Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:31

Daşkəsənli müxalifətçi başçı Əhəd Abıyevdən şikayətçidir


Elşad Qafarov
Elşad Qafarov

Daşkəsənli müxalifətçi, Ədalət Partiyasının rayon təşkilatının sədri Elşad Qafarov icra başçısı Əhəd Abıyevin ona təzyiq göstərdiyini, birbaşa göstərişi ilə haqqında cinayət işi qaldırıldığını iddia edir. Qafarov tutduğu siyasi mövqeyə görə özünün və oğlunun işdən çıxarıldığını, qızının dərs saatlarının azaldıldığını bildirir.

Üç ay öncə onun barəsində CM-nin 220.1 - xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Bundan sonra 8 ay müddətinə azadlıqdan məhrum edilib. Amma Gəncə Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını 8 aydan 3 aya endirib.

«DEDİ, SİYASƏTDƏN UZAQLAŞ»

Elşad Qafarovun sözlərinə görə, oktyabrın 27-də azadlığa çıxdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev onu «təkidlə» yanına çağırtdırıb. Müxalifətçi başçının ona partiyadan çıxması ilə bağlı təzyiq göstərdiyini bildirir: «Mənə dedi ki, siyasətdən uzaqlaş, partiyanın əleyhinə bəyanat ver, partiya biletini də cır tulla və keç biz tərəfə. Mən etiraz etdim. O da otaqda olan rayon polis idarəsinin rəisinə mənim qısa zamanda həbs edilməyimlə bağlı göstəriş verdi».

Elşad Qafarov noyabrın 29-da DYP əməkdaşları tərəfindən saxlanıldığını, ona avtomobilinə həbs qoyulması haqda məlumat verildiyini söyləyir: «Məni şöbəyə apardılar. Maşına həbs qoydular. Məni də polisə müqavimət göstərməkdə ittiham etdilər. Guya polis deyib ki, şöbəyə gedək, mən də etiraz etmişəm, nalayiq sözlər işlətmişəm. İş göndərildi məhkəməyə. Ancaq vəkilim olmadığı üçün etiraz etdim. Hakim dekabrın 2-dək möhlət verdi və məni sərbəst buraxdı. Daşkəsəndə də vəkil yoxdur, çıxılmaz duruma düşmüşəm».

Elşad Qafarov icra başçısının ona göstərdiyi təzyiqlər haqda rəsmi qurumlara müraciət etdikdə yenidən təzyiqlərlə üzləşdiyini bildirir.

«BİR DƏFƏ GƏLMƏYİB Kİ. ÇOX GƏLİB»

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin köməkçisi Pərviz Rəhimli AzadlıqRadiosuna deyilənləri təkzib edib. O, Abıyevin müxalifətçiyə cinayət işi açılması məqsədilə tapşırıq verməsi barədə deyilənləri «əsassız» adlandırıb.

Köməkçi başçının Elşad Qafarovu yanına çağırtdırması haqda dediklərini də rədd edib: «Onu başçı heç vaxt çağırtdırmayıb, özü qəbula gəlib. Özü də çox vaxt uşaqlarını işə qoydurmağa gəlib. Qızını bir məktəbə müəllimə düzəltdirib, oğlunu başqa məktəbə. Bir dəfə gəlməyib ki. Çox gəlib».

Pərviz Rəhimli beynəlxalq layihə çərçivəsində rayona su və kanalizasiya xətti çəkilərkən Elşad Qafarovun qalmaqal yaratdığını iddia edir: «Beynəlxalq layihədir, onun qohumunun həyətindən bununla bağlı boru keçməlidir. Ancaq icazə vermirdi, su çəkənlərin traktorunu sındırmışdı, işçilərə hücum etmişdi ki, torpağı bizdən alın, sonra boru çəkin. Bununla icra başçısının nə əlaqəsi?..».

Elşad Qafarov isə bibisinin həyətindən keçən boruya görə təzminat istədiklərini, amma onun ödənmədiyini, üstəlik də bu səbəbdən «xuliqanlıq» maddəsi ilə bir neçə ay həbs cəzası aldığını söyləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG