Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:09

Daha 63 nəfərdə koronavirus aşkarlanıb


Azərbaycanda 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə bu gün, aprelin 5-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda qeyd edilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

“Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, qərargah bildirir.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 65 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Bu gün, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG