Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:03

Danimarka və İsveç Quranın yandırılmasını qadağan edə bilər


İsveçdə Quranın yandırılmasına Hindistanda keçirilən etiraz aksiyası
İsveçdə Quranın yandırılmasına Hindistanda keçirilən etiraz aksiyası

Danimarka müqəddəs kitabların xarici səfirliklərin qarşısında yandırılmasının qadağanı məsələsini nəzərdən keçirir.

SkyNews agentliyinin xəbərinə görə hökuməti bu məsələyə baxılmasına təhlükəsizlik mülahizələri məcbur edir.

Bundan əvvəl Danimarka və İsveçdə Quranın yandırılması ilə müşayiət olunan silsilə etiraz aksiyaları keçirilmişdi.

Bu aksiyalar müsəlman ölkələrində hiddətli etirazlara səbəb olmuş, bu iki ölkənin müsəlman ölkələri ilə münasibətlərini təhlükə qarşısında qoymuşdu.

Ötən ay Stokholmda İraq səfirliyinin qarşısında Quranın yandırılması Bağdaddakı İsveç səfirliyinə etirazçıların basqını ilə nəticələnmişdi.

SkyNews yazır ki, bu səbəbdən İsveç də hüquqi situasiyanın “qiymətləndirilməsinə” başlayıb.

Ötən bazar günü Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen demişdi ki, “müqəddəs kitbaların yandırılması birliyə ehtiyacı olan dünyada yalnız ixtilafa yol açır”:

"Odur ki, hökumətimiz xüsusi situasiyalarda başqa ölkələrin təhqir olunmasına necə son qoyula biləcəyi məsələsinə baxır, çünki bu, Danimarkanın maraqlarına və danimarkalıların təhlükəsizliyinə hədə yaradır”.

Bundan əvvəl Danimarkada və onun qonşusu İsveçdə bir sıra etiraz aksiyalarında Quranın yandırılması müsəlman ölkələrində hiddətli nümayişlərə səbəb olub.

NATO əleyhinə aksiyada yandırılan Quran

Ötən ay İsveçdə bir iraqlı xristian qaçqın Stokholmun mərkəzindəki məscidin yaxınlığında Quranın yandırılması aksiyası keçirmişdi.

İsveçin NATO-ya üzvlüyünə qarşı keçirilən mitinq zamanı da Quran yandırılmışdı.

SkyNews yazır ki, bu aksiyanın təşkilatçıları İsveçin NATO üzvlüyü ərizəsini bloklayan Ankara ilə Stokholm arasında gərginlik yaranacağına ümid edirdilər.

Etirazlar bundan sonra qonşu Danimarkaya adlamış və orada bu ayın əvvəllərində İraq bayrağı ilə yanaşı Quran da yandırılmışdı.

İsveç və Danimarkanın son dərəcə demokratik qanunları belə aksiyaları ifadə azadlığı kimi qadağan etmir.

Bu ölkələrdə Quranın yandırılması aksiyalarının keçirilməsinə də qanun çərçivəsində icazə verilmişdi.

Bu, Türkiyə, İraq və Əlcəzair də daxil bir sıra müsəlman ölkələrinin hiddətinə səbəb olub.

Bu ayın əvvəllərində İraqda etirazçılar Bağdaddakı İsveç səfirliyinə hücum edərək missiyanın hasarlarını uçurublar, daha sonra isə binada yanğın törədiblər.

Bundan bir neçə gün sonra yüzlərlə etirazçı Bağdadda ciddi mühafizə olunan diplomatik zonaya hücum etmişdi.

Quranın yandırılması aksiyaları davam edir

Cənab Lokke Rasmussenin sözlərinə görə paytaxt Kopenhagendəki səfirliklərin qarşısında iyulun 30-da 5 Quran yandırılıb və daha 7 Quranın iyulun 31-də yandırılması planlaşdırılmışdı.

Nazir deyib ki, bu səbəbdən də hökumət ölkənin ifadə azadlığı qanunlarına xələl gətirmədən belə aksiyaların qarşısının alınması üçün “hüquqi alət” tapmağa çalışır:

"Dinin tənqidinə məkan olmalıdır və biz küfr haqqında qanun qəbul etməyə hazırlaşmırıq. Amma siz xarici səfirliyin qarşısında duraraq Quran və İsrail səfirliyinin önündə Tövrat yandırırsınızsa, bu, təhqirdən başqa heç nəyə xidmət etmir”.

Danimarka hökuməti iyulun 30-da ifadə azadlığına sadiq olduğunu bir daha bəyan etmişdi. Lakin bəyanatda deyilirdi ki, “Quranın yandırılması dünyanın bir çox yerlərində Danimarkanın başqa ölkələrin mədəniyyətlərinə, dinlərinə və adət-ənənələrinə təhqirə imkan verən bir ölkə olduğuna dair təsəvvür yaradır”.

Hökumət “bir ovuc şəxsin dərindən təhqiramiz və məsuliyyətsiz hərəkətlərini” pisləyib və bildirib ki, bu şəxslər “Danimarka cəmiyyətinin üzərində bərqərar olduğu dəyərləri təmsil etmirlər”.

İsveçdə baş nazir Ulf Kristersson iyulun 30-da deyib ki, onun hökuməti Quranın və başqa müqəddəs kitabların yandırılması ilə bağlı “hüquqi situasiyanı” nəzərdən keçirir:

"Biz indi İkinci Dünya Müharibəsindən bəri ən ciddi təhlükəsizlik siyasəti vəziyyətindəyik”.

İslam Əməkdaşlığı Təşkilati İsveç və Danimarkada Quranın yandırılması aksiyaları ilə bağlı iyulun 31-də təcili iclas çağırıb.

XS
SM
MD
LG