Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

Daha iki fəalın inzibati cəza aldığı deyilir


Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlananların hamısının taleyinə aydınlıq gəldiyi bildirilir.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, yanvarın 30-da məhkəmənin önündə ümumilikdə 7 nəfər saxlanmışdı, sonradan onlardan 4 nəfəri sərbəst buraxılmışdı, amma 3 fəalın yeri açıqlanmırdı.

AXCP-dən verilən məlumata görə, həmin 3 şəxsdən biri də sərbəst buraxılıb, iki nəfər isə inzibati qaydada həbs edilib.

“Nəsimi rayon Məhkməsinin qərarı ilə Vuqar Növruzov və İslam İslamzadə 10 sutka inzibati həbs cəzası alıblar. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinblər”, AXCP-dən deyiblər.

Amma bu məlumatı, hələlik, Nəsimi Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Nə baş vermişdi?

Həmin fəalların yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksionerlərinin işinə baxılarkən, binanın önündə saxlandığı aşıqlanmışdı.

Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli, Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli hakim önünə çıxarılıb.

Yanvarın 30-da bəzi fəalların yenidən saxlanması məhkəmə prosesində də gündəmə gəlmişdi. Təqsirləndirilən Babək Həsənov hər dəfə bu məhkəməyə gələnlərdən bəzilərinin saxlandığını hakimlərin nəzərinə çatdırıb, onların da məsələyə müdaxilə etməsini istəmişdi: “Bizim yaxınlarımız məhkəməni izləməyə gəlir, onları həbs edirlər. Bu gün də (yanvarın 30-da) 10 nəfərə yaxın saxlanan var...”

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar İsmayılov isə bunun cavabında demişdi ki, onlar məhkəmə zalından kənarda olanlardan məlumatsızdırlar, məlumatları olsa belə, müdaxilə də edə bilməzlər.

Vəkil Bəhruz Bayramov da bundan öncə saxlanıb 20-30 sutka inzibati həbs cəzası verilən şəxslər haqqındakı məhkəmə qərarlarında yazılanları hakimin diqqətinə çatdırıb.

Vəkilin deməsinə görə, inzibati həbs qərarlarında yazılıb ki, onlar məhkəmənin gedişinə mane olduqlarından cəzalandırılıblar: “Bu adamlar heç məhkəmə binasına daxil olmadan həbs ediliblərsə, bunlar necə prosesin gedişinə maneçilik yaradıblar?”

Eldar İsmayılov yenə də bu məsələlərin indi baxılan işə aidiyyəti olmadığını bildirib.

Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısına gələn şəxslərdən bundan əvvəl saxlanıb inzibati cəza alanlardan bir neçəsinin həbs müddəti hələ də başa çatmayıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov ötən il mayın 25-də saxlanıblar.

Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, “qurama iş” adlandırıb.

XS
SM
MD
LG