«Mən Azərbaycanda neft maşınqayırma sahəsinə aid ən azı iki böyük sənaye müəssisəsinin tikilməsinə ehtiyac olması barədə dövlət başçısı İlham Əliyevə müraciət etmişəm və bu, heç də təsadüfi deyil».
Bunu deputat Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, təklifinin arxasında Azərbaycanın dünyada neft-qaz ölkəsi kimi tanınması durur: «Bundan əlavə, sovet dönəmində Azərbaycandan dünyanın 30-a yaxın ölkəsinə neft-mədən sənayesi ilə bağlı avadanlıqlar ixrac olunurdu. İndinin özündə də ölkənin neft-qaz ehtiyatları neçə-neçə onillikləri əhatə edəcək. Odur ki, belə müəssisələrin yaradılmasına ehtiyac vardır».
Deputat hesab edir ki, bu, həm də neft avadanlıqları sənayesinin inkişafı və onların ixracından ölkəyə valyuta gətirilməsi deməkdir.
V.Əhmədov vurğulayıb ki, bu, üstəlik, kütləvi iş yerlərinin açılması, məşğul əhalinin sayının artması, onların rifah halının yaxşılaşdırılması deməkdir: «Bu müəssisələrin yaradılması barədə razılıq olarsa, onlardan biri ölkənin şimalında, digəri isə cənubunda inşa olunmalıdır».
Deputat hesab edir ki, eyni zamanda, bu sahədə bir Elmi Tədqiqat İnstitutu da yaradılmalıdır. «Belə bir təkliflə müraciət etmişəm, indi bu təklifə münasibət olacaq, cavab gözləyirik», - V.Əhmədov bildirib.
«Banklar sahibkarlara kreditləri iki dəfə baha faizlə verir»
V.Əhmədov «sahibkar-bank» münasibətlərinə toxunaraq deyib ki, bu sahədə hələ də problemlər var. Onun qeyd etməsinə görə, banklar sahibkarlara kreditləri iki dəfə baha faizlə verir: «Təsəvvür edin, bank əmanətimi 12 faizlə qəbul edir, krediti isə 25 faizlə verir. Bank xərcləri isə 2-3 faiz həddini aşmır və o zaman sual yaranır ki, banklar kreditləri hansı əsasla 25 faizlə verir?».
«Sahibkar əmin olmalıdır ki…»
Deputat deyir ki, sahibkarlığın inkişafı ilə bağlı günün ən aktual məsələsi mülkiyyət toxunulmazlığıdır: «Sahibkar əmin olmalıdır ki, onun mülkiyyəti toxunulmazdır və bununla bağlı ayrıca qanun olmalıdır».