Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:34

Deputatın oğlu: ‘2012-ci ildən Porsche sürürəm...’


Həbib Axundov məhkəmə fasiləsində

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov avqustun 6-da növbəti dəfə məhkəmə qarşısına çıxarılıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqla bağlı cinayət işi üzrə yenidən dindirilib. Müttəhimlər kürsüsündə əyləşən isə Axundovun dostu Elnur İbrahimovdur.

Həbib Axundov bundan əvvəlki məhkəmə iclaslarının birində ifadə versə də, sualları cavablandırmamışdı. Demişdi ki, səhhətində problemlər var, cərrahiyyə əməliyyatı olunandan sonra yenə gələcək.

“HƏBİB AXUNDOVA 435 MİN PUL VERMİŞƏM”

Deputat oğlu dindirilməmişdən öncə hakim başqa bir şahidin ifadə verməsini istəyib. Bu da zərərçəkmişlərin etirazına səbəb olub. Zərərçəkmiş Fərman Məmmədovun nümayəndəsi Tahir Əlirzayev Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib.

Etirazını da belə əsaslandırıb ki, məhkəmə prosesinin aparılmasıyla bağlı qaydalar pozulur, onlara iclas protokolları ilə tanış olmağa imkan verilmir, təqsirləndirilən şəxsə sual vermək hüquqları məhdudlaşdırılır və sair.

Etiraz baxılmamış saxlanılıb.

Ardından Həbib Axundov dindirilib. O da zərərçəkmiş qismində tanınıb. Ancaq digər zərərçəkmişlərin bir neçəsi pullarının mənimsənilməsinə görə təqsirləndirilən Elnur İbrahimovdan daha çox, Həbib Axundovu günahlandırırlar.

Deputat oğlu suallara cavab verməmişdən öncə deyiləsi sözləri olduğunu söyləyib:

“Zərərçəkmiş Şahin Məhərrəmov məhkəmədə deyib ki, pulu mənə verib, məndən də tələb edir. Məndə video-görüntülər var, orada Şahin Məhərrəmov deyir ki, mənə qarşı çıxmağa, haqqımda prezidentə, Milli Məclisə şikayətlər yazmağa onu Fərman Məmmədov (başqa bir zərərçəkmiş-red.) vadar edib. Fərman ona 3 min pul verib ki, onlarla birləşsin, mənə qarşı şikayətçi olsun. Mənimlə notariusa getdi, orada yazdı ki, məndən şikayəti yoxdur. Bir gün sonra özü gedib həmin müqaviləni ləğv elədi. Deyirlər ki, guya mən onların puluna Porsche almışam. Mən 2012-ci ildən Porsche sürürəm”.

Həbib Axundov məhkəməyə video və audioyazı olan disk təqdim edib.

Fərman Məmmədovun özü və nümayəndəsi həm deyilənlərə, həm də hakimin diski qəbul etməsinə etirazını bildirib: “Necə olur, Fərman Məmmədov Elmira Axundovanın səs yazısını təqdim edir, onu götürmürsünüz, amma Həbib Axundovun verdiyi diski qəbul edirsiz?”

Həbib Axundov zərərçəkmiş qismində tanınsa da, hakim qarşısına çıxarılmış dostuna nə qədər pul verdiyini xatırlamır. Amma etiraf edir ki, zərərçəkmişlərdən Fərman Məmmədovu Elnur İbrahimovla o tanış edib. Fərman Məmmədov da deyir ki, mənimsənilən pulların bir hissəsi Həbib Axundova verilib: “Mən Həbib Axundova 435 min pul vermişəm”.

“ELMİRA AXUNDOVADAN SORUŞUN”

Deputat oğlu Fərman Məmmədov və ya başqa zərərçəkmişlərdən pul almadığını iddia edib. Bu zaman vəkilin ona belə bir sualı olub: “Siz deyirsiniz ki, Fərmandan pul almamısınız. Amma ananız təsdiqləyir ki, Fərmana həmin pulun 250 min manatını qaytarıb. Almadığınız pulu niyə qaytarırdınız?”

Həbib Axundov əvvəlcə belə cavab verib: “Şantaja görə...”

Bir qədər keçəndən sonra eyni məsələ haqda danışarkən isə başqa cür cavab verib: “Elmira Axundovadan soruşun...”

Vəkil Həbib Axundovun iş materiallarında olan bir ərizəsini üzə çıxarıb. Orada yazır ki, kartric və printer biznesi ilə əlaqədar təqsirləndirilən Elnur İbrahimova 200 min manat pul verib.

Zərərçəkmiş Fərman Məmmədovun vəkili Tahir Əlirzayev ona xatırladıb ki, həmin vaxt o, Dövlət Gömrük Komitəsində çalışırdı. Dövlət qulluqçusuna isə bizneslə məşğul olmaq qanunla qadağandır.

Deputat Elmira Axundova
Deputat Elmira Axundova

Təqsirləndirilən Elnur İbrahimovun bibisi oğlu, onun sürücüsü işləmiş Ramin Həmidov da məhkəmədə dindirilib. Bildirib ki, Elnurun tapşırığı ilə bir çox adamlara pul aparıb verirdi. Onların arasında Həbib Axundov da vardı.

Məhkəmə avqustun 7-də davam edəcək.

Həbib Axundovun adı son vaxtlar dəbdəbəli həyat tərzi, dənizdə boğulan modelin ölümü ilə bağlı yenidən gündəmə gəlib. Anası Elmira Axundovanın Müdafiə Nazirliyilə işbirliyində olması, tenderlərdə qalib elan edilməsi və başqa məsələlərə dair səs yazısı yayılıb. Sosial şəbəkələrdə Axundovlara aid olduğu iddia edilən əmlakların siyahısı paylaşılıb. Elmira Axundova bütün bunları “qara piar” adlandırıb.

Jurnalistlər məhkəmənin qarşısında Həbib Axundovdan son vaxtlar onların ünvanına səslənən ittihamlara cavab almaq istəsələr də, o, danışmaq istəməyib. “Pul alıb yazırlar” deməklə kifayətlənib.

XS
SM
MD
LG