Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:42

Daha 4 cəbhəçi 300 manat cərimələnib


Müsavatın Növxanıdakı tədbiri
Müsavatın Növxanıdakı tədbiri

Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlanıb, sonra da buraxılanlardan daha 4-ü bu gün, mayın 31-də Abşeron Rayon Məhkəməsində cərimələnib.

Onlar Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Adil Babayev, Nizami Abbasov, Ruslan Şərifov və Elşən Həsənovdur.

Həmin şəxslərin 4-ü də İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinin (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) pozulmasında təqsirli bilərək, 300 manat cərimələniblər.

“Mən “Azərbaycan!” qışqırdım”

Onlardan Nizami Abbasov deyib ki, o, həmin tədbir zamanı heç bir qaydanı pozmayıb, əksinə polis yolu bağlayaraq vətəndaşlara keçməyi imkan verməyiblər:

“Polis bizə kobudluq göstərəndə mən “Azərbaycan!” qışqırdım, həmin an polislər qollarımı arxadan burdular və onun nəticəsində əlimdən bayraq düşdü. Sonra məni polisə apardılar, barəmdə protokol tərtib etdilər. Bu gün, mayın 31-də isə cərimələndim. Apellyasiya şikayəti verəcəm”.

Dünən, mayın 30-da isə Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu və AXCP-nın 3 üzvü Abşeron Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimələnmişdir. Tofiq Yaqublu da məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini bildirmişdilər.

Xatırlatma

28 May Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. Mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçiriblər. Həmin anım mərasimlərində polislə gərginlik yaşanıb.

Müsavat Partiyasının dörd fəalının saxlanıb, buraxıldığı açıqlanıb. Amma onlar məhkəməyə gətirilməyib. Həmin gün Milli Şuranın tədbirində də səkkiz nəfərin saxlanıb, buraxıldığı deyilirdi. Mayın 30-u və 31-də Abşeron Rayon Məhkəməsində hakim önünə çıxarılıb 300 manat cərimə edilənlər də elə həmin 8 nəfər olub.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

XS
SM
MD
LG