Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Dünyanın ən qədim ədəbi əsərindən nə öyrənə bilərik


«Gilqameş dastanı»nın həkk olunduğu daş lövhə
«Gilqameş dastanı»nın həkk olunduğu daş lövhə

Amerikalı siyasətşünas, Harvard Universitetinin müəllimi Daniel Allen «The Washington Post»a yazdığı yeni məqaləsini qədim şumer mədəniyyətinə aid «Gilqameş dastanı»na həsr edib.

Allen hesab edir ki, bu dastanın mətni qədim olsa da, məzmunu tamamilə müasirdir.

Şeirlə yazılmış «Gilqameş dastanı» planetin ən qədim ədəbi mətni hesab olunur. Dastanda ədalətsiz, qəsbkar, xudbin hökmdarın islah olunaraq xalqının maraqlarına xidmət etməyi öyrənməsindən söz açılır. Yer üzündə ilk qeydə alınmış siyasi problem cinsi təcavüzlə bağlıdır.

Siyasi düşüncədə divar

«Gilqameş dastanı»nın Devid Ferri tərəfindən ingiliscəyə tərcümə edilmiş variantında əsərin qəhrəmanı Gilqameş belə təqdim olunur:

Nə bir atanın oğlu,

nə bir əyanın arvadı; nə bir ananın qızı,

nə də bir əsgərin gəlini təhlükədən uzaq idi. Yaşlı kişilər belə deyirdilər:

«Bu, xalqın rəhbəridir?

Bu, adil rəhbərdir? İnsanları qoruyacaq?».

Gilqameşin öz əxlaqını kəşf etməsi onun dəyişməsinə, özünün köhnə, pis vərdişlərini kənara qoymasına yol açır. Kral olsa da, o da bu uzun yolun sonunda öləcəyini anlayır. Ölüm hamını bərabərləşdirir. Bütün insanları bərabərləşdirən bu özülü kəşf etməsi Gilqameşi xalqın nökərinə, rəhbər və qoruyucusuna çevirir.

Dastanda Gilqameşin siyasi uğuru onun böyük divar tikməsi ilə xarakterizə olunur:

Bayır divar

Günəşdə ən parlaq mis kimi parlayır;

daxili divar şahların da təsəvvürünə sığmaz.

Hörgüyə bax, istehkama bax.

Uca divarları qədim siyasi düşüncənin çox yerində görmək mümkündür. Eradan əvvəl VII əsrə aid Böyük Çin Səddi buna misal ola bilər. Tarixin atası sayılan Herodot Yunanıstan, Misir və qədim Yaxın Şərqi gəzmişdi. Onun qeydlərində bir çox şəhərlərin düşməndən qorunmaq üçün divarlarla əhatə olunduğunu görürük. Görünür, divar tikmək cəhdi insanın dərin və qədim təhlükəsizlik ehtiyacından qaynaqlanır.

Ədalət layihəsi kimlər üçündür?

Herodot bundan başqa, qədim tiranların düşmənlərinə göstərdikləri qəddarlığı da qələmə alıb. Belə tiranlardan biri, Astiaq qızının yeni dünyaya gətirdiyi oğlan uşağının böyüyüb onun hakimiyyətinə təhlükə olacağından ehtiyat edir. O öz əsgərlərinə əmr edir ki, körpəni götürüb meşəyə, sağ qala bilməyəcəyi yerlərə aparsınlar. Tapşırığı yerinə yetirən əsgər bunu etmək istəmir və körpəni böyütməsi üçün bir kəndliyə verir. Uşaq böyüyəndə onun aristokratik təbiəti özünü çox büruzə verməyə başlayır. Onunla görüşən hər kəs bunu hiss edir. Astiaq bunu anlayanda öz hakimiyyəti üçün qorxuya düşür və onun sözündən çıxan əsgəri cəzalandırmaq qərarına gəlir. O, əsgərin oğlunu öldürərək doğrayır.

Tiranın qəddarlığı bununla bitmir. Bundan sonra o, uşağın ətini bişirtdirib əsgərin özünə yedirdir.

Müəllif yazır ki, biz antik həyatı geridə buraxmış dünyada yaşadığımızı düşünürük. Çünki zamanın qətiyyətlə irəliyə getdiyini, tarixi yolun bizi ədalətə doğru apardığını düşünürük. Bu düşüncə yanlışdır. İnsan qəddarlığı sadəcə gizlənə bilər. Ancaq qədim zorakılığımız bizimlədir, o, heç yerə getməyib.

Ədalət layihəsi yalnız müəyyən insanlar, məkanlar, müəyyən cəmiyyətlər, vətəndaşlar üçün baş tutub. Yalnız bəzi yerlər zorakılıq, dominantlıq və toranlığı yaxına buraxmayan sülh vadilərinə çevrilə bilib. Bu vadiləri mümkün edən qanunun aliliyi, konstitusionalizm, azad və bərabər vətəndaşların idarəçiliyi kimi alətlərdir. Bu alətlər birdən-birə ixtira olunmayıb. Onların ayrı-ayrı komponentləri dünya tarixinin müxtəlif dövrlərində fərqli yerlərdə yaranıb.

D.Allen hesab edir ki, hələ bundan sonra da gələcək nəsillərin təhlükəsizliyi və xoşbəxtliyi üçün bu qəbildən yeni alətlər ixtira olunacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG