Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:02

«Dəmirbank»ın «Bayıl» (Səbail) filialına rəhbərlik etmiş Fərəh Rəşadətli həbs olunub. Olay noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Həmin məhkəmədə Fərəh Rəşadətli və onun rəhbərlik etdiyi filialda işləmiş daha iki əməkdaşın – xəzinədar Tamamgül Xanlarova Fariz Qarayevin mühakiməsi başlayıb. Sabiq filial müdirinə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Digər iki əməkdaş isə yalnız vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

Bu cinayət işində söhbət 3 milyon manatdan artıq mənimsəmədən gedir. Mənimsənilən vəsaitlər isə banka qoyulan əmanətlər olub. Müştərilər müqavilənin vaxtı çatanda əmanətlərini bankdan götürmək istəsələr də, pullar verilməyib. «Dəmirbank» rəhbərliyinə, Mərkəzi Banka və digər qurumlara şikayətlərdən sonra onlar hüquq-mühafizə orqanlarına müraciət ediblər.

İş üzrə 8 nəfər əmanətçi zərərçəkmiş qismində tanınıb. Onların arasında şəhid ailələri, o cümlədən mərhum şair Xəlil Rza Ulutürkün yaxınları da var.

Noyabrın 16-da məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən üç nəfərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onların üçünün də himayəsində azyaşlı uşaqları var.

Zərərçəkmişlər buna etiraz ediblər, Fərəh Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun həbs olunmasını istəyiblər.

Sabiq filial müdirinin vəkili isə bu cinayət işinin istintaqda hərtərəfli, obyektiv araşdırılmadığını deyib. Müdafiəçi cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması haqda vəsatət qaldırıb.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra zərərçəkmişlərin vəsatətini təmin edib – Fərəh Rəşadətli barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu iş üzrə məhkəmə baxışı noyabrın 21-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG