Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 17:32

‘Nazirlikdə işə düzəldəcəyinə söz vermişdi, aldatdı...’


Vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru işləmiş Asif Məmmədov indi həmin məhkəmədə təqsirləndirilən şəxs kimi hakim qarşısına çıxarılıb. O, dələduzluqda – işə düzəltmək adıyla adamların pulunu alıb onları aldatmaqda ittiham olunur. İş də İqtisadiyyat Nazirliyində olacaqmış...

Asif Məmmədov icra məmuru olandan sonra bir müddət də Binəqədi Rayon Polis İdarəsində müstəntiq köməkçisi işləyib. Zərərçəkən Naibə Piriyeva deyir ki, onu elə polis idarəsində işlədiyi dövrdə tanıyıb, pulu da onda verib.

“Samirə adlı qadın mənə qarşı dələduzluq etmişdi. Biz də Binəqədi rayon Polis İdarəsinə şikayət vermişdik. Bizim şikayətimizi araşdırmaq üçün Asif Məmmədova verdilər. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi düzgün araşdırdı, sonda da razı qaldıq. Amma Asifin özü sonradan mənə qarşı dələduzluq etdi. Samirə ilə bağlı iş araşdırılanda bəzən elə olurdu ki, mən və başqa zərərçəkənlər axşama qədər polis idarəsində olurduq. O zaman Asif özü yaxınlaşıb təklif elədi ki, maşını ilə bizi aparsın. Beləcə, onunla münasibət nisbətən yaxınlaşdı, oğlumla tanış oldu. Daha sonra anasını tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Mən Asifə “oğlum”, o da mənə “ana” deyirdi”, – zərərçəkən məhkəmədə ifadə verərkən danışıb.

Gah Rusiyada, gah Finlandiyada...

Zərərçəkən deyir ki, sonradan Asif Məmmədov ona oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəldəcəyinə söz verib. Bundan ötrü birinci dəfə 12 min, bir neçə gün sonra isə daha 3 manat pul alıb: “Amma iş alınmadı. Bir qədər keçəndən sonra mənə Whatsapp-da yazdı ki, “xala, iş həll olunur”.

Deyirdi ki, özü də ora düzəlmək istəyir. Sonra məndən daha 8 min dollar pul istədi. Oğlum razılaşmadı. Ona görə biz bu dəfə pulu notarial qaydada verdik. Sonra Asif məndən daha 500 manat pul aldı. Bu işə görə anasından da vasitəçi kimi istifadə edirdi. Asif məndən pul istəyəndə ona “yox” deyirdim. Anası zəng edib yalvarırdı ki, oğluna kömək edim, evlərini satıb pulumu qaytaracaqlar. Bir qədər keçəndən sonra Asif yoxa çıxdı, telefonlara da cavab vermədi”.

Naibə Piriyevanın sözlərinə görə, sonralar Asif ona gah Rusiyada, gah da Finlandiyada olduğunu deyirdi. Hətta ona 300 dollar pul göndərməsini də xahiş edib: “Deyirdi ki, Bakıya gəlib, evini satıb, pulumu qaytaracaq. Mən də inanıb lap axırda 300 dollar pul göndərdim, lakin sözünə əməl etmədi”.

Təqsirləndirilən Asif Məmmədov Naiba Piriyevadan pul aldığını inkar etmir. Amma o, həmin pulları borc aldığını deyir. Bildirir ki, Naibə Piriyevanın oğlunu işə düzəltmək adıyla alması haqda deyilənlər yalandır.

Asif Məmmədov məhkəmədə dələduzluq ittihamını qəbul etmədiyini və özünü təqsirli bilmədiyini deyib. Ona görə də məhkəmədə ondan öncə zərərçəkən dindirilib.

Naibə Piriyeva ifadə verəndə sabiq müstəntiq köməkçisini “dələduz” adlandırıb. Bu zaman onların arasında mübahisə yaranıb.

Məhkəmə dekabrın 18-də davam edəcək.

Bu iş üzrə daha bir zərərçəkən də var. Asif Məmmədovun Ələkbər Zeynalov adlı başqa bir zərərçəkəni də işə düzəltmək adıyla pul alıb aldatdığı iddia olunur.

Vaxtilə həm də Salyan rayon Məhkəməsində icra məmuru olan A.Məmmədov indi zərərçəkən qismində tanınan şəxslərin şikayəti əsasında saxlanılıb. Ona CM-in 34, 312 (rüşvətə təhrik etmə), 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib.

Qanunda xeyli miqdarda ziyan vurmaqla və təkrar dələduzluğa görə 4 min manatdan 7 minə qədər cərimə, üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilə qədər həbs nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG