Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Dünya Bankının kənd təsərrüfatına ayırdığı pullar necə ələ keçirilib


Dünya Bankı
Dünya Bankı

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankının dəstəyi ilə gerçəkləşdirdiyi «Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi» layihəsinin icrasında yeyintilərə yol verildiyi bildirilir. Bakı Ağır Cinayətlər Məhkəməsi layihə çərçivəsində müxtəlif adamların adına vəsaitlər ayrılmasını, həmin pulların mənimsənilməsini araşdırır.

Təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına üç nəfər çıxarılıb. Onlardan ikisi - Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti işləmiş Sevinc Zeynalova və onunla birlikdə yaşamış Emil Bağırov həbsdədir. IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə işləmiş Arzu İsmayılova haqqında isə istintaq və məhkəmə dövrü üçün həbs-qətimkan tədbiri seçilməyib.

İttihamda yazılıb ki, S.Zeynalova nazirlikdə maliyyə menecerinin assistenti işləyərkən layihə çərçivəsində müxtəlif adamların adlarına maliyyə köçürmələri barədə sənədlər hazırlayıb. Adlarına pul ayrılan adamların isə bundan xəbəri olmayıb. S.Zeynalovanın rəsmi sənədləri saxtalaşdırması da ittihamda yer alıb.

«Sevincə etibarım olub»

Yenə də ittihamnamədə yazıldığına görə, müxtəlif adamların adına ayrılan vəsaitlər bankda digər iki təqsirləndirilən şəxsin - E.Bağırov və A.İsmayılovanın adlarına açılan hesablara köçürülüb. Onlar köçürülən pulları çıxarıb S.Zeynalovaya qaytarıblar. S.Zeynalovanın həmin iki nəfərə bunun müqabilində müəyyən məbləğ verdiyi, onların da şirniklənib bu işə ortaq olduğu bildirilir.

Ancaq E.Bağırov və A.İsmayılova ittihamla razılaşmırlar. Deyirlər ki, S.Zeynalova xahiş edib, onlar da adlarına hesab açılıb pul köçürülməsi, məbləği nağd şəkildə çıxarıb onun özünə qaytarmağa razılaşıblar.

Təqsirləndirilən E.Bağırov məhkəmədə bildirib ki, Sevinclə rəsmi olmasa da, ər-arvad kimi yaşayıblar. Həbs olunana qədər özü də sahibkarlıqla məşğul olub: «Mən «Best» MMC-nin rəhbəri olmuşam. Ukraynadan kağız məhsulları gətirirdim. Başqa malların da topdansatışı ilə məşğul olmuşuq. Mənim bu işdə heç bir günahım yoxdur. Sevincə etibarım olub. O məndən xahiş edib ki, bank hesabıma köçürülən pulu çıxarım. Mən də bunu etmişəm».

Köçürmələr «AFB Bank» vasitəsilə həyata keçirilib. E.Bağırov deyir ki, Sevinc ondan, o da bu bankdakı tanışından xahiş edib ki, bu məsələdə kömək etsin. Tanışı da əlindən gələn köməyi edib.

Digər təqsirləndirilən A.İsmayılova da deyir ki, IFAD layihəsində satınalma üzrə analitik işləyib. Sevinc xahiş edib ki, onun adına olan hesaba pul köçürülsün, o da nağdlaşdırıb geri qaytarsın. Ancaq deməyib ki, həmin pulları özünə götürəcək: «Mən maddi məsul şəxs olmamışam. Sevinc xahiş edib ki, layihə üçün nağd pul lazımdır. Həmin pulu mənim hesabıma köçürüb. Mən də bankdan çıxarıb ona vermişəm. Heç bir saxtakarlıqda əlim olmayıb. Nə saxta möhür, nə də saxta sənədlərdən xəbərim olub».

«Başqa marağım olmayıb»

Təqsirləndirilən E.Bağırovun ifadəsində bəhs etdiyi bankdakı tanışı – «AFB Bank»ın «Nərimanov» filialında mühasib işləyən Esmira Əliyeva da məhkəmədə şahid kimi dindirilib. Deyib ki, E.Bağırovla dost olublar. Emil hesab açılması, pulların nağdlaşdırılıb çıxarılması barədə xahiş edəndə həmin vəsaitlərin biznes məqsədilə lazım olduğunu bildirib.

«Köçürülən puldan vergi tutulurdu, nağdlaşdırılıb Emilə verilirdi», – E.Əliyeva bildirib.

Dindirmə zamanı aydınlaşıb ki, bankda E.Bağırovun xahişi ilə təkcə onun özünün yox, başqa şəxslərin də adına pul köçürülməsi təşkil olunub. Bu barədə suala isə şahid belə cavab verib: «Emilə kömək üçün bunu etmişəm. O adamların adına olan hesaba pul köçürülüb. Həmin pul da çıxarılaraq Emil Bağırova verilib».

Ancaq E.Əliyeva köçürülən vəsaitlərin nağdlaşdırılıb mənimsənilməsindən xəbərsiz olduğunu söyləyib: «Mənim məqsədim ancaq Emilə kömək etmək olub. Başqa heç bir marağım olmayıb».

Dindirmə zamanı o da məlum olub ki, bu işlə əlaqədar E.Əliyeva haqqında da cinayət işi başlanıb və ayrıca icraata götürülüb.

Məhkəmə araşdırmaları davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG