Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Deputat əsgər analarına 2 ay gözləməyi məsləhət gördü


A.Abbas şikayətçilərın əhatəsində
A.Abbas şikayətçilərın əhatəsində

Bu gün, noyabrın 15-də Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri yenidən Milli Məclisin önündə toplaşıblar. Onlar yenə bir sıra şüarlar səsləndirərək həlak olan yaxınlarına görə birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər.

Əsgər analarından biri deyib: «Axı, şəhidləri dövlət bayrağına büküb gətirəndə «Vətən sağ olsun» deyərdik. Ümid edirdik ki, hökumət buna cavab olaraq şəhid ailəsinin tələbatını qarşılayacaq. Amma bir dəfə soruşmadılar ki, bu uşaqları necə böyütdüz, kitab-dəftərini necə aldız? Çünki məmur biz yaşadıqlaırmızı yaşamayıb, necə deyərlər, toxun acdan xəbəri olmaz».

«Gecə-gündüz tərif deyəcəklər»

Başqa bir ana isə onların şikayətlərinin ölkənin telekanallarında işıqlandırılmamasından narazılıq edib: «Zəng edib, xəbər veririk, gəlmirlər, çəkmirlər, qorxurlar. Amma bu məsələ həllini tapsın, gecə-gündüz tərif deyəcəklər. Bax, həmin günü gözləyirəm».

Bir müddət sonra onların qarşısına deputat Aqil Abbas çıxıb. A.Abbas vurğulayıb ki, bu məsələ ona bəllidir və o da bunun yoluna qoyulmasını istəyir.

Şikayətçilərin biri deputata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məmurlarından narazılıq edib.

«Biri deyir ki, dünyada heç bir dövlət belə müavinət vermir, bunu ancaq Azərbaycan verir. Belə davranışları ilə minnət qoyaraq, adamlarda qıcıq yaradırlar. Bu belə deyil, bütün dünya dövlətləri bunu edir. Hətta mən bildiyim qədər, ABŞ-da bu vəsaitin məbləği 250 min dollardır», - deyə şikayətçilərdən biri söyləyib.

Əsgər ailələri prezidentlə görüş tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Deputat: «Ağanın pulu gedər...»

Deputat A.Abbas isə şikayətçilərə deyib ki, prezidentin bu məsələni həll edəcəyinə inanır: «Belə bir məşhur söz var: «Ağanın pulu gedər, nökərin canı». Prezident fərmanın verib ki, sizlərin balalarının qanpulunu versin. Amma aşağıda bəzi məmurlar müxtəlif məsələlərlə, «sən almısan, sən almamısan»… Nəynən almışam, haradan almışam?! Axı yoxdur...».

O, şikayətçilərə daha 2 ay gözləməyi məsləhət bilib: «21 il dözmüsünüz, bir 2 ayda dözün. Hökumət də çalışır ki, bunu həll etsin, amma əvvəlcə hərbçilər bu müavinətləri alacaqlar. Bundan sonra isə döyüşlərdə həlak olmuş könüllülər və polis işçilərinə də bu müavinətlər veriləcək...».

Daha sonra şikayətçilər başaq bir neçə deputatla da söhbətləşiblər.

Bu insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Sonuncu dəfə isə onları, noyabrın 13-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul edib. Ancaq bu qəbuldan şikayətçilər razı qalmayıb.

Nazir də sonra jurnalistlərə deyib ki, müavinətdən ötrü müraciət edənlərin sənədləri düzgün olmalıdır.

«Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır... Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil», -deyə o vurğulayıb.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb. Həmin ailə təmsilçiləri deyiblər ki, müraciət edəndə onların bu müavinəti artıq aldıqları bildirilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bu günlərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin açıqlamasından bəlli olub ki, hələlik, yalnız 100-dən çox ailənin sənədləri qaydasındadır.

«Onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub», - nazir bildirib.

Fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG