Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 08:19

Bahalı evlərin satış elanları artıb


Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"

«Evimi bir milyon 200 min manata satıram. Belə baxanda elə də çox pul deyil. Hər şeyi var. Üçmərtəbəlidir, altındakı zirzəminin özü də bir evdir».

Badamdar qəsəbəsindəki üçmərtəbəli evini satışa çıxaran Vilayət Tağıyev deyir ki, evini satıb özünə və oğluna dəyəri 150 min manatdan baha olmayan ev alacaq, qalanınısa iş qurmağa yönəldəcək. Düzdür, bu işin nədən ibarət olduğunu hələ özü də müəyyənləşdirməyib.

«ƏSLİNDƏ, BAHA DEYİL»

İndi əmlak alqı-satqısı ilə bağlı elanlarda daha çox bahalı evlərin satış məlumatına rast gəlinir. Bunlar qiyməti bir milyon manatdan baha, daha çox şəhərə yaxın ərazilərdəki 2-3 mərtəbəli villalar, ya da şəhər içində, qiyməti 300-600 min manat civarında olan yeni tikililərdəki mənzillərdir. Ev alqı-satqısını aparan Gülnarə adlı ev dəllalı deyir ki, indi belə mənzillərin satışı çoxalıb. Onun satışına vasitəçilik etdiyi həmin mənzillərdən birinin qiyməti 550 min manatdır: «Bakı şəhərində ən bahalı binalardandır. 250 kvadratmetrdir, 4 otaqdır. Əslində, baha deyil».

Ev dəllalları satışı artan evlərin metronun «28 May», «Sahil», «Nərimanov» stansiyaları ətrafında yerləşdiyini deyirlər...

Ev
Ev

«BAZARDA DURĞUNLUQDUR»

«MBA Consulting Group» şirkəti daşınmaz əmlak şöbəsinin müdiri Bahadur İbrahimov son bir ildə əmlak bazarında elə bir dəyişiklik görmür. Onun fikrincə, durğunluq davam edir, üstəlik, əhalidə də təlaş içindədir: «Bazar bir il əvvəl necəydisə, indi də elədir. Sadəcə, camaatda dolların qalxmağına görə panika yaranıb. Satışı saxlayan saxlayır, saxlamayan da satıb pulunu dollara çevirmək istəyir. Bazara gəlincə, yenə deyirəm, durğunluqdur, özü də çox pis durğunluqdur. Hələ bu axırıncı 10-15 ildə bazarda belə durğunluq olmamışdı. Satmaq istəyənlərin də hərəsinin öz dərdi var. Biri evini satıb iki uşaq arasında bölür, biri bir başqa səbəbə görə, hərə bir dərddən satır. Ya da artıq evi var, böyükhəcmli evdir deyə, kirayə vermək sərf eləmir və satıb iki kiçikhəcmli ev alır ki, ikisindən birini kirayəyə versin və pulunu götürsün. Belə evlərin qiyməti yeni tikililərdə 300-400 min manat civarındadır. Layihədən asılı olaraq, köhnə tikililərdə 130-170 min manat arasındadır».

Qadir İbrahimli
Qadir İbrahimli

«BU DÖVRÜN REALLIĞIDIR»

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Qadir İbrahimli deyir ki, son vaxtlar satışa daha çox çıxarılan bahalı evlərin sahibləri məişət və biznes problemlərinə görə belə davranırlar: «Son 10 ildə Azərbaycanda tikilən yeni binaların əksəriyyətini evi olan adamlar əldə edib. İkinci, üçüncü mənzildən başqa 4-cü, 5-ci, 6-cı mənzilini alanlar vardı. Yox, insanlar mənzil kolleksiyası toplamaq xəstəliyinə tutululmamışdılar. Sadəcə, Azərbaycanın biznes mühiti elədir ki, monopoliya üzündən həmin vəsaiti hansısa biznesə yatırmaq imkanları məhdud idi. Onlar da əldə etdikləri gəliri biznesə yox, daşınmaz əmlaka yatırırdılar. İndiki böhran dövründə həmin təbəqənin də gəlirləri azaldığından, 150 minlik evini satıb biznesə qoyur. Bu, dövrün reallığıdır».

Ramil Osmanlı
Ramil Osmanlı

«BU CÜR SATIŞLAR GƏLƏN İLİN ORTALARINADƏK BİR QƏDƏR DƏ ARTACAQ»

«Əmlak» Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, əvvəllər bahalı ev mülkiyyətçiləri ev satışını ictimailəşdirmək istəmirdilər. İndi belə problem yoxdur. Hətta 5 milyonluq əmlak elanları da rahatca elanlarda yerləşdirilir: «Həmin əmlak sahibləri düşünürlər ki, əlavə xərc hesabına onu saxlamağa dəyməz. Onlar bu əmlakları satışa çıxarmağı ən optimal variant sayırlar. Yəqin ki, belə satışlar gələn ilin ortalarınadək qədər bir qədər də artacaq. Bir neçə yaşayış sahəsi olan insanlar özlərinə lazım olmayan hissələri satışa çıxaracaqlar».

Ekspertlərin müşahidəsinə görə, bahalı əmlakın satışı bir ildən çox, hətta 2-3 il çəkir.

XS
SM
MD
LG