli
Ə.Məsimli

Noyabrın 13-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edərkən pensiya məsələsinə toxunub.

«Turan» agentliyinin məlumatına görə, deputat hesab edir ki, pensiya yaşına çatan daha çox insanın pensiya almaq imkanı olmalıdır. «Azərbaycanda pensiya sisteminin mahiyyəti ondan ibarətdir ki, daha az insan aşağı məbləğdə pensiya alsın. Lakin bu konsepsiyanı xarici ekspertlər də dəvət edilməklə əsaslı sürətdə yenidən işləmək lazımdır. Pensiya yaşına çatan daha çox insanın pensiya almaq imkanı olsun», - Ə.Məsimli qeyd edib.

Deputat əlavə edib ki, ağır işlərdə çalışanların vaxtından əvvəl pensiyaya çıxması üçün güzəştli şərtlər hazırlanmalıdır.

70 yaşdan yuxarı olan şəxslərə əlavə…

Ə.Məsimli həmçinin, xarici praktikaya əsaslanaraq vurğulayıb ki, 70 yaşdan yuxarı olan şəxslərə əlavə ödəmələr verilməsi praktikasının Azərbaycanda tətbiqi mümkündür.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Musa Quliyev isə agentliyə bildirib ki, Ə.Məsimlinin pensiya ilə bağlı təkliflərinin parlamentdə müzakirəyə çıxarılıb-çıxarılmaması deputatın öz istəyindən asılıdır: «O bunun üçün Milli Məclisin rəhbərliyinə müraciət etməlidir. Sonra məsələ komitələrdə müzakirə olunub Milli Məclisə çıxarılır. Prosedur belədir».

M.Quliyev
M.Quliyev

«Niyə mümkün deyil?»

Deputat hesab edir ki, Ə.Məsimlinin verdiyi təklifləri həyata keçirmək mümkündür: «Niyə mümkün deyil?! O qədər bizdə pensiya islahatları gedir ki,… Əmək və sosial siyasət komitəsində qanuna əlavə və dəyişikliklər müzakirə olunur və ildən-ilə təkmilləşir. Mümkün görünməyən 25 il staj məsələsi qanunla həll olundu. Pensiya təklifləri ilə bağlı isə həm iqtisadi vəziyyətə baxmaq lazımdır, həm bu məsələyə lazım olan xərclərə, həm də gələcək perspektivdə bunun nə qədər xeyri olacağına. Hər halda qanuna edilən hər bir əlavə və dəyişiklik pensiyaçılarımızın xeyrinədir».

«Hər 100 nəfərdən 35-40 nəfərin rəsmi işçi kimi qeydiyyatı var»

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, ölkədə pensiya sisteminin ən ciddi problemi az sayda insanları əhatə etməsidir:

R.Ağayev
R.Ağayev


«Əslində bu, məşğulluq sistemin problemidir. Ölkədə hər 100 nəfərdən ən yaxşı halda 35-40 nəfərin rəsmi işçi kimi qeydiyyatı var. Belə vəziyyətdə yalnız bu 35-40 nəfərin gələcəkdə pensiyaya çıxmaq hüququ var. Qalanların isə kənarda qalmaq və pensiya almamaq riski var. Hökumət deyə bilər ki, vergi islahatları aparılır, gəlirlərin leqallaşdırılması gedir. Lakin leqallaşdırılma çox zəif gedir».

R.Ağayevin vurğulamasına görə, digər ciddi problem ondan ibarətdir ki, son artıma baxmayaraq, pensiya məbləği ahıl və xəstə insanların normal yaşayışı üçün lazımı səviyyədə deyil.

İqtisadçı əlavə olaraq qeyd edib ki, Azərbaycanda yığım pensiya sistemi işləməyib və bu, pensiyaçıların ziyanına olub: «İnsanların uzun illər ərzində - 2006-cı ildən başlayaraq 2011-ci ilə qədər Sosial Müdafiə Fonduna ödədiyi vəsaitlərin bir hissəsi qeydə alınmayıb. «Nə vaxtsa yığım pensiya sistemi işə düşəndə qeydə alacağıq» desələr də, 2017-ci ildə qanunvericiliyə dəyişikliklə yığım pensiya elementi aradan qalxdı. Hesab edirəm ki, yığım pensiya elementinin işləməsi çox vacibdir. Çünki insanlar bir çox halda pensiya yaşına çata bilməyəndə, vəfat edəndə yığılan vəsaitlər onların varislərinə çatır. İndiki vəziyyətdə isə adam pensiya yaşına, yəni 65 yaşına bir ay qalmış pensiya yatırımı edir, sığorta ödəyir, amma qəfil vəfat edəndə və onun 18 yaşına çatmayan övladı yoxdursa, ailəsi onun pensiya yığımından bəhrələnə bilməz».

Pensiya və maaş artımından nə dərəcədə razı qaldınız? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Ekspert özəl pensiya fondlarının yaradılmasını təklif edir

Ekspert özü də bəzi təkliflər dilə gətirib. R.Ağayev deyib ki, özəl pensiya fondlarının yaradılması və inkişaf etdirilməsi vacibdir. Onun sözlərinə görə, əgər hökumət özü yığım pensiya elementini işə sala bilmirsə, ölkədə özəl pensiya fondları olmalıdır. Onun fikrincə, belədə yaxşı gəliri olan insanlar gələcəkdə daha yaxşı yaşamaq istəyirsə, gəlirin bir hissəsini bu fondlara yatırmaqla özü üçün yaxşı pensiya təminatı yarada bilər.

Xatırlatma

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilərdə 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 60 yaş 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

XS
SM
MD
LG