Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 01:14

Deputat: 'Nazirlər Kabineti artıq strukturdur'


Nazirlər Kabineti, Bakı, mart 2009
Nazirlər Kabineti, Bakı, mart 2009

Prezident İlham Əliyev son günlər bir sıra dövlət müəssisələri əsasında vahid bir qurumun yaradılması, bəzilərinin isə ləğv edilməsi ilə bağlı fərmanlar verib.

İqtisadçı Nazim Bəydəmirli bəzi qurumların birləşdirilməsini idarəetmə və dövlət xərclərinin azaldılması baxımından müsbət qiymətləndirir.

Ancaq Nazim Bəydəmirli gözləntilərinin tam yerinə yetirilmədiyini düşünür:

“ Baş nazirin müavinləri ictimai əsaslarla çalışmalıdırlar”

“İslahat dedikdə, Nazirlər Kabinetinin optimallaşdırılmasını nəzərdə tuturam. Hətta qonşu Gürcüstanda tətbiq edilmiş islahatları, Nazirləri Kabineti ilə bağlı atılan addımları gözləyirəm. Çünki bu qədər nazirliklər, komitələr, agentliklər, dövlət şirkətləri, baş nazir və onun altı müavininin olması çevik qərarların qəbuluyla nəticələnə bilməz. Birinci növbədə baş nazirin iki müavini olmalı və onlar nazirlərin içindən seçilərək ictimai əsaslarla çalışmalıdırlar. Eyni zamanda, onlar iqtisadiyyatın prioritetinə uyğun olaraq ildə bir dəfə dəyişdirilməlidir. Bir sözlə, bir-birini təkrar edən, oxşar funksiyanı yerinə yetirən dövlət komitələri müxtəlif nazirliklərə departament şəklində birləşdirilməlidir”.

Nazim Bəydəmirli, 2 avqust 2018
Nazim Bəydəmirli, 2 avqust 2018

Nazim Bəydəmirli vurğulayıb ki, prezident, hələ, 3 il əvvəl Nazirlər Kabinetinin iclasında “bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir” deyə mesaj verib. “Ona görə islahatın sürəti və əhatəsi yeterli sayıla bilməz. Çünki son günlərə qədər dövlət büdcəsi hesabına müxtəlif agentliklər yaradılması davam edirdi. Halbuki, bunlara son qoyulmalı, əsl islahat aparılmalıdır”, deyə O, qeyd edib.

Nazim Bəydəmirli güman etmir ki, bir sıra qurumların ləğvi, yaxud ixtisarı işsizlər ordusu yaratsın:

“ Buna görə islahatın sürətini azaltmaq lazım deyil. Eyni işləri görən adamların hər birinə bir maşın, köməkçi, katibə niyə verilməli, yaxud xərcləmələr olmalıdır? Nəticə etibarı ilə bunlar dövlət idarəetmə xərclərini artırır, çevik qərarların verilməsini yubadır. Qurumların birləşdirilməsi və ləğv edilməsi sadə işçilərin ixtisarı deyil. Rəhbər vəzifələrin, bu vəzifələrə xidmət etmək üçün mövcud olan köməkçi idarələrin azaldılması deməkdir”.

“Yerli icra hakimiyyətləri orqanlarının səlahiyyətləri azaldılıb...”

Fərəc Quliyev, yanvar 2011
Fərəc Quliyev, yanvar 2011

Deputat Fərəc Quliyev də bildirib ki, O, həmişə şişirdilmiş aparatın əleyhinə olub və paralellik aradan qaldırılmalıdır.

Fərəc Quliyev hesab edir ki, yerli icra hakimiyyətləri orqanlarının səlahiyyətləri azaldılıb, həmin səlahiyyətlər bələdiyyələrə verilməlidir:

“ Çünki paralellik olanda anlaşılmazlıq yaranır, yerlərdə də insanlar hara müraciət edəcəklərini bilmirlər. Həm də seçkili orqanların idarəetməsi daha uyğundur. Əhali seçdikləri adamları iş başına gətirdikdə, onlardan nəyisə tələb də edə biləcəklər. Ona görə nə qədər ağır olsa da, islahatlar davam etməlidir. Neft-qaz, qismən də qeyri-neft sektorunda çalışanların hesabına şişirdilmiş aparatlarda olanlar maaş almalı deyillər. Sağlam rəqabət olmalıdır, bacarıqlı insanlar o strukturlarda yer almalıdır”.

Deputat sual edir ki, “iş yeri açmaq üçün iki strukturun saxlamağa nə ehtiyac var?”

“ Bu baxımdan Nazirlər Kabineti paralel orqan olduğundan ləğv edilməlidir. 1992-93-cü illərdə AXC hakimiyyəti zamanı belə bir niyyət vardı, ancaq məlum hadisələr səbəbindən alınmadı. İndi də vitse-prezidentlik institutu və Prezident Administrasiyasında müəyyən şöbələr varsa, Nazirlər Kabineti artıq strukturdur... Bütün hallarda iş yeri açmaq xatirinə dövlət aparatı şişirdilməməlidir”

Xatırlatma

Prezident İlham Əliyev son günlər bir sıra dövlət müəssisələri əsasında vahid bir qurumun yaradılması, bəzilərinin isə ləğv edilməsi ilə bağlı fərmanlar verib.
Hökümət bu fərmanları sturuktur islahatı kimi təqdim edir. Müxalifətin fikrincə, isə indi idarəetmə sistemində islahat yox, ixtisar aparılır.

XS
SM
MD
LG