70-ə yaxın dərman preparatlarının istehsalıyla məşğul olan «AzərFarm LTD» şirkətinin keçmiş satış meneceri Cahid İsayev indi müttəhimlər kürsüsündədir. O, dərman alveriylə bağlı dələduzluqda suçlanır. Bu işdə qarşı tərəf isə Bakıdakı Uşaq Nevroloji Xəstəxanasının həkimi Mehriban Məmmədovadır. Onların arasındakı çəkişmə Bakı Ağır Cinayətlər Məhkəməsində gedir.
İttihama görə, C.İsayev dərman depolarından tibbi ləvazimatlar, dərmanlar alıb apteklərə satmaqla bağlı biznesin gəlirli olduğunu deyib. O, M.Məmmədovaya və Familə Abdullayeva adlı daha bir nəfərə bu işlə birlikdə məşğul olmağı təklif edib. Qadınlar da həmin işi görməkdən ötrü ona ümumilikdə 95 min manat pul veriblər. Ancaq biznes də qurulmayıb, pul da qaytarılmayıb.
C.İsayev ittihamla razılaşmayıb və özünü təqsirli bilmədiyini deyib.
Zərərçəkmiş həkim M.Məmmədova isə israr edir ki, təqsirləndirilən şəxs onu aldadıb: «Guya dərmanları depolardan alıb, apteklərə satacaqdı. Hələ söhbət əsnasında demişdi ki, özünün də şirkəti var. Məndən 22 min manat pul alıb. Söz vermişdi ki, bir ildən sonra bundan da çox pul verəcək mənə. Lakin məni aldatdı. Soruşanda deyirdi ki, «hələ işlər gedir». Mən də inanırdım».
«Səhiyyə Nazirliyindən sertifikat alıb satırdıq»
C.İsayev isə bildirib ki, zərərçəkmiş yalan danışır. Ali təhsili olmadan dərman satışıyla məşğul olduğunu etiraf edən C.İsayev zərərçəkmiş həkimlə birgə dərman biznesləri barədə bunları danışıb: «Türkiyədən dərmanı 6 manat 50 qəpiyə alırdıq. Səhiyyə Nazirliyindən həmin dərmanın sertifikatını alandan sonra Bakıda onu 23 manat 50 qəpiyə satırdıq. Sonralar dərmanı sata bilmədim. Bu barədə də Mehriban Məmmədovaya məlumat verdim. Ondan 22 min 30 manat pul almışam. Qazancı yarı böləcəkdik. Ümumilikdə ona 500 manat pul verdim. Dərman satılmadı deyə, Mehriban xanımın pulunu qaytara bilmədim. Hazırda həmin dərmanlar depodadır».
Məhkəmə prosesi davam edir.