Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:16

'Demokratiya küçələrdə deyil, kafelərdə ərsəyə gəlib'


Varşavada kafe.
Varşavada kafe.

Şaxar Pinskerin «Yaxşı dəm: qəhvəxanalar müasir yəhudi mədəniyyətini necə yaradıb» (A Rich Brew: How Cafés Created Modern Jewish Culture) adlı kitabı son dərəcə əyləncəli olmaqla yanaşı, həm də dərin tədqiqat nəticəsində ərsəyə gəlib. Publisist Adam Qopnikin «The New Yorker» jurnalında dərc etdirdiyi məqalədə deyilir ki, özü yəhudi olan müəllif Varşavadan Nyu-Yorka qədər çox sayda kafeni gəzib və araşdırıb. Bununla yanaşı, kitab əslində abstrakt siyasi nəzəriyyənin empirik tədqiqatı haqdadır. Alman sosioloqu və filosofu Yurqen Habermasa aid bu nəzəriyyəyə görə, XVII və XVIII əsrin qəhvəxanaları və qəhvə salonları liberal maarifçiliyin əsasını qoymaqda müəyyən rol oynayıb.

Kafelər siyasi modernliyin mühüm ictimai institutlarıdır. Onlar həm də klan cəmiyyətindən kosmopolitan dünyaya aparan cığırdır. Demokratiya küçələrdə deyil, nəlbəkilər arasında ərsəyə gəlib.

Dövlətin birbaşa nəzarətindən kənarda olan ictimai məkanlar (o cümlədən qazanc üçün çalışan kommersiya məkanları) meydana gələndə vətəndaş cəmiyyəti heç kimin gözləmədiyi şəkildə çiçəklənməyə başladı. Pinsker öz kitabında yazır ki, bu, özünü həm də Avropa şəhərlərində kafelərin yayılmasında göstərib. Kafelərdə gedən söhbətlər heç də həmişə intellektual cəhətdən məhsuldar olmurdu. Ancaq azad fikir mübadiləsi praktikasının özü – aid olduğun klan və ya klubdan olmayan bir şəxslə bərabərhüquqlu ünsiyyət imkanı özünüifadə kimi mühüm ictimai vərdişi formalaşdırıb. Bu isə özünüidarənin tələbinə cavab vermək demək idi. Davamlı olaraq özlərini ifadə etmək vərdişi və özünüidarə barədə xəyalları olan yəhudilər üçün kafelər xüsusilə cəlbedici məkanlar idi.

Bir qəhvə qiymətinə

Bir zamanlar qəlyanaltı və qəhvəyə görə gedilən yerlər çox gözəl, geniş və dəbdəbəli idi. İsrailli Nobel mükafatı laureatı, əslən Qalisiyadan olan Şmuel Aqnon uşaq vaxtı Lvovda ilk dəfə kafeyə getmək təcrübəsindən yazır: «Tavandan asılan …çilçıraqlar, hər bir divardan parlayan lampalar, gündüz vaxtı yandırılmış elektrik işıqları, mərmər masaların parıltısı, məxmər kürsülərdə oturub qəzet oxuyan gözəl geyimli, yüksək ədalı insanlar. Onların başlarının üstündə isə zadəgan kimi geyinmiş ofisiantlar». Bütün bunlar bir qəhvə qiymətinə.

Hətta, məsələn, XIX əsrin modernist yazıçısı Peter Altenberq öz ünvanını «Vyana, Birinci rayon, kafe «Central»» kimi göstərirdi. Bu kafe, eyni zamanda, «siyasət məkanı» idi. Bura daim mühacir inqilabçılarla dolu olurdu. Bir məşhur hekayəyə görə, Avstriya-Macarıstan imperiyasının xarici işlər naziri Leopold Berxtold böyük müharibənin Rusiyada inqilaba yol açacağı barədə xəbərdar olunub. «İnqilaba kim başçılıq edəcək?», - deyə o soruşub. Cavab gəlib ki, «bəlkə də «Central» kafesində oturan cənab Bronşteyn». Həmin cənab Bronşteyn sonradan Lev Trotski təxəllüsünü götürüb və həqiqətən də inqilabın rəhbərlərindən biri olub.

Avropa kafeləri nə tam ictimai, nə də tamamilə özəl olan, inqilabi diskursun çiçəkləndiyi «üçüncü məkan»lar idi. Pinskerə görə, kafelər çoxlarının gizlənə bildiyi məkanlar idi. Burada heç kim sənin adını və siyasi baxışlarını bilmir. Vətənpərvər polyak yazıçısı öz həmfikirləri ilə Varşavadakı kafedə görüşə bilərdi. Burada onlar qəzet oxuya, planlar qura, şeir mübadiləsi edə və ya sadəcə, Parisə qaçmaq qərarı verə bilərdilər. Bir yəhudi yazıçısı isə eyni kafedə nə qədər polyak kimi görünəcəyinə, nə dərəcədə yəhudi qalacağına qərar verə bilərdi. Bu, onun necə geyinəcəyinə, kimlərlə oturub-duracağına, amma həm də hansı dildə və nə barədə yazacağına təsir edirdi. Eyni zamanda, Miçiqan Universitetində yəhudişünaslıqdan dərs deyən Pinsker yazır ki, Varşava kafeləri yəhudi ziyalılarının «başqalıq» və «fərqlilik» diskursunun mərkəzi idi.

Vahid ideallaşdırılmış qadın obrazı

XIX əsrdə şair Antoni Slonimski polyak dilində yazdığı bir şeirdə eyni zamanda həm İsrailə, həm də Polşaya sevgisini vahid ideallaşdırılmış qadın obrazında canlandırıb. («Sən mənim qarlı Livanımsan, qarasaç qız. …Bir öpüşünə iki vətənimi qurban verərəm») Polyak millətçiləri isə onun bu plüralist yanaşmasını xəyanət kimi yozurdular. Slonimski daim getdiyi kafedə bir sağçı polyak millətçinin hücumuna məruz qalıb.

Bu kafelərdə gedən söhbətlər mühacirət, sionizm, assimilyasiya, Amerikaya pənah aparmaq, vətəndə qalmaq ehtiyacı da daxil olmaqla, ən müxtəlif mövzularda olurdu. Berlində kafe mədəniyyətinin çiçəkləndiyi ilk illərdə bir jurnalist yazırdı ki, kafelər oxşarfikirli insanların görüş yeridir: «Öz işlərini və səhmlərinin vəziyyətini düşünən tacirlər…, ən son xəbərləri eşitməli və ən yeni qəzetləri oxumalı olan jurnalistlər, heç bir işlə məşğul olmayan, ancaq özünü vacib adam kimi göstərmək istəyən şəxslər, zabitlər, tələbələr, qısası, ictimai həyata hər hansı maraq göstərən hər kəsin».

Pinsker kitabın sonunda bizim post-«Starbucks» sivilizasiyasının itirilmiş kafe sivilizasiyası ilə fərqini göstərməyə çalışıb. Məsələ burasındadır ki, yuxarıda sözügedən klassik kafelərdə məqsəd dost-tanışla ünsiyyət idisə, «Starbucks»da kompüter arxasında işləməyin məqsədi heç vaxt yoldaşlarla ünsiyyətə girməməkdir. Gününü internetdə keçirən adam dostları, həmfikirləri və sevgililəri ilə əlaqədə olsa da, əslində, kafenin içində deyil. Müasir qəhvəxanalarda biz məkanı paylaşmırıq, onu kirayələyirik.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG