Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 06:16

Deputat: 'Konstitusiya nə Qurandır, nə də Bibliya...'


F.Ağayev
F.Ağayev

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 23 il qabaq qəbul edilən və bu müddətdə üç dəfə referendum yolu ilə dəyişikliklərə məruz qalan Ana Yasa hüquqşünaslar tərəfindən birmənalı dəyərləndirilmir.

Fuad Ağayev: «Diskussiyaya hazıram»

Hüquqşünas Fuad Ağayevin qənaətincə, Konstitusiya hazırlanarkən konseptual yanaşmada qüsurlar olub. Amma bununla belə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanı bütün çatışmazlıqlarına baxmayaraq, həmin dövr üçün «yetərincə mütərəqqi» sənəd hesab edir. Sonradan sənədə dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirdiyi, bir sıra hüquq və azadlıqların əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığı qənaətindədir: «Söhbət xalqın idarəetmədə iştirakı, xalqın hakimiyyətin mənbəyi olması kimi müddəalardan gedir. Mən hesab etmirəm ki, dünya təcrübəsini və Azərbaycan gerçəkliyini nəzərə alsaq, baş vermiş dəyişikliklərin, o cümlədən ali idarəetmə sisteminin səlahiyyətlərinin genişləndirilməsinin, prezidentlik müddətinin uzadılmasının, yaş senzinin və başqa zəruri senzlərin aradan qaldırılmasının rasional əsası var. Başqa cür düşünən varsa, diskussiyaya hazıram».

H.Əzimov
H.Əzimov

Hacıbaba Əzimov: «Buna xalq qərar verə bilər»

«Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktını hazırlamış komissiyanın sədri, keçmiş deputat, professor Hacıbaba Əzimov isə başqa məqama diqqət çəkir. O, bu günlərdə AzadlıqRadiosuna müsahibəsində deyib: «Konstitusiya Aktının prinsiplərini əsas götürərək yeni Konstitusiya hazırlanmalı idi. 32-ci maddədə deyilirdi ki, bu Akt gələcək Konstitusiyanın hazırlanmasında əsas götürülməlidir. Amma sonradan Konstitusiyada bəzi şeylər dəyişdi».

O, fikrini belə davam etdirir: «12-ci maddəyə görə, məsələn, xariclə suverenliyi məhdudlaşdıran müqavilə bağlanırsa, bu halda xalq razılıq verməlidir və sənəd bundan sonra imzalana bilər. Amma indi bunu dəyişdilər, «Azərbaycan tərəfinin razılığı ilə» yazdılar. «Tərəf» də baş nazirdir, prezidentdir, amma Konstitusiya Aktı buna yol vermir. Bizimkilər deyir ki, Dağlıq Qarabağa ən yüksək statusu veririk. Bunların bunu deməyə ixtiyarı yoxdur. Buna xalq qərar verə bilər».

Hüquqşünas F.Ağayevsə istənilən məsələdə söhbətin dolanıb seçki hüquq və azadlıqlarının üzərinə gəldiyini söyləyir.

«Xalq hər hansı məsələylə bağlı iradəsini seçki, referendum yolu ilə və ya özünün azad, ədalətli şəkildə seçdiyi nümayəndələr vasitəsilə ortaya qoyur. Həmin müddəada (Hacıbaba Əzimovun dediyi maddəni nəzərdə tutur – A.R.) ciddi yanlışlıq yoxdur, amma söhbət reallıqdan gedirsə, hər şey aydındır», – hüquqşünas F.Ağayev söyləyir.

Ə.Hacıbəyli
Ə.Hacıbəyli

«Konstitusiyadakı müddəalar demokratikləşdirilməli idi»

Hüquqşünas Ənnağı Hacıbəyli də H.Əzimova haqq verir. Sonradan Konstitusiya müddəalarının məhdudlaşdırıldığını bildirir.

«Xüsusən də insan hüquq və azadlıları ilə bağlı müddəalarda çox sayda məhdudlaşmalar oldu. Ona görə də, Hacıbaba müəllimin söylədiklərində böyük həqiqət var», – deyə əlavə edir.

Ə.Hacıbəylinin fikrincə, əslində referendumla edilən dəyişikliklər daha çox 1995-ci il Konstitusiyasının məhdud müddəalarının daha da genişləndirilməsi istiqamətində olmalı idi: «Hakimiyyət iddia edirsə ki, Azərbaycan 30 ildə oturuşmuş, hüquqi, müstəqil dövlət qurub, Konstitusiyadakı müddəalar daha da demokratikləşdirilməli idi, məhdud müddəalar inkişaf etdirilməli idi. Amma sonrakı prosesdə əksini gördük. Fikir verirsinizsə, hüquqi şəxslərin, təsisçilərin haqqında məlumat verilməsi qadağan edildi, fikir və söz azadlığı, məhkəmə hakimiyyəti, seçki azadlığı ilə bağlı məhdudlaşdırma oldu. KİV haqqında, informasiya əldə etmək haqqında qanuna dəyişikliklər mətbuatı bugünkü hala saldı, qeyri-rəsmi olaraq senzuranın tətbiqinə səbəb oldu. Seçkilərlə bağlı edilən dəyişikliklər zahirən guya müsbət dəyişikliklər olsa da, mahiyyətcə bir tayfanın hakimiyyəti mənimsəmək iddialarının gerçəkləşdirilməsinə yönəldilib. Seçkilərlə bağlı yaş məhdudiyyətinin götürülməsi, yaş həddinin aşağı salınmasını nəzərdə tuturam».

M.İbrahimqızı
M.İbrahimqızı

Deputat: «Konstitusiya nə Qurandır, nə də Bibliya»

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı isə tənqid və iradları rədd etmir. Bunu Azərbaycana xoş niyyətlə yanaşmayanların fikri kimi qələmə verir: «Konstitusiyaya dəyişiklik edilməsi o deməkdir ki, orda onların dediyi fikirlər əksini tapmalıdır? Başqa ölkələrdə də Konstitusiya dəyişir. Məsələn, bu yaxınlarda Türkiyədə Konstitusiyaya dəyişiklik edildi. Niyə Azərbaycana mürtəce fikirlə, dar fokusdan yanaşırsınız? Hansısa QHT-nin fikri o demək deyil ki, Konstitusiyada dəyişiklik geriləməyə səbəb olacaq. İnsanlıq, cəmiyyət inkişaf edir və yeni dünyada tələblərlə, zamanla ayaqlaşmaq lazımdır. Konstitusiya nə Qurandır, nə də Bibliya, onu da insan yazır. İnsan yazırsa, deməli, müəyyən zaman kəsiyində öz baxışlarına, tələblərinə uyğun dəyişiklik edə bilərlər».

Bununla da deputat söhbətə son verib.

F.Ağayevə görəsə, Konstitusiya Aktı ideal olmasa da, onun ruhunu rəhbər tutmaqla yeni bir Konstitusiya hazırlanmasına ehtiyac var.

Xatırlatma

1995-ci il noyabrın 12-də Azərbaycanın Konstitusiyası qəbul olunub. Artıq Azərbaycanda noyabrın 12-si 23 ildir ki, Konstitusiya Günü kimi qeyd edilir.

23 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Əliyevlərin xeyrinə 3 Konstitusiya dəyişikliyi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2009-cu ilə qədər Azərbaycan parlamentində 25 deputat bu sistemlə seçilirdi -AR) ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı.

2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı.

Nəhayət, 2016-cı il referendumunda isə prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra, ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.

XS
SM
MD
LG