Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Deputatın oğlu çəliklə məhkəmə qarşısında


E.Axundova
E.Axundova

«Mən Həbib Axundova birgə biznes qurmaqdan ötrü 575 min pul vermişəm. Onun 125 minini keçdim, qaldı 450 min. Onun da 250 minini sonradan anası Elmira Axundova verdi. Qalan pulumu tələb edirəm...», – zərərçəkmiş Fərman Məmmədov iyulun 12-də məhkəmədə ifadəsində bunları deyib.

F.Məmmədov vaxtilə seçkilərdə deputat Elmira Axundovanın səlahiyyətli nümayəndəsi olub. İndi isə deputatın oğlundan şikayətçidir. Hərçənd, F.Məmmədov da, H.Axundov da hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluqla bağlı bir cinayət işi üzrə zərərçəkmişdirlər. Onlardan başqa bir neçə zərərçəkmiş də var.

Dələduzluqda təqsirləndirilən Elnur İbrahimov isə H.Axundovun dostu olub. O, 2011-ci ildə ofis və dəftərxana ləvazimatları, katric satışıyla məşğul olmaq üçün «E Plus E Company» MMC-ni yaradıb, müxtəlif şirkətlərdən nisyə mal alıb satmağa başlayıb. Zərərçəkmişlərin əksəriyyətini E.İbrahimovla deputatın oğlu tanış edib. Onlardan pul alınıb, üstündə qazanc vəd olunub.

***Buna da bax-Məhkəmə işi: 'Elmira Axundova mənə 200 min verib dedi ki...'

E.İbrahimov deyir ki, aldığı pulların müqabilində zərərçəkmişlərə xeyli faiz verib. Lakin sonradan işlər yolunda getmədiyindən pulları qaytara bilməyib. Pul aldığı adamların şikayətlərindən sonra ölkəni tərk edib.

«Elmira Axundova və oğlu ilə danışıqların yazısını istintaqa təqdim etmişəm»

F.Məmmədov məhkəmədə bildirib ki, o, bu məsələ ilə bağlı istər deputatın özü, istərsə də oğlu ilə aralarında olan danışıqların səs yazısını istintaqa da təqdim edib. Zərərçəkmiş iddia edir ki, təqsirləndirilən E.İbrahimovu uzun müddət deputat himayə edib: «Mən istintaqdan narazıyam. Əgər istintaq düzgün aparılsaydı, Elnur İbrahimovla yanaşı, Həbib Axundov da bu gün həbsdə olmalıydı. Məndən pulu o alıb, pulumu da ondan tələb edirəm».

***Buna da bax-'Prezidentə müraciət edəndə niyə Elmira Axundovadan icazə almalıyıq?'

F.Məmmədov onu da bildirib ki, E.Axundova və oğlundan müxtəlif dövlət orqanlarına şikayət edəndən sonra onun özünü ovaxtkı MTN-ə çağırıb, səkkiz saat orada saxlayıblar. Onun sözlərinə görə, MTN-də H.Axundovla aralarında üzləşmə olub: «Bu adamın məni aldatdığını sübut edən faktlarımı ortaya qoyandan sonra buraxdılar».

«Mən 450 minə zamin durmuşam»

H.Axundov da məhkəmədə zərərçəkmiş qismində ifadə verib. O, məhkəməyə çəliklə gəlib. Bildirib ki, səhhətində problemlər var.

H.Axundov istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib. Deyib ki, doğrudur, digər zərərçəkmiş F.Məmmədov təqsirləndirilən E.İbrahimova pulu onun vasitəsilə verib: «Mən Fərman Məmmədovun verdiyi 450 minə zamin durmuşam. O, məndən xəbərsiz də pul verib».

Deputat oğlunun sözlərinə görə, özü də təqsirləndirilən şəxsə 150 min pul verib, onun 120 minini E.İbrahimov qaytarıb.

H.Axundov hakimlərə deyib ki, səhhətindəki problemlərlə əlaqədar xarici ölkəyə gedib, əməliyyat olunmalıdır. Bu üzdən sonrakı məhkəmə iclaslarında iştirak edə bilməyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG