İyunun 11-də Milli Məclisin plenar iclasında « Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanuna dəyişiklik edilməsi barədə layihə müzakirə edilib.
Dəyişikliklər 2018-ci ildə qəbul edilmiş «Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə əlaqədardır.
Əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilməsi və onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasıdır.
Dəyişikliklərə əsasən «əlillik dərəcəsi» ifadəsi «insan orqanizminin funksiyalarının itirilməsi faizi», bundan başqa «I, II və III dərəcə» ifadəsinin «orqanizminin funksiyalarını 31-100 faiz itirmiş» ifadəsi ilə, «sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar» sözlərinin «18 yaşınadək əlilliyi olan şəxslər» sözləri ilə əvəzlənməsi təklif olunur.
Ekspertlər hesab edirlər ki, yeni qanun layihəsi əlillərin maraqlarına cavab vermir və gələcəkdə əlilliyin təyi olunmasında çoxlu mübahisələrə yol açacaq. Daha çox səslənən iddialardan biri də hökumətin əlillərə təqaüd verməmək üçün onların sayını azaltmağa çalışmasıdırş Amma rəsmilər başqa qənaətdədirlər.
“Yeni meyarlara keçərkən əlilliyin təyinatında daha geniş imkanlar əldə olunacaq”
“Allergiyası olan şəxsin astma “pristup”u başlayanda orqanizminin funksiyası müəyyən qədər pozulacaq. Amma bu, onun həyat fəaliyyətinə təsir etməyəcək. Yaxud da bir-iki barmağını itirən şəxsin orqanizminin müəyyən funksiyaları pozulsa da, bunun bütövlükdə onun əmək qabiliyyətinə təsiri yoxdur. Lakin burada bir məsələ də var ki, əgər bu xəsarətlər və xəstəliklər vətəndaş tərəfindən iş yerində vəzifə yerinə yetirərkən alınacaqsa, onda onlara 30 faizə qədər əlillik təyin oluna bilər» - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə deyir.
Onun sözlərinə görə, yeni meyarların hökumətin daha çox qənaət rejiminə keçmək istəyindən qaynaqlanması haqda səslənən fikirlər əsassızdır.
«Əksinə, yeni meyarlara keçərkən əlilliyin təyinatında daha geniş imkanlar əldə olunacaq və daha çox vətəndaşımız sağlamlıq vəziyyətinə görə sosial təminat almaq imkanı əldə edəcəklər».
“Amma nazirlikdə cəza çəkən yoxdur, cəzanı camaat çəkir”
Deputat Sabir Rüstəmxanlı isə “Turan”a bildirib ki, bu qanun layihəsi yeni bir yanaşmadır.
«Güya beynəlxalq standartlara uyğun bir qanundur. Mənim buna etirazım yoxdur, biz qanunları təkmilləşdirməliyik. Amma son vaxtlar əlilliyi olan şəxslərin arasında narazılıq yaranıb».
S.Rüstəmxanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son vaxtlar verdiyi bir açıqlamaya, əvvəllər bir çox sağlam adamın yalançı əlillik dərəcəsi alması haqda dediklərinə toxunur.
«Xeyli insanın da əlilliyi kəsilib. Bu da müharibədən sonra Azərbaycanın indiki vəziyyətində yeni bir narazılıq dalğası yaradır. Saxta əlilliyi müəyyənləşdirəndə aydınlıq da gətirmək lazımdır ki, burada günah kimindir və cəzasını kim çəkir? Hər halda bu nazirlikdə olub. Amma orada cəza çəkən yoxdur, cəzanı camaat çəkir».
Deputatın fikrincə, Azərbaycanda əlillərin sayı o qədər də çox deyil və bu yolla büdcəyə qənaət etmək olmaz: «Əgər biz bu yolla büdcəyə qənaət etmək istəyiriksə, bu büdcəyə ciddi təsir edəcək rəqəm deyil».
S.Rüstəmxanlı bəzi məsələlərə aydınlıq gətirilməli olduğunu düşünür.
«Nə qədər adam əlillikdən, pensiyadan məhrum edilib, bu onlara necə təsir edəcək, yeni hesablama sistemi nə dərəcədə obyektiv olacaq, həmin sistem köhnə sistemdən nə ilə fərqlənəcək? Yarımçıq, ekspert rəyi olmadan, nəticəni bilmədən belə bir qanunun qəbul olunması mənə xoş gəlmədi».
Deputatın sözlərinə görə, Milli Məclisin rəhbərliyi bunu nəzərə alıb və ikinci oxunuşdan sonra bütün komitələrin və ƏƏSM-in iştirakı ilə ilə qanun layihəsi yenidən müzakirə olunacaq, yalnız bundan sonra qanun 3-cü oxunuşda qəbul oluna biləcək.
“Dəyişiklik əlilliyə çıxış imkanlarının məhdudlaşdırılmasına gətirəcək”
İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna deyir ki, qanun layihəsi təkmil deyil.
«Əlillik dərəcəsinin müəyyənləşdirilməsi üçün faiz dərəcəsinin seçilməsi əvvəlki problemləri həll etməyəcək. Bu dəyişiklik əlilliyə çıxış imkanlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq və həqiqətən əlil olan şəxslərin dövlətdən lazımı dəstəyi almasına problemlər yaradacaq».
İqtisadçının fikrincə, əlilliyin təyin edilməsi üçün ayrılan vaxt özü də dəqiq deyil və uzun görünür.
«Hər halda onu qısa müddətdə ekektron sistemlərlə həll etmək də mümkündür».
Onun gəldiyi qənaətə görə, yeni sistemin başlıca məqsədi əlillik statusu olan şəxslərin sayını azaltmaq və nəzərdə tutulan pensiya və müavinətlərin məbləğinə qənaət etməkdir.
«Əslində Azərbaycanda əlillərin hazırkı sayı əhalinin sayı ilə nisbətdə digər ölkələrlə müqayisədə çox deyil. Məsələn, Gürcüstanla müqayisədə iki dəfə azdır. Amma buna baxmayaraq yenə də sayı azaltmaq istəyirlər».
Parlamentdəki müzakirələrdə 13 deputat qanun layihəsinin əleyhinə səs verib. O, gələn həftə parlamentdə komitələrin iclasında yenidən müzakirə olunacaq.