Danimarkanın paytaxtı Kopenhagendə iki etirazçı müsəlmanların müqəddəs kitabı Quranı yandırıb.
Hər ikisi “Danimarka vətənpərvərləri” adlı ifrat sağçı qruplaşmanın üzvü olan etirazçılar aksiyanı İraq səfirliyinin qarşısında keçiriblər.
Etirazçıların hakimiyyətdən hər hansı tələblərinin olub-olmadığı məlum deyil.
Bu artıq bir həftə ərzində “Danimarka vətənpərvərləri” qruplaşmasının keçirdiyi ikinci belə aksiyadır.
Ötən cümə günü qruplaşmanın fəalları İraq səfirliyinin qarşısında Quranı yandırmış və İraq bayrağını tapdamışdılar.
Qanunla qadağan deyil
O vaxt Danimarkanın xarici işlər naziri Lars Rasmussen Quranın yandırılmasını “səfehlik və küfr” adlandırmış, millətçiləri tənqid etmiş, amma bildirmişdi ki, dini ədəbiyyatın yandırılması onun ölkəsinin qanunları ilə qadağan deyil.
Ötən həftə baş vermiş bu hadisə Bağdadda kütləvi etirazlara təkan vermişdi. Minədək etirazçı Danimarkanın Bağdaddakı səfirliyi qarşısına toplaşaraq dini şüarlar səsləndirmişdilər.
Bəsrə şəhərində isə etirazçılar Danimarkanın qaçqınlarla iş missiyasının binasını yandırmışdılar.
İraq prezidenti Abdel Lətif Rəşid beynəlxalq təşkilatlara və Qərb hökumətlərinə müraciət edərək “təxribatların və nifrətin qızışdırılmasının dayandırılmasını” tələb etmişdi.