Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Robert De Niro-nun Trump-dan niyə zəhləsi gedir?


Robert de Niro anti-Trump mitinqində çıxış edərkən
Robert de Niro anti-Trump mitinqində çıxış edərkən

Aktyor Robert De Niro son 10 ildə iyirmidən artıq tammetrajlı filmə çəkilib. Onun həmtəsisçisi olduğu Tribeca Film Festivalı artıq 18-ci ilinə keçib.Aktyor həm də populyar “Saturday Night Live” proqramında Robert Mueller-i (Prezident Donald Trump-ın seçki kampaniyasının Rusiya ilə mümkün işbirliyini araşdıran xüsusi prokuror – red.) oynayır.

Onun Manhettenin mərkəzindəki Bob Rou adlı yerdə, Tribeca Film Mərkəzi yaxınlığında iki şərikli restoranı da var: Nobu və Tribeca Grill.

Oktyabrın 25-də məhz onun həmin bu mərkəzdəki ofisinə içində bomba olan bağlama gəlmişdi. O günlərdə tanınmış demokratlara və prezidentin tənqidçilərinə belə bağlamalar göndərilirdi.

“PİS YUXUNUN BİTMƏSİNİ GÖZLƏYİRƏM”

“O qədər başdanxarab adam var ki. Bu qədər pis örnək olan və pis davranış göstərən insanla (prezident nəzərdə tutulur – tərc.) ölkənin vəziyyəti indi çox dəhşətlidir. Mən bu pis yuxunun bitməsini gözləyirəm”, – aktyor “New Yorker” jurnalına müsahibəsində deyir.

“O elə bilir ki, qoçudur. Ancaq o gicbəsərdir. Mən bunu əvvəl də demişəm. Özü də açıq demişəm. Özü də onun başqa adamlar, onların əzvay olması, … haqda dediyi hər şeyi, bütün o pis sözləri – o əslində özü haqda deyir. Mən bilmirəm onun valideynləri ona nə ediblər, onunla necə rəftar ediblər, ancaq bunların hamısı proyeksiyadır”, – o deyir.

Ölkədə Trump-ı bəyənən çox adam həm də De Nironu sevir. Yaşlı ağdərili kişilər prezident Trump-ı bəyənirlər. Onlar Trump-da Vito Corleone və Jake LaMotta kimi sərt qəhrəmanlarda gördükləri xüsusiyyətləri axtarırlar. Jurnalın bu haqda sualına aktyor belə cavab verib:

“Burada fərq var. O təmsil etmir. O bunu edirmiş kimi oynamağı xoşlayır. Çox adam onun o səfeh şousuna inanıb onun müəyyən tərzdə davranacağını düşünürdü. Hətta mən bir sənədli filmdə həmin auranı, görkəmi, ofisi, təqdimatı və hər şeyi yaradan iki …yazarın “bunu biz yaratmışıq” deməsini xatırlayıram. İndi isə o, reallığa çevrilib və real qərarlar verməlidir. …Bəli, mənim yaratdığım surətlərlə oxşarlıq var. Ancaq mən aktyoram. Onlar da oynadığım surətlərdir”.

Robert De Niro bir dəfə bir beysbol oyununda Trump-la üz-üzə də gəlibmiş. Aktyorun uşaqları ilə gəldiyi yarışda Trump onun oturduğu yerə gəlib, salamlaşıb və əlini sıxıb. Ancaq aktyor heç vaxt onunla görüşmək istəmədiyini deyir.

“ÖLKƏNİ BİR SƏFEH İDARƏ EDİR”

“Özəl sektora gedib hüquq şirkətində və s. daha çox pul qazana bilən respublikaçılar bunun əvəzində bu cinayətkarla bir yerdə qalmağı seçib özlərini satırlar. Onunla bir olan hər kəs ləkələnib, insanlar bunu heç vaxt unutmayacaqlar. Təkcə (müdafiə naziri James) Mattis bir az normal idi, o da o gün Meksika sərhədinə gedib Panço Villa nağılı danışmağa çalışıb (Söhbət 100 il öncə prezident Vilsonun Panço Villa adlı meksikalı inqilabçının qüvvələrini sərhəddə saxlamasından gedir. – tərc.) Mənə pis təsir etdi, çünki ona böyük hörmətim var, hamımızın hörməti var.

…Mən onu qınamıram. Onun getməsi (Mattis vəzifəsindən istefa verib) təhlükəlidir. Bu ölkə böhran içindədir. Ölkəni bir səfeh idarə edir. Mattis kimi bir adam gedirsə, biz çox şeydən narahat olmalıyıq. Mən bizim bu adamla daha iki il necə davam edəcəyimizi təsəvvür etmirəm”.

Müşahidəçilər Robert De Niroya bomba göndərilməsini onun Tony mükafatının təqdimetmə mərasimində Trump haqda işlətdiyi sözlərlə əlaqələndirirlər.

Aktyor bunun planlaşdırılmadan, bədahətən baş verdiyini deyir.

“Məncə, daha çox insan ona qarşı ucadan danışmalı və bu mövzuda nəzakətli olmamalıdır. Mən Tribeca-da dedim ki, bu mövzuda nəzakətli olmaqdan yorulmuşam”, – o deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG