Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:02

'COVID-19 təcridi antiutopiya deyil'


Margaret Atwood
Margaret Atwood

Bir yox, bir neçə antiutopiya romanının müəllifi, tanınmış Kanada yazıçısı Margaret Atwood deyir ki, bu gün yaşadığımız təcrid dünyası "xoşagəlməz, qorxulu, istəmədiyimiz yer olsa da", antiutopik deyil.

Atwood BBC-nin "Radio 5" radiosunun aparıcısı Emma Barnett-ə müsahibəsində deyib ki, "texniki olaraq antiutopiya içində yaşamaq istəmədiyiniz, quraşdırılmış, xoşagəlməz cəmiyyətdir. [İçində yaşadığımız bu cəmiyyət əvvəlcədən] quraşdırılmayıb. İnsanlar o qədər də xoşa gəlməyən qaydalar qoya bilər, ancaq bu, qəsdən yaradılmış totalitarizm deyil. Bu, qəsdən yaradılmış qaydalar deyil".

Günahlandırmağa bir şey axtarmaq

Atwood mövcud vəziyyətin "fövqəladə hal böhranı" olduğunu vurğulayıb. "Qəfil hücum kimi xoşagəlməz halda olmaq antiutopiya deyil. Bu, xoşagəlməz, qorxunc, içində olmaq istəmədiyiniz narahat yer olsa belə, hökumət tərəfindən sizə nəzarət etmək üçün yaradılmayıb", - məşhur "Damazlıq qadının hekayəsi" (The Handmade's Tale) romanının müəllifi deyib.

Atwood 5G texnologiyasının koronavirusu yaydığı haqda konspirasiya nəzəriyyələrini XIV əsrdə taun dalğasının Avropanı vurması ilə müqayisə edib.

"Panika epidemiyası olanda insanlar günahlandırmağa bir şey axtarırlar. Çünki günahlandırmağa bir şey tapanda təhlükəni ləğv edə bilirsən. Qara ölümün [hücumu] vaxtı bir şəhərdən başqasına gedən cüzamlılar, daim bir yerdən başqasına köçdükləri üçün qaraçılar və ən adi səbəblərdən yəhudilər ittiham olunurdu. Bir də cadugərlər. Hər yerdə taun yaradan cadugərlər. Beləliklə, bütün bu insanları məhv edə bilsəydin, bəlkə, taun da olmazdı. Deyəsən, insan həmişə nəyisə yandırmağa can atıb", – o deyib.

"Hələ adamları yandırmırlar"

5G ətrafında yaranmış konspirasiya nəzəriyyələri telefon qüllələrinin hücuma məruz qalaraq yandırılmasına səbəb olub. "Heç olmasa, hələ adamları yandırmırlar", - deyə Atwood bu hücumları törədən insanlar haqda deyib.

Atwood siyasətçilərin pandemiyaya münasibətlərini müharibə vəziyyətinə xas dildə ifadə etmələrinə də münasibət bildirib: "Güclü immun sisteminiz və yaxşı səhiyyə xidmətiniz varsa, nə yaxşı. Ancaq kimsə xəstəlikdən sağ çıxmırsa, bu onun təslimçi olduğunu göstərmir. Bu, qurbanı günahlandırmaq, onların yaxşı vuruşmadığını demək kimi bir şeydir. Buna görə də mən bu haqda həmin ritorikadan istifadə etmirəm. Bu, müharibə deyil".

İki dəfə "Booker" mükafatına layiq görülmüş yazıçı bu böhranın dünyanın tibb işçilərinə və hər kəsi əhatələyən səhiyyə sisteminə daha çox dəyər verməsinə yol açacağını deyib: "Bizim cənub qonşumuzda (ABŞ nəzərdə tutulur – tərc.) baş verən xaosu görürsünüz. Bəzi ştatlara, ümumiyyətlə, hər hansı dəstək verilmir. Onların bununla bağlı planları yoxdur və orada işlər çox çətindir. Gəlin unutmayaq ki, belə həyəcan siqnalları daha əvvəl də olub və bizim hətta pandemiya ilə bağlı planlarımız da olub. Sonra pandemiya olmadı və bu planlar kənara qoyuldu. Bir çox ölkələr buna, sadəcə, hazır deyildilər. Ancaq xatırlasaydılar, hazır olardılar".

"Təcriddə kukla tamaşası"

Ötən ilin sentyabrında həyat yoldaşı, yazıçı Graeme Gibson-u itirmiş Margaret Atwood sentyabrdan bəri həyatın çətinləşdiyini, ancaq o zamandan bəri bir qədər təkliyi məşq edə bildiyini deyir. "Bəli, çətindir, ancaq mən planetdə tək deyiləm", – o deyir.

Ötən ayın ortalarında Atwood-un Amerika yazıçısı Edgar Alan Poe-nun "Qırmızı ölümün maskası" əsəri əsasında "Təcriddə kukla tamaşası" səhnələşdirdiyi xəbəri çıxıb. Onun üzərində bacısı Ruth-la birgə çalışdığı bu layihə BBC-nin "Front Row Late" proqramında göstəriləcək.

Proqramın aparıcısı, tarixçi Mary Beard deyib ki, kuklalar "evdə ələ keçən əşyalardan hazırlanıb". Baş rolu "ifa edən" kukla isə əl üçün dezinfeksiyaedici vasitədən düzəldilib. "Bu, elə səsləndiyi qədər məzəli və maraqlıdır", – o deyib.

Qeyd edək ki, Margaret Atwood bütün dünyada "The Handmade's Tale" romanı və onun əsasında çəkilmiş eyniadlı serialla tanınsa da, o, bir neçə televiziya layihəsinə müəlliflik edib. 2017-ci ildə "Netflix" onun "Alias Grace" romanı əsasında serial çəkib. CBC kanalının istehsalı olan "Wanderin Wenda" adlı uşaq televiziya layihəsi isə onun 26 kitabı əsasında çəkilib.

XS
SM
MD
LG