Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:40

D.Trump kitab naşirlərinin xilaskarınamı çevrilir?


«Yüksək sədaqət» kitabı
«Yüksək sədaqət» kitabı

«The New York Post» nəşri yazır ki, aprelin 17-də «Flatiron Books» nəşriyyatı keçmiş FTB rəhbəri James Comey-nin «Yüksək sədaqət» adlı memuarının 850 min nüsxəsini kitab satışı şəbəkələrinə göndərdiyini bildirib.

«Alov və qəzəb»dən 2 milyon nüsxə satılıb

Görünür, «Flatiron Books» nəşriyyatının məxsus olduğu «Macmillan» şirkəti də geridə qalmaq istəməyib. Şirkətə aid digər nəşr evi, «Henry Holt» da Michael Wolff-un «Alov və qəzəb: Trump-ın Ağ evinin içərisində» adlı kitabını nəşr edib.

Comey-nin bu həftənin əvvəli satışa çıxmış kitabının artıq «Amazon»da 1 nömrəli bestseller olduğu deyilir.

Wolff-un kitabına gəlincə, o, 10 həftə ərzində bestsellerlər arasında birinci olub. Hərçənd, nəşriyyat kitaba erkən tələbatı düzgün dəyərləndirməyib. Nəticədə artıq bir neçə həftədir ki, kitabın satışı geriləyib.

Buna baxmayaraq, «Henry Holt» nəşriyyatının sözçüsü «Alov və qəzəb»in bu vaxtadək bütün formatlarda 2 milyon nüsxəsinin satıldığını və bu ilin sıçrayış etmiş bestselleri olduğunu deyir. Marketinq araşdırmaları və təhlili üzrə ixtisaslaşmış «NPD Group» şirkətinin kitab satışına dair bu həftə buraxdığı «Bookscan» hesabatında deyilir ki, kitabın aprelin 15-dək satılan nüsxələrinin sayı 974 min olub. Ancaq «Bookscan» satış bazarının yalnız 85%-ə qədərini izləyir. Bu isə o deməkdir ki, kitabın kağız versiyasının satışı 1.1 milyon nüsxə təşkil edib. Ancaq təcrübə göstərir ki, kağız versiyası populyar olmayan kitabın elektron versiyasının da satışı aşağı düşür.

D.Trump və J.Comey
D.Trump və J.Comey

Trump-ın tvitləri

«Grand Central Publishing» nəşriyyatının martın ortalarında çap etdiyi Michael IsikoffDavid Corn-un «Rus ruleti: Putin-in Amerika ilə müharibəsinin və Donald Trump-ın seçilməsinin daxili hekayəsi» kitabı aprelin ilk həftəsində sıçrayış edərək Wolff-un kitabını sıxışdırıb və 1 nömrəli bestseller olub.

Trump-ın həm Wolff, həm də Comey-nin kitablarına qarşı tvitlər paylaşması əslində, kitabların satışına kömək edib. Isikoff və Corn-un kitabı isə ali baş komandanın diqqətini çox da cəlb etmədiyinə görə 1-ci yerdən düşməli olub.

Kitab bu həftə Trump və Comey arasında söz atışmasına səbəb olub. Comey Trump-ı «prezident olmağa əxlaqi cəhətdən qeyri-münasib» adlandırıb. Trump-sa kitaba pis rəy verildiyini və Comey-nin yalançı, xəbərçi olmasının məlum olduğunu deyib.

Respublikaçı James Comey Trump onu vəzifəsindən kənarlaşdıranadək 30 il hökumətdə işləyib. O, həmçinin 2016-cı ildə Demokratlar Partiyasının namizədi Hillary Clinton-un seçki kampaniyasına ziyan vurmaqda ittiham olunub.

«Trump-ı vurmaq gəlirli biznesdir»

2016-cı ilin payızında, seçkiyə lap az qalmış, H.Clinton-un elektron yazışmalarını araşdırmağa başlayan, sonra da araşdırmanı bağlı elan edən Comey memuarlarında Clinton-un seçkidə qalib gələcəyinə ümid etdiyini, səhvini etiraf etdiyini yazır. «Mən bunu yenidən etsəydim, bəzi şeyləri fərqli edərdim», – Comey yazır.

Clinton-un keçmiş seçki qərargahının sözçüsü Nick Merril bu həftə FTB-nin e-meyl qalmaqalına müdaxiləsini «axmaq səhv və ondan da axmaq qalmaqal» adlandırıb.

İlkin proqnozlara görə, Wolff-un kitabı satış sayına görə keçmiş FTB direktorunun kitabını ötüb keçəcək. «Comey-nin kitabı Comey haqqındadır, Trump haqda deyil», – mənbələrdən biri qeyd edib.

Ancaq güman ki, birinci olmaq bu müəlliflərin heç birini maraqlandırmır.

«Hər iki müəllif təzəcə milyonçu olub. ...Trump-ı vurmaq gəlirli biznesdir», – deyə bir müşahidəçi vurğulayıb. Məsələn, Comey-nin kitab satışından 2 milyon dollardan çox xeyir götürdüyü deyilir.

Nəşriyyatlardan birinin aparıcı əməkdaşlarından biri Trump haqda olan kitabların gözləntiləri üstələdiyini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG