Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

Məktəblər bağlandı


Yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılır
Yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılır

Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə orta və ali məktəblər martın 3-dən 10-dək bağlanır. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qərargahın məlumatına görə, həmin müddətdə ölkədəki bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdiriləcək.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzadlıqRadiosuna bildirir ki, həmin müddətin uzadılıb-uzadılmaması haqda bəri başdan heç nə deyə bilməyəcək.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Dərslər dayandırıla bilərmi – müzakirələr aparılır

Azərbaycanda koronavirusa yoluxma ehtimalına görə orta və ali məktəblərin müvəqqəti qapadılması ilə bağlı müzakirələr aparılır. Bu haqda AzadlıqRadiosuna Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

«Hələlik, belə qərar yoxdur. Ancaq müvafiq qərar verilən kimi medianı məlumatlandıracağıq. Amma məsələ müzakirə olunur. Təhsil Nazirliyi yanında qərargah yaradılıb, eləcə də Nazirlər Kabineti yanında qərargah fəaliyyət göstərir. Aidiyyəti qurumlar müştərək işləməkdədirlər. Proses saatbasaat izlənir, müzakirə olunur. Qərar olacaqsa, açıqlayacağıq», – nazirliyin sözçüsü söyləyir.

C.Valehov Azərbaycanda bugünlərdə yüzlərlə məktəbdə dezinfeksiya işləri aparıldığını bildirir. Bununla belə, o, bütün məktəblərdə dezinfeksiya işlərinin aparılmadığını da qeyd edir: «Birdən-birə, bir günə, bir həftəyə 4500 məktəbdə dezinfeksiya aparmaq mümkün deyil. Bütünlükdə proses başlayıb, qrafikə uyğun aparılır».

Təhsil Nazirliyinin sözçüsü məktəblərdə dərsə davamiyyətlə bağlı hələlik qəti söz demir, bununla bağlı statistikanın toplandığını, günün ikinci yarısında məlumat veriləcəyini vurğulayır.

Karantində saxlananların etirazı aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Həştəqlər, müraciətlər

Azərbaycanda koronavirusa yoluxma halı rəsmi təsdiqləndikdən sonra valideynlər Whatsapp qruplarında müzakirələrə başlayıblar, bir çoxları övladlarını məktəbə buraxmayacaqlarını bildirirlər. Bəzi müəllimlər isə şagirdlərin məktəbə gəlməyəcəyi halda ya həkimdən arayış gətirmələrini, bəzi hallarda rəsmi ərizə yazmalarını tələb edirlər.

Məsələ ilə bağlı Facebook sosial şəbəkəsində də müzakirələr gedir, bəzi valideynlər virusa yoluxma təhlükəsi ucbatından uşaqları məktəbə göndərmədiklərini bildirirlər, bəziləri «məktəbəgöndərməyək» kimi həştəqlər paylaşırlar.

Hətta məktəblərin qapadılması ilə bağlı baş nazirə müraciət edən, petisiya imzalayanlar da var.

Məsələn, İctimai Təşəbbüslər Mərkəzi «Koronovirusu məktəblərə buraxmayaq» adı altında baş nazirə və təhsil nazirinə müraciət məqsədilə petisiyaya start verib.

"Qolundan tutub apararam"- Bakıda keçirdiyimiz sorğu
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

Müraciətdə deyilir ki, Gürcüstan və Ermənistanda martın 2-dən uşaq bağçası, məktəb, texniki peşə liseyində, texnikum, kollec və universitetlərdə tədris müvəqqəti dayandırılıb.

Müraciət müəllifləri ilk növbədə cənub rayonlarında - Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar və Salyanda, eləcə də Bakı və respublika tabeli 9 şəhərdə uşaq bağçaları və məktəblərin, kollec və universitetlərin əvvəlcə bir həftə müddətinə bağlanmasını, zərurət yaranarsa, bu müddətin Novruz bayramınadək uzadılmasını təklif edirlər.

«Hesab edirik ki, bu müddət ərzində bütün səviyyəli təhsil ocaqlarında sanitar və su qovşaqları, xüsusilə də tualetlər yenidən qurulmalı, bütün siniflər və auditoriyalar dezinfeksiya olunmalı, təhsil ocaqları zəruri yuyucu və qurulayıcı vasitələrlə təchiz edilməli, müəllimlər və tərbiyəçilər təlimlərə cəlb olunmalı və koronavirusla mübarizə üçün preventiv tədbirlərə dair məlumatlandırılmalıdır», – müraciətdə deyilir.

K.Əsədov
K.Əsədov

«1.5 milyon şagirdi risk altına almaq olmaz»

Təhsil eksperti Kamran Əsədov da baş nazirə belə bir müraciət imzalayıb.

O, martda qızılca, malyariya, suçiçəyi kimi yoluxucu xəstəliklərin artdığını, xüsusilə məktəbyaşlıların orqanizmində zəifləmə halları baş verdiyini qeyd edir. Hesab edir ki, «koronovirusun ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz».

Bundan başqa, ölkədəki 4 min 447 məktəbin heç də hamısının maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə olmadığını deyir.

«Onlar arasında isitmə sistemində, havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var. Digər tərəfdən isə, apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb. İnanıram ki, Nazirlər Kabineti «bizim üçün şagirdlərin sağlamlığı hər şeydən üstündür» deyib mart ayında orta və ali məktəblərdə tətil elan edəcək», - Kamran Əsədov yazır.

«Ümumi təhsil haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, fövqəladə hadisələrlə (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) bağlı respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG