Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:29

Daxili İşlər Nazirliyinin ləğv olunan şirkətə verdiyi sifariş AzadlıqRadiosunun araşdırmasıyla ləğv edildi

Naxçıvan, Qəbələ, Bakıda müxtəlif sahələri əhatə edən şirkətlər sahibi dövlət qurumlarının sifarişlərini əldə edir. Hətta özünün işləmədiyi sahələrdə də. Ötən ilin sonunda isə hətta ləğv etmə prosesində olan şirkət də Daxili İşlər Nazirliyinin tenderini udub. Amma bu sifarişdən kam almaq tərəflərə nəsib olmayıb. AzadlıqRadiosu suallar verməyə başladığı üçün...

Heç can üstə olan birinə toy tədarükü edildiyini eşidib-görmüsünüz? «Bu nə sözdür» deyib təəccüblənə bilərsiniz. Azərbaycanda buna bənzər bir olay yaşanıb. Düzdür, burada söhbət hansısa adamdan deyil, hüquqi şəxsdən, yəni şirkətdən gedir. Həmin şirkət bir tərəfdən ləğv olunur, o yandan da dövlət qurumunun mal alışı ilə bağlı tenderinə qatılaraq qalib gəlir.

DİN-in internet səhifəsində sözügedən tender qalibi ilə bağlı məlumat
DİN-in internet səhifəsində sözügedən tender qalibi ilə bağlı məlumat

«Sarar İstehsalat Məmulatları» Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat İdarəsinin 7 lotdan (hissə) ibarət tenderinin 5-nin qalibi elan olunub.

Tenderin nəticəsinin isti izləriylə...

Ötən ilin oktyabrında elan edilən və dekabrda baş tutmuş bu tenderdə nazirlik alt və üst geyimləri, furajka və papaqlar, çəkmə və ayaqqabı, qayış və xüsusi kəmərləri, eləcə də yataq ləvazimatının təchizatını, bağlanacaq müqavilələrin məbləğini açıqlamağa lüzum görmədən, bu şirkətə tapşırmışdı. Tenderə qatılmaq üçün şirkət 10 min manatdan çox iştirak haqqı ödəmişdi.

AzadlıqRadiosu bu və digər qalib şirkətləri «saf-çürük» edərkən maraqlı faktla üzləşib. Məlum olub ki, qalib elan olunmuş «Sarar İstehsalat Məmulatları» MMC ləğv prosesindədir.

Ləğv olunan tender
Ləğv olunan tender

Yeni möhür, üstündə də «Ləğv prosesindədir» qeydi

Hüquqşünas Ramil Süleymanov deyir ki, ləğvetmə prosesində olan bir şirkətin dövlət təşkilatının tenderində qalib elan edilməsi ya biznes qurumunun sağlamlaşdırılması xatirinə edilir, ya da ki, həmin dövlət təşkilatında korrupsiya risklərinin önlənməsində ciddi problemlər var.

«Ləğvetmə posesini yaşayan bir şirkətin aktiv təsərrüfat fəaliyyəti ilə məşğul olması, xüsusilə dövlət satınalmalarına girməsi və müəyyən öhdəliklər götürməsi ləğvetmə orqanının səlahiyyətlərindən kənardır və əslində, şirkətin payçılarını yeni risklər qarşısında qoyur. Çünki, öhdəliklərin icrası ilə bağlı şirkət çətinliyə düşə və daha ağır zərərə uğraya bilər. Bununla yanaşı, onu da xüsusi qeyd etməliyəm ki, qanunvericilikdə ləğvetmə prosesində olan şirkətin biznes fəaliyyətini qadağan edən imperativ norma yoxdur». Hüquqşünas belə deyir.

Ləğvetmə prosesi barədə təcrübələrindən danışarkən Ramil Süleymanov bunu incələyir: birinci mərhələdə məlumat mediada dərc olunur. Hər kəs görür ki, şirkət fəaliyyətinə xitam verir. Şirkət kreditorlarına məlumat göndərərək, onları bu haqda xəbərdar edir. Vergilər Nazirliyi də yazılı şəkildə məlumatlandırlır.

«Nazirliyə təqdim olunan sənədlər arasında şirkətin möhürü olur. İşdir, ləğvetmə prosesində olan şirkət hansısa bir iş görmək istəyərsə, o zaman ona üzərində “ləğv prosesindədir” qeydi olan başqa bir möhür hazırlamaq hüququ verilir».

Hüquqşünas Ramil Süleymanov, 2017
Hüquqşünas Ramil Süleymanov, 2017

Hüquqşünas deyir ki, bir qayda olaraq, şirkətin ləğvetmə orqanına iki vəzifə həvalə olunur: ləğvetmə ilə bağlı vergi və sosial sığorta öhdəliklərin tamamlanması da daxil olmaqla sənədləşdirmə, qiymətləşdirmə, kənar auditin təşkili və balansların tərtibi, həmçinin, debitor və kreditorlarla hesablaşmaların aparılması. Bu orqan sonucda şirkətin payçılarına çatan əmlakı da bölüşdürür. Bu səbəbdən tenderə qatılmaq kimi məsuliyyətli bir işə girişməyi Ramil Süleymanov hüquqi baxımdan izah etməkdə çətinlik çəkdiyini söyləyib.

Nazirlik tenderin nəticəsini ləğv etdi

DİN-in Maddi-Texniki Təminat İdarəsindən AzadlıqRadiosunun tenderdə qalib elan edilmiş «Sarar İstehsalat Məmulatları» MMC-yə dair sorğusuna cavab özünü çox gözlətmədi. İdarənin rəis müavini Zahid Sarıyevin məktubda yazır:

«Sarar İstehsalat Məmulatları» MMC» 17 fevral tarixində ləğv edildiyindən, bağlanmış müqavilə xitam edilmiş, yeni satınalma proseduru keçirilmişdir».

Daxili İşlər Nazirliyi belə deyir. Amma dövlət satınalmalarının qeydə alındığı tender.gov.az saytında yeni sifariş barədə heç bir məlumat yoxdur.

Şirkətin sahibi danışır: «Türk brendi idi»

Bu və digər suallara aydınlıq gətirmək üçün AzadlıqRadiosu «Sarar İstehsalat Məmulatları» MMC-nin təsisçisi və direktoru Nəsimi Cəfərova müraciət edib.

"Azadliq Radiosu", loqo
"Azadliq Radiosu", loqo

- Nəsimi bəy, şirkətinizin ləğvi nə ilə bağlıdır?

- Şirkət ləğvetmə prosesindədir. Yeni müəssisə yaratmışıq. Köhnəsini adına görə ləğv edirik. Xalça fabriki qurmuşuq. İstədik, onu Sarar brendi kimi təqdim edək. Sonra gördük ki, bu, türk brendidir, yanlış anlaşılmasın deyə, adını dəyişdik, başqa şirkət qurduq. Yeni məhsullarımız «Barama» nişanıyla buraxılacaq.

- Yeni müəssisə harada qurulub?

- Fabrik Bakıdadır. Şirkətin qeydiyyatı isə Qəbələyədir. Fabrikin açılışı yaxın günlərə nəzərdə tutulur. Xalça, eləcə də tekstil məmulatı istehsal edəcəyik. Bunu üçün biz ən müasir avadanlıqlar almışıq.

- Biz, yəni kim? Müəssisə kimindir?

- Müəssisə mənimdir.

- Bakıda, Nəvai küçəsindəki iplik fabriki də sizindir?

- Orada tekstil yox, sintefon fabriki var. O da mənə məxsusdur. Azərbaycanda üst geyim mallarının tikilməsində istifadə edilən sintefonun tək istehsalçısı bizik.

- Şirkətiniz Daxili İşlər Nazirliyinin tenderində iştirak etmiş və qalib gəlmişdi...

- Bəli, o tenderi biz udmuşduq.

- Şirkətiniz ləğv olunur, bir tərəfdən də tenderə qatılırsınız. Bu, bir qədər qəribə deyilmi?

- Tenderə qatılarkən hələ ləğv qərarı yoxuydu. Ləğv məsələsi isə, yuxarıda dediyim ki, brendə görə idi. Tenderdən bizi qovdular.Dedilər ki, şirkəti bağlayırsıznızsa, kənarlaşmalısız. Hə, sizin təsiriniz olmuşdu bu məsələdə... (AzadlıqRadiosunun məktubunu nəzərdə tutur – red.)

- Nəsimi bəy, gəlin başqa mövzuya keçək. Digər sahələrdə də bizneslə məşğulsunuzmu? Məsələn, Sarar şirkətinin mətbəəsi varmı?

- Yox, mətbəəmiz yoxdur. Mal gətirib satarıq. Pul harada varsa, oradayıq.

- Amma mən baxıram, dövlət təşkilatlarından birinin mətbəə xərcləri ilə bağlı tenderə qatılıb qalib gəlmisiniz...

- Alıb vermişik. Sifarişi alıb mətbəəyə vermişik. Problem var? Elə şey etmək olmaz? Aşağı qiymət təklif ediriksə, niyə də verməsinlər?

- İxtisas uyğunluğu varsa, təbii, qatıla bilərsiniz. Reklam-çap materialları üzrə tenderdə qalib gəlmisiniz?

- Dedim axı, alıb vermişik. Dostumun mətbəəsi var.Çox ucuz çap etdirir.

- Hansı mətbəədir?

- Qoyun bu gizli qalsın. Hər şeyi bilmək istəyirsiz. Bütün sirlərimi açsam, bu, şirkət olmadı ki... Kommersiya sirlərimin hamısını açım sizə deyim?

- Qəbələdə yeni yaradılmış “Sarar İstehsal Malları” MMC var.

- O da bizim müəssisədir. Hələ ki fəaliyyəti yoxdur. O, tikinti sektorunda işləyəcək. Qəbələdə qurulmağına gəlincə, orada dövlət reyestrindən çıxarışı olan obyektim var. Yeni müəssisəyə hüquqi ünvan da ora verilib. Naxçıvanda da fəaliyyətimiz davam edir.

- “Barama-N” MMC-ni nəzərdə tutursuz? O nə işlə məşğul olacaq?

- O tekstil sənayesində əvvəlki işimizi davam etdirəcək. Naxçıvandakı, Bakıdakı sexlərimizlə tanış olmaq istəyirsinizsə, məmnuniyyətlə sizi dəvət edirəm.

- Ayaqqabı istehsalçısınız?

- Suraxanıda ayaqqabı fabrikim var. Başmaqdan tutmuş ayaqqabıya kimi istehsal edirik. Mən hələ 1995-ci ildən istehsal sektorundayam. O vaxtdan güc strukturlarınınvə başqalarının sifarişlərini yerinə yetirirəm.

Tender gedə-gedə şirkətin ləğv qərarı açıqlanıb

"Şərq qapısı" qəzeti, 12 mart 2017
"Şərq qapısı" qəzeti, 12 mart 2017

Rəsmi KİV-də («Şərq Qapısı» qəzeti) və kommersiya təşkilatlarının dövlət reyestrində olan məlumatları təhlil etdikdə görünür ki, «Sarar İstehsalat Məmulatları» MMC-nin hüquqi statusu ətrafında proseslər hələ ötən ilin sentyabrında, yəni DİN-in Maddi-Texniki Təminat İdarəsi hələ tender elan etməmişdən öncə başlamışdı. Şirkət sentyabrın 20-də adının dəyişdirilədək «Barama» MMC adlandırıldığını elan edib. Amma görünən budur ki, addəyişmə niyyəti baş tutmayıb.

Oktyabr ayının 25-də «Sarar İstehsal Malları» MMC, noyabrın 21-də isə «Barama-N» MMC təsis olunub. «Sarar İstehsalat Məmulatları» MMC-nin ləğvi haqqında qərar isə tender başa çataçatda – yanvarın 17-də açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG