Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Deputat Jalə Əliyevadan prokurorluğa şikayət oluna bilər


J.Əliyeva
J.Əliyeva

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrə görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən qalib olan Jalə Əliyeva ilə bağlı prokurorluğa şikayət olunacaq. Bu barədə AzadlıqRadiosuna həmin dairədən deputatlığa namizəd olmuş vəkil Adəm Məmmədov bildirib.

Bugünlərdə sosial şəbəkələrdə bir evdə təşkil olunmuş məclisdən videogörüntülər yayılıb. Həmin görüntülərdə J.Əliyeva bu seçkidə ondan ötrü «sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn» adamlara təşəkkür edir. Bu əməllərə yol vermiş şəxslər kimi konkret adlar da çəkir: Rəna, Yusif, Rizvanə...

«Xuliqanlıq cinayətinin əlamətləri var»

2005-ci ildən bu yana deputat olan J.Əliyevanın budəfəki seçkidə rəqibi olmuş vəkil A.Məmmədov deyir ki, yayılan görüntülərdə açıq-aşkar cinayət tərkibi var. Bunlar araşdırılmalı, hüquqi qiymət verilməlidir.

«Burada xuliqanlıq cinayətinin əlamətləri var. Seçkidə kiminsə başına papka vurmaq, telefonunu alıb yerə çırpmaq nə deməkdir? Ən dəhşətlisi budur ki, Jalə Əliyeva özü bunu etiraf edir, belə əməllərə görə təşəkkür edir. Mütləq araşdırma aparılmalı, qanunazidd hərəkətlərə yol vermiş şəxslər məsuliyyətə cəlb olunmalıdır. Belə görünür ki, 14 il qanunverici orqanda sadəcə əyləşən Jalə Əliyevanın qanunlardan ümumən xəbəri yoxdur, xuliqanlığa görə təşəkkür edir», - A.Məmmədov belə deyir.

A.Məmmədovun iddiasına görə, istər təbliğat-təşviqat dövründə, istərsə də səsvermə günü J.Əliyevanın xeyrinə çoxsaylı qanun pozuntularına yol verilib, inzibati resurslardan istifadə olunub. Vəkil bildirir ki, prokurorluğa şikayətində məclisin görüntüləriylə yanaşı, müşahidəçilərinin qeydə aldığı başqa pozuntu faktlarını da əlavə edəcək.

Jalə Əliyeva nə deyir

AzadlıqRadiosu söylənənlərə J.Əliyevadan açıqlama ala bilməyib. Sözügedən görüntülər ötən həftə internetdə yayılandan radionun əməkdaşları ondan müsahibə almağa, səsləndirdiyi iddiaları dəqiqləşdirməyə cəhd göstərsələr də, zənglər cavabsız qalıb.

Amma J.Əliyeva yeniavaz.com-a açıqlamasında deyib ki, görüntülər fevralın 10-da keçirilən məclisdə çəkilib. Amma onlar o məclisdə seçkidə qələbəni yox, ev sahibinin övladının ad gününü qeyd ediblər. O, həmçinin iddia edib ki, məclisdə səsləndirdiyi fikirlər (başa papka vurma, telefonu yerə çırpma) səsvermə gününə aid deyil, təbliğat-təşviqat dövründə yaşanıb. J.Əliyevanın iddiasına görə, qarşı tərəf onunla görüşə öyrədilmiş adam göndərib, mediaya informasiya ötürməyə çalışıb: «Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən həmin o öyrədilmiş bloqerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni, burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada «başına papka atmaq» ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı, sadəcə, qız yuxarıya qaldırmaqla o təxribatçıya «çıx get buradan» demək istəyir. Mən də seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da mən onların adını çəkirəm deyə, seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssalam...».

Xatırlatma

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər verilməyə başlanıb. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra 4 dairədə nəticələr ləğv edilib. Bir çox şikayətlər isə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG