Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44

Danimarkada Quran yandırmağa görə həbsxana cəzası təklif ediləcək


Soldan sağa: Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, ədliyyə naziri Peter Hummelqaard və baş nazirin müavini Yakob Ellemann-Yensen Avqustun 25-də mətbuat konfransında
Soldan sağa: Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen, ədliyyə naziri Peter Hummelqaard və baş nazirin müavini Yakob Ellemann-Yensen Avqustun 25-də mətbuat konfransında

Danimarka hökuməti avqustun 25-də bildirib ki, ölkədə hər hansı müqəddəs kitabın yararsız hala salınmasını qadağan edən qanun layihəsi təqdim edəcək.

Associated Press (AP) agentliyi xatırladır ki, Danimarkada müsəlmanların müqəddəs kitabı Quranın “bir ovuc anti-İslam fəalı” tərəfindən yandırılması halları artıb və bu müsəlman ölkələrində hiddətli nümayişlərə səbəb olub.

Hökumətin bəyanatında deyilir ki, Danimarkaya hazırda “başqa ölkələrin mədəniyyət, din və ənənələrinin təhqir olunduğu və böhtan atıldığı ölkə kimi baxılır”.

AP yazır ki, Danimarka hökuməti ölkənin xarici bayraqların yandırılmasını qadağan edən qanununun genişləndirilməsini və onun dini icmalar üçün dini əhəmiyyəti olan predmetlərə qarşı təhqiramiz hərəkətlərə şamil edilməsini istəyir.

Ölkənin ədliyyə naziri Peter Hummelqaard bu barədə deyib:

“Qanun, məsələn Quranın və ya İncilin ictimaiyyət qarşısında yandırılmasını cinayət əməli hesab edəcək. Qanun yalnız ictimai yerlərdə və əks-sədasının daha geniş yayılması niyyəti ilə törədilmiş əməllərə şamil ediləcək”.

Nazir əlavə edib ki, hökumətin layihəsində belə əməllər üçün cərimələr və ya 2 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Türkiyə bir həftədə 5 xəbərdarlıq edib

AP yazır ki, Türkiyənin Xarici İşlər Nazirliyi son bir həftədə Danimarka səfirinə Quranın yandırılması ilə bağlı 5 dəfə etiraz notaları verib.

Hummelqaard avqustun 25-də keçirdiyi mətbuat konfransında deyib ki, “Quranın yandırılması ilə müşayiət olunan son etiraz aksiyalarının yeganə məqsədi ixtilaf və nifrət yaratmaqdır”.

Danimarka hökuməti bundan əvvəl Quranın yandırılmasına mənfi yanaşdığını dəfələrlə bildirsə də, əlavə edib ki, “ifadə azadlığı Danimarkanın ən mühüm dəyəridir”.

Hummelqaard deyib ki, “ifadə azadlığı Danimarka demokratiyasının məhək daşıdır və Danimarka cəmiyyətinin mərkəzi dəyəridir”.

Nazir vurğulayıb ki, hökumətin təklif etdiyi qanun layihəsi “ifadə azadlığının Danimarkadakı dayaqlarına xələl gətirməyəcək”.

“Dinin tənqidinə meydan saxlanmalıdır”

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib ki, son aylarda müsəlman dövlətlərinin ölkədəki səfirlikləri qarşısında 170-dən çox etiraz aksiyaları keçirilib və bunların bir çoxunda Quranın yandırılması baş verib.

Rasmussenin sözlərinə görə qanun dəyişikliyi “bütün dünyaya Danimarkanın çox mühüm siyasi siqnalı” olacaq.

Ötən ay nazir demişdi ki, hökumət Quranın və ya başqa müqəddəs kitabların yandırılmasını önləyən hüquqi alətlər axtarışındadır, amma cəmiyyətdə dinin tənqid edilməsinə də meydan saxlanmalıdır.

Hökumət bildirir ki, 2017-ci ildə ləğv edilmiş “küfr maddəsinin” yenidən qanuna qaytarılması istisna edilir.

Ədliyyə Nazirliyi bildirir ki, qanun layihəsi parlamentə sentyabrın 1-də təqdim olunacaq və böyük bir ehtimalla parlament ili başa çatanadək, yəni Milad bayramınadək qəbul ediləcək.

Hökumət bildirir ki, qanun “şifahi və yazılı bəyanatları, habelə rəsmləri qadağan etməyəcək”. Burada söhbət həm də plakatlardan və karikaturalardan gedir.

Allahşükürün mollaları alman keşişlərdən öyrənə bilər: Nəzir pulları kasıb-kusuba paylanır
Gözlə

No media source currently available

0:00 0:09:22 0:00

Siyasətçilərin mövqeyi dəyişib

Ölkədə çox sayda Quran yandırılması aktlarının baş verməsi hökumətə daxil olmayan azı bir partiyadakıların mövqeyini dəyişib.

Parlamentdə 179 mandata malik mərkəz-solçu Sosial Liberal Partiyası bundan əvvəl sözü gedən qanunun sərtləşdirilməsinin əleyhinə çıxış edirdi.

Lakin partiyanın sözçüsü Kristian Friis bəyan edib ki, onun partiyası hökumətin təklifini dəstəkləyəcək:

“Çünki ölkədə son bir neçə ayda yeganə məqsədi ixtilaf və qeyri-müəyyənlik yaratmaq olan 100-dən çox Quran yandırılması aktı baş verib. Biz təklifi dəstəkləyirik”.

2006-cı ildə Danimarka bir qəzetdə Məhəmməd peyğəmbərin 12 karikaturasının dərc olunması ilə bağlı müsəlman dünyasında hiddətli etirazların hədəfinə çevrilmişdi.

Müsəlmanlar peyğəmbərin şəklinin çəkilməsini küfr hesab edir və deyirlər ki, bu, bütpərəstliyə yol açır.

XS
SM
MD
LG