Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Hillary Clinton Joe Biden-in namizədliyini dəstəklədiyini elan edib


Hillary Clinton
Hillary Clinton

Demokratların prezidentliyə keçmiş namizədi Hillary Clinton aprelin 28-də 2020-ci il ABŞ seçkisində onun partiyasından namizəd, keçmiş vitse-prezident Joe Biden-i dəstəklədiyini bildirib.

Video ilə keçirilən konfransda xanım Clinton deyib ki, hazırda Amerikaya Joe Biden kimi prezident lazımdır.

Keçmiş senator, birinci ledi və dövlət katibi Clinton-un dəstəyi Joe Biden-in prezident Donald Trump-a qarşı seçki kampaniyasında onun mövqelərini xeyli möhkəmləndirib.

Joe Biden-ə bundan daha əvvəl keçmiş prezident Barack Obama, Biden-in namizəd yarışındakı keçmiş rəqibləri, senatorlar Bernie SandersElizabeth Warren də dəstək bildiriblər.

Bu videokonfransda Biden-in seçki kampaniyası ölkəni bürümüş koronavirus epidemiyası ilə bağlı problemləri müzakirə edirdi.

COVID-19 virusu indiyədək 1 milyondan çox amerikalıya yoluxub və 58 min insanın ölümü ilə nəticələnib.

Cinzi təcavüz ittihamı

Demokratların Biden-in ətrafında sıx birləşdikləri bir vaxtda keçmiş vitse-prezident cinsi təcavüz ittihamları ilə üzləşməkdədir.

Bideni onun senatdakı ofisinin keçmiş işçisi Tara Reade ittiham edir.

Biden indiyədək özünü qadın hüquqlarının qızğın müdafiəçisi kimi təqdim edib və bu ittihamları qəti şəkildə rədd edir.

Reade Biden-in namizədliyini dəstəklədiyinə görə aprelin 28-də Hillary Clinton-u tənqid edib.

O Fox News telekanalına bildirib ki, xanım Clinton “indiyədək qüdrətli kişilərin öz cinsi təcavüzlərini gizlətməsinə kömək edən birisi kimi tanınıb”.

Belə görünür ki, Reade-in açıqlamaları Biden-in seçki kampaniyasına bundan sonra da kölgə salmaqda davam edəcək.

Reade-in qonşularından biri - Lynda LaCasse “Business Insider” saytına deyib ki, Reade ona 1990-cı illərdə cinsi təcavüzə məruz qaldığını danışıb.

Biden-in daha bir keçmiş işçisi - Lorraine Sanchez də Reade-in 1990-cı illərdə üzləşdiyi cinsi təcavüz barədə şikayətləndiyini deyib.

Sanchez bu söhbətlərdə Biden-in adının çəkilməsini xatırlamasa da, bildirib ki, “Reade bu adamın onun müdiri olduğunu” deyirdi.

Barack Obama, Joe Biden, Hillary Clinton 2010-cu ildə
Barack Obama, Joe Biden, Hillary Clinton 2010-cu ildə

Biden daha belə etməyəcəyini deyib

Sözü gedən iki qadın mediaya danışmazdan əvvəl ortalığa bir müəmmalı video da çıxıb. Reade-in dediyinə görə, bu videoda indi onun artıq vəfat etmiş anasının 1993-cü ildə CNN-nin aparıcısı Larry King-ə telefonla şikayət etməsi görünür. Reade-in sözlərinə görə aansı King-ə Biden-in nalayiq cinsi davranışından şikayət edib.

Bu videoda kimliyi bilinməyən bir qadın Larry King-ə deyir ki, onun qızı Vaşinqtonda tanınmış senatorla bağlı problemlər yaşayıb, amma həmin senatorun adını batırmamaq üçün mətbuata müraciət etməyib.

Reade iddia edir ki, o üzləşdiyi cinsi qısnama və təcavüz barədə Biden-in ofisindəki vəzifəlilərə müraciət etsə də, onlar şikayətə məhəl qoymayıblar və ona özünə başqa iş tapmağı məsləhət görüblər.

The New York Times qəzeti xəbər verirdi ki, Reade və 1990-cı illərdə onunla birlikdə Biden-in ofisində işləyən başqaları ilə müsahibələr edib. Qəzetin yazdığlna görə Biden-in keçmiş işçilərindən heç biri xanın Reade-in dediklərini təsdiqləməyib.

Reade bundan əvvəl Biden-i cinsi qısnamada ittiham edirdi, lakin indi ittihamlarına “cinsi təcavüzü” də əlavə edib.

2019-cu ilin əvvəllərində Reade də daxil 8 qadın Biden-in onlara sataşdığını iddia edirdilər.

Özünün açıq-saçıqlığı ilə tanınan Biden bu şikayətləri nəzərə alacağını və gələcəkdə belə məsələlərdə daha diqqətli olacağını vəd etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG