Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:09

Daşkəsənin Alaxançallı kəndində hökumətə dikilən gözlər


Sel Daşkəsəndə evləri dağıdıb, camaat kömək istəyir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Sel Daşkəsəndə evləri dağıdıb, camaat kömək istəyir

"Balamın canı deyirəm, elə vaxtlar olur ki, unumuz, dənimiz qurtarır, marşrut olmadığı üçün gedib ala da bilmirik".

Daşkəsənin Alaxançallı kəndinin sakinləri iyunun 10-da baş vermiş selin fəsadları ilə hələ də üz-üzədirlər. Yolları keçilməz, suları kəsik, evləri dağınıq…, marşrut da yoxdur.

Kəndlilər deyir ki, seldən sonrakı bir neçə gün istisna olmaqla onlarla nə maraqlanan var, nə də problemlərinin həllinə yol göstərən.

Uşağı kəndin ayağına qədər atla gətirməli olurlar

Demələrinə görə, kənd sakini Qüdrət Məmmədovun ailəsinin vəziyyəti daha acınacaqlıdır. Bildirildiyinə görə, ailənin övladı Xəyal dializ xəstəsidir, günaşırı dializ üçün Gəncəyə getməlidir. Ailənin evi kəndin qurtaracağındadır. Vurğulandığına görə, selin yuyub gətirdiyi daşlar yolu maşınlar üçün keçilməz etdiyinə görə uşağı kəndin ayağına qədər atla gətirməli olurlar. Marşrut olmadığı üçün isə taksiylə Gəncəyə gedirlər.

Selin gətirdiyi daşlar kəndin digər tərəfinə keçidi məhdudlaşdırıb
Selin gətirdiyi daşlar kəndin digər tərəfinə keçidi məhdudlaşdırıb

Q.Məmmədov da deyir ki, kənd marşrutunu sel aparandan sonra artan yol xərclərini birtəhər ödəyə bilir, amma övladının at üstündə ağrıyaraq getməsini ürəyi götürmür: "Əvvəl xərcimiz 20 manat idi, indi hər gedib-gələndə 40 manata yaxın xərcimiz çıxır. Xərc o yana qalsın, heç olmasa, yol açılsaydı, övladım rahat gedərdi".

Murad Alıyev isə deyir ki, təsərrüfatı olanlar ağlar günə qalıb: "Balamın canı deyirəm, elə vaxtlar olur ki, unumuz, dənimiz qurtarır, marşrut olmadığı üçün gedib ala da bilmirik. Kəndin ortasında selin daşları topaladığı yolu açmırlar".

Bərpa prosesi ayyarım, iki ay çəkə bilər

Daşkəsən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev isə deyib ki, yollarla bağlı məsələ gündəmdədir, iş gedir: "Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öz işini görür. Körpülərin bərpasına da başlanılıb. Bərpa prosesi bir ay 15 gün, iki ay çəkə bilər".

Çayın üzərindəki körpüləri sel aparıb, keçid çətinləşib
Çayın üzərindəki körpüləri sel aparıb, keçid çətinləşib

Sakinlərdən M.Alıyev isə əlavə edir ki, Kəlbəcərə çəkilən işıq dirəklərinə baxmağa gələn "Azərişıq" işçiləri yolları müəyyən qədər təmizləyib, lakin təkrar yağan güclü leysan vəziyyəti əvvəlki hala gətirib: "Rayondan köməkliyimiz yoxdur. Yalnız bir boru gətirib salıblar, torpaq töküblər üstünə. Onun da üstünü təzə yağan yağış yuyub aparır. Camaat toplaşıb düzəldir".

"Müvəqqəti qardaşımgildə qalırıq"

"Evimiz yaşanmaz halda olduğu üçün müvəqqəti olaraq qardaşımgildə qalırıq. Orada ki, çayın o biri tərəfidir. Yaşlı atamın gəliş-gedişi çətindir. Nazik bir körpü var, oradan keçmək də atam üçün problemdir", - Yasin Əliyev belə deyir.

Süleyman Alıyevin də evlərini sel yuyub, avtomobillərini aparıb. O, da lazımı diqqətin olmadığını söyləyir: "Atam icra başçısının müavininə müraciət edib. Deyib ki, ərizə yazın. Yazmışıq, amma heç bir köməklik edilməyib".

Yasin Əliyevgilin selin dağıtdığı evi və tövləsi
Yasin Əliyevgilin selin dağıtdığı evi və tövləsi

"Lazım olan məlumatları vermişik, gözləyirik"

Daşkəsən rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Elmar Əliyevin verdiyi məlumata görə isə, sellə bağlı rayon Fövqəladə Hallar Komissiyası Nazirlər Kabinetinə müraciət edib. Vurğulamasına görə, onlar da göndəriləcək müvafiq yardımı gözləyirlər: "Ən əsası, sakinlərin daha çox narazılığına səbəb olan dam örtükləridir. Kəndə yağan intensiv leysan dolu ilə müşayiət olunmuşdu, bu da evlərin dam örtüklərini sıradan çıxarıb. Düzdür, bununla bağlı müəyyən normativlər istənilir, məsələn, sığorta. Amma bu dağıntılar təbii fəlakətlə baş verdiyi üçün məsələ bir az fərqlidir".

O deyir ki, yardım onların səlahiyyəti daxilində deyil: "Biz lazım olan məlumatları vermişik, gözləyirik. Evləri yaşanmaz halda olan sakinlərin problemləri də müraciətimizdə yer alır".

AAYDA-nın düzəltdiyi yol
AAYDA-nın düzəltdiyi yol

"Qazancımız marşrutdan çıxırdı, onu da sel aparıb"

Marşrut məsələsinə gəldikdə isə, Məmməd Alıyev qardaşıyla birgə şəxsi mikroavtobusları ilə bu işlə məşğul olublar. Deyir, rayon avtovağzalında da qeydiyyatdan keçiblər. Sel ikisinin də maşınını yararsız hala salıb: "Qazancımız marşrutdan çıxırdı, onu da sel aparıb. Başqa iş yerimiz də yoxdur, marşrut xətti də boş qalıb. Maşının icbari sığortası var idi. Onlar mənə dedilər ki, biz sel aparan maşına dəyən zərəri ödəmirik. İllik 140-150 manat da pul ödəyirdik".

Nazirlər Kabinetinə suallar var…

Sadalanan problemlərlə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlamağa çalışdıq. İsrarlı zənglərimizə baxmayaraq, onunla danışmaq isə mümkün olmadı.

XS
SM
MD
LG