Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Trump-ın keçmiş vəkilinə üç il iş kəsildi


Michael Cohen
Michael Cohen

Uzun müddət ABŞ prezidenti Donald Trump-ın şəxsi vəkili olmuş Michael Cohen vergi və bank fırıldağına, habelə seçki kampaniyası maliyyəsi sahəsində pozuntulara dair ittihamlar üzrə təqsirli olduğunu etiraf etdikdən sonra üç il müddətinə həbsxana cəzasına məhkum edilib. Təhlilçilər bildirirlər ki, Cohen-in məhkum edilməsi bu məsələyə Trump-ın özünü də qarışdıra bilər.

Michael Cohen-in özünü təqsirli bildiyiy ittihamların arasında Trump-ın Rusiyadakı keçmiş biznes sövdələşmələri barədə Konqresə yalan deməsi, Trump-la intim əlaqələri olduğu deyilən qadınlara “susmaq pulunun” ödənməsi də var.

ABŞ sahə hakimi William Pauley dekabrın 12-də Coheni qadınlara pul ödənməsi ittihamı üzrə 36 ay müddətinə azadlıqdan məhrum edib. Qadınlara Trump-la münasibətləri barədə susmaları üçün pul ödənməsi seçki kampaniyası qanunlarını pozub. Cohen Konqresə yalan danışdığına görə daha iki ay müddətinə azadlıqdan məhrum edilib. Bu cəzaların müddəti eyni vaxtdan hesablanacaq.

Buna baxmayaraq hakim Cohen-ə cəzasını çəkmək məqsədilə könüllü şəkildə gəlməsi üçün martın 6-dək vaxt verib.

Michael Cohen (sağda) məhkəməyə ailəsi ilə gəlmişdi
Michael Cohen (sağda) məhkəməyə ailəsi ilə gəlmişdi

52 yaşlı Cohen məhkəməyə arvadı, oğlu və qızı ilə gəlmişdi.

ABŞ prokurorları bundan əvvəl demişdilər ki, Cohen müstəntiqlərlə tam əməkdaşlıq etməyib və buna görə də ona “əhəmiyyətli” müddətdə həbsxana cəzası verilməlidir.

Prokurorların diqqəti Cohen-in Trump-ın biznes təşkilatı üçün işi üzərinə yönəlmişdi.

Qadınlara susmaları üçün pulun 2016-cı ildə verilməsi və bunun Trump tərəfindən ödənməsinə dair iddialar seçki qanununun pozulması kimi təfsir oluna bilər. Qanunlara görə kampaniya fondundan qadınlara ödənmiş pullar müəyyən bir məbləği aşarsa, bu artıq ağır cinayət əməli hesab oluna bilər.

Cohen-ə qarşı iş Trump kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatından qaynaqlanıb.

Cohen habelə Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran Konqres komitəsinə yalan məlumat verdiyinə görə məhkum edilib.

Konqresdə millət vəkilləri onu Trump-ın Moskvada otel tikintisi planları ilə bağlı sorğu-sual etmişdilər.

Cohen əvvəlcə demişdi ki, Moskvada otelin tikintisinə dair danışıqlar 2016-cı ilin yanvarında başa çatıb. Lakin Mueller-in məhkəməyə tədim etdiyi sənədlərdə bu danışıqların iyun ayında da davam etdiyi göstərilir. Bu isə o deməkdir ki, Trump artıq respublikaçı namizəd olduqdan sonra da biznes fəaliyyətini dayandırmayıb.

Cohen bu barədə Senatın Kəşfiyyat Komitəsinə yanlış məlumat verdiyini etiraf edib.

Trump onun seçki kampaniyası ilə Rusiya hökuməti arasında sövdələşməyə dair iddiaları dəfələrlə rədd edib. Trump Mueller-i onun müşavirlərindən özünə qarşı ifadələr qoparmaq üçün onlara təzyiq göstərməkdə günahlandırıb.

Dekabrın 11-də Reuters-ə verdiyi müsahibədə Trump Konqresin onu impiçment edə biləcəyindən narahat olmadığını deyib:

"Heç bir qanunsuz iş görməyən və üstəlik ölkəmizin tarixində ən böyük iqtisadiyyatı yaradan adamı impiçment etmək asan deyil”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG