Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Səfirlik: 'Dağıstanda saxlanan azərbaycanlılar azad olunub'


Saxlanılanlar.

«Hazırda Dərbənd şəhər Polis İdarəsində 200 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılır».

Bu barədə Lent.az-a «Dərbənd» qəzetin müxbiri Telman Tahirli məlumat verib.

Məlumata görə, onların hamısı Dərbənd şəhərində tikintidə çalışırmış və heç birinin işləməyə icazə verən sənədi olmayıb.

«Dərbənddəki problemlə bağlı səfirlik Rusiyanın müvafiq dövlət qurumlarına müraciət edəcək». Bunu isə agentliyə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər. Səfirlikdən onu da bildiriblər ki, mövzuyla bağlı onlara heç bir rəsmi müraciət daxil olmayıb.

Jurnalist Tahirli isə vəziyyəti belə izah edib: «Dərbənddə sosial proqram həyata keçirilir. Şəhərin mərkəzində köhnə evlər uçurulur, yerli sakinlərə dəniz qırağında evlər tikilir. Amma sakinlər ömürləri boyu mərkəzdə yaşadıqlarından ucqar yerə köçmək istəmirlər. Buna görə də bərk narazılıq yaranmışdı. Elə bu narazılıqla bağlı şəhərə xüsusi komissiya gəlmişdi. Komissiya yeni tikilən evlərlə tanış olanda, tikintidə 200-ə yaxın Azərbaycan vətəndaşının qeyri-qanuni yolla işləməsi məlum olmuşdu. Onların heç birinin işləmə izni verən sənədi olmadığından polis idarəsinə gətiriliblər. İdarənin idman zallına yerləşdiriliblər. Yerli camaat onları çörək və zəruri qidayla təmin edir. Şəhər meriyası da kömək göstərir. Böyük ehtimalla onların hamısı deportasiya ediləcək».

Dərbənd şəhər Polis İdarəsindən isə bildiriblər ki, saxlananlar barədə inzibati protokol tərtib edilib.

TUTULANLƏR SƏRBƏST BURAXILIB

«200-ə yaxın Azərbaycan vətəndaşı idarəyə gətirilmişdi. Onlar haqda Rusiya Federasiyası miqrasiya qanunvericiliyinin pozulması barədə protokollar tərtib edildi. Saxlananlar işləmə izni olmadan tikintidə çalışırdılar. Düzdür, onlar hazırda sərbəst buraxılıb. Amma işləri məhkəməyə göndəriləcək. Onların deportasiya edilib-edilməyəcəyi barədə qərarı isə məhkəmə verəcək».

DAĞISTANA İŞLƏMƏYƏ GEDƏNLƏR NƏ DEYİR?

Polis idarəsinin idman zalında saxlanan azərbaycanlıların görüntüsü sosial şəbəkələrdə də yayılıb. Həmin görüntülərdə onlar Azərbaycan hakimiyyətindən narazılıqlarını bildirir və indiyə kimi səfirliyin onların durumu ilə maraqlanmadığını deyirlər: «Faktiki olaraq bizi 4 gündür həbsdə saxlayırlar. Sənədlərimiz qanunsuz ola bilər, amma bu o demək deyil ki, məhkəmə qərarı olmadan bizi həbsdə saxlamaqları qanunidir. Sənədlərimiz yerində deyil ölkədən çıxarsınlar, deportasiya etsinlər, amma burada bizdən böyük məbləğdə pul tələb edirlər və pis şəraitdə saxlayırlar».

Azərbaycan Miqrasiya Xidmətindən isə bu deyilənləri təsdiq etməyiblər. Qurumdan bu barədə xəbərsiz olduqlarını bildiriblər.

ƏLİ KƏRİMLİ: «SANKİ BU MİLLƏTİN HEÇ DÖVLƏTİ YOXDUR»

AXCP sədri Əli Kərimli isə hökuməti həmin insanlara kömək etməyə səsləyib: «Rejim başbilənlərinə üz tuturam, bir dəfə də piar üçün deyil, gerçəkdən sadə insanlara kömək üçün bir iş görün! Rusiyada yüzlərlə azərbaycanlını yığıblar bir idman zalına. Ac-susuz, qeyri – insani vəziyyətdə saxlayırlar. Deportasiya etməklə hədələyirlər. 4 gündür ki, bu rüsvayçılıq davam edir. Ancaq Azərbaycan hakimiyyətindən xəbər yoxdur. Sanki bu millətin heç dövləti yoxdur. Bir tikə çörək dalınca qürbətə üz tutmuş həmvətənlərimizi arxasız qoymayaq».

Dağıstanda saxlanan azərbaycanlılar sərbəst buraxılıb

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstan Respublikasında saxlanan azərbaycanlılarla bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfirlik Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.

Bu barədə APA Agentliyi xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, Dağıstan Daxili İşlər Nazirliyi fevralın 9-da saxlanma olayını təsdiq edib. Nazirlik bildirib ki, Dağıstan Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü icazəsi olmayan 185 nəfəri saxlayıb.

Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımı yoxlama müddətində idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlananlar sərbəst buraxılıblar.

Xəbərdə bildirilir ki, bu gün, fevralın 13-ü saat 16:00-da “Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyevin Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə telefon danışığı olub. Danışıq zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan vətəndaşı belə yoxdur.

Xatırlatma

Fevralın 13-ü bəzi KİV-lər 4 gün bundan öncə 200-ə yaxın Azərbaycan vətəndaşının Dərbənd şəhər Polis İdarəsinin idman zalında saxlandığını xəbər vermişdi. Dağıstana işləməyə gedən həmin şəxslərin işləmək izninin olmadığı bildirilirdi. İdman zalında saxlanan şəxslər isə Azərbaycan səfirliyinin onlarla maraqlanmadığını bildirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG