Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 17:48

Daha 4 məntəqədə nəticələr ləğv edilsə də...


Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar bir sıra şikayətlərə baxılıb.

İclasda əvvəlcə 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Mustafa Hacılının (Müsavat partiyasının təmsilçisi) şikayətinə baxılıb. MSK qərarında qeyd edib ki, sübut kimi təqdim olunan videokadrlar seçki məntəqəsinin kənarında çəkilib və orada hansısa hüquq pozuntusu əksini tapmayıb. MSK Mustafa Hacılının müraciətini təmin etməyib.

Mustafa Hacılı isə bildirib ki, MSK-ya 18 seçki məntəqəsi üzrə saxtakarlıqların olmasına dair video və foto sübutları təqdim etmişdi:

"Eyni zamanda 19 seçki məntəqəsinin komissiyaların qanuna uyğun formalaşmadığı ilə bağlı faktlar göstərmişəm. Videogörüntülərdə görsənir ki, seçki komissiyasının üzvü necə bülleten gizlədir, “karusel” (bir neçə şəxsin bir neçə məntəqədə səs verməsi) dəstəsi, seçki komissiyasının sədri necə müşahidəçilərə səslərin sayılmasına yaxın buraxmır, seçki qutusunda topa bülletenlər yerləşdirilib".

“Azərbaycanda tutarlı faktlar zəruri qərarın çıxması üçün kifayət etmir”

Onun sözlərinə görə, çox təəssüf ki, Azərbaycanda tutarlı faktlar zəruri qərarın çıxması üçün kifayət etmir: "MSK növbəti dəfə hakimiyyətinin iradəsini əsas götürdü, faktları yox".

M. Hacıbəyli qərardan məhkəməyə şikayət verəcəyini qeyd edib.

MSK-nın ilkin nəticələrinə görə, həmin dairədən lider namizəd bitərəf keçmiş deputat Azay Quliyevdir.

MSK iclasda habelə 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Aydın Əbilovun seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı şikayətini geri göndərib. Qurum bunu müraciətin qanunla müəyyən olunmuş müddətinin ötürməsi ilə əsaslandırıb. Həmin dairədən isə lider namizəd bitərəf Göydəniz Qəhrəmanovdur.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Müsavat Partiyasından namizəd Gülağa Aslanlının şikayəti isə qismən təmin olunub.

G. Aslanlı müraciətə 26 məntəqəyə dair videogörüntülər əlavə edib. Şikayətçinin müraciəti əsasında dairənin 30 saylı seçki məntəqəsində səsvermə nəticələrin ləğv olunması ilə bağlı qərar qəbul olunub. Eyni zamanda həmin məntəqənin dairə üzrə seçkilərin nəticəsinə təsir etmədiyi bildirilərək seçki dairəsinin nəticələri ləğv olunmayıb. O dairədən lider namizəd isə Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, keçmiş deputat Məlahət İbrahimqızıdır.

Daha 3 məntəqədə...

MSK-nın digər qərarı ilə 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb. Deputatlığa namizəd Şəhriyar Məcidzadə MSK-ya dairə üzrə seçki nəticələrinin ləğvi ilə bağlı müraciət etmişdi. Qurum təqdim edilmiş materiallara baxaraq dairənin yalnız 3, 4 və 18 saylı seçki məntəqələrində pozuntuları qeydə alıb. Lakin, qərara görə, nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə, dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb. Həmin dairədə də lider namizəd YAP təmsilçisi Anar Məmmədovdur.

İclasda həmçinin,22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında namizəd Cahandar İsmayılovun şikayətinə baxılıb və heç bir pozuntu olmadığı barədə qərar verilib. Eyni zamanda 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizəd Sərdar İsmayılovun şikayəti da təmin edilməyib. Həmin dairələrdə müvafiq olaraq keçmiş deputat Asim Mollazadə və YAP təmsilçisi Ceyhun Məmmədov lider namizəd sayılırlar.

MSK-nın bundan əvvəlki iclaslarında da bir neçə dairə üzrə bir neçə məntəqənin nəticələri ləğv edilsə də onlar həmin dairələrdə ümumi nəticələrə təsir etməmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bu il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bir gün sonra açıqlanan ilkin hesabatında vurğulanırdı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. MSK isə hesab edir ki, seçkilər yüksək səviyyədə keçirilib.

Vəfa Nağıyevanın şikayəti üzrə 6 məntəqənin nəticələri ləğv edilib, amma...

MSK-nın bu gün, sentyabrın 13-də keçirilən iclasında namizəd Vəfa Nağıyevanın da şikayətinə baxılıb.

V.Nağıyeva 70 saylı Neftçala Seçki Dairəsinin 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib.

MSK-nın qərarına görə, araşdırma zamanı seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsas yaranıb. Qurumun qərarı ilə sözügedən seçki məntəqələrində nəticənin ləğvi seçki dairəsində ümumi nəticələrə təsir göstərməyib və dairə üzrə nəticələr qüvvədə saxlanıb.O dairədə MSK-nın ilkin nəticələrinə görə, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Tünzalə Rüstəmxanlı lider namizəddir.

Vəfa Nağıyeva: “Bu dairə ləğv edilməlidir”

Vəfa Nağıyeva MSK qərarını çox ədalətsiz qərar adlandırıb.

O qeyd edib ki, bəzi məntəqələrdə nəticənin ləğvi ümumi nəticəyə təsir etməyib: “Burada ümumi total saxtakarlıq olub və bu dairə ləğv edilməlidir”

Onun sözlərinə görə, o, MSK-ya 7 protokol verib və həmin protokolda göstərilən nəticələr MSK-da olan nəticələrlə uyğun gəlmir: "Mən bu protokolları MSK-ya təqdim etmişəm və bu protokolların qəbul edilməsi ilə bağlı akt almışam. Bundan başqa saxtakarlıq kobud şəkildə görünür və ona görə də nəyinki 6 məntəqənin, bu dairənin nəticələri ləğv edilməli idi".

V.Nağı qərardan məhkəməyə şikayət edəcəyini bildirib.

İclasda 86 saylı Ağcabədi Seçki Dairəsindən Ağ Partiyanın namizədi Cavid Hacıbəylinin də müraciətlərinə baxılıb.

Müraciət üzrə 7 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb. 7 saylı seçki məntəqəsi istisna ilə, Dairə Seçki Komissiyasının (DSK) qərarı qüvvədə saxlanılıb. Həmin dairədən lider namizəd YAP təmsilçisi Tahir Rzayevdir.

Beləliklə MSK-nın sentyabrın 13-də keçirilən iclasında nəticələri ləğv edilən məntəqələrin sayı 11-ə çatıb.

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. 125 mandat uğrunda 990 namizəd mübarizəyə qoşulub.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. Hakim YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi.

Təşəbbüs parlamentdə qəbul edildi və seçki tarixi bir neçə ay önə çəkildi.

XS
SM
MD
LG