Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:15

Bakı Clinton hökumətinə yol tapa biləcəkmi?


H.Clinton və İ.Əliyev
H.Clinton və İ.Əliyev

Hillary Clinton-un seçki kampaniyası ilə lobbist münasibətləri Azərbaycan üçün yaxşı qurtarmaya bilər. «Eurasianet» saytının Azərbaycan haqda son məqaləsindən belə çıxır.

Müəllif Giorgi Lomsadze yazır ki, Azərbaycanın ABŞ-da imicini formalaşdırmaq işinə 7 ildir ki, «Podesta Group» baxır. Vaşinqtonda yerləşən və güclü lobbi şirkəti olan «Podesta Group» bu işdən ötrü Azərbaycan səfirliyindən ayda 45 min dollar alır. Şirkətin baş direktoru 73 yaşlı Tony Padesta hazırda həm də demokratların prezidentliyə namizədi Hillary Clinton-un seçki təbliğatına vəsait toplayan əsas şəxsdir. Onun qardaşı 67 yaşlı John Podesta isə Clinton-un seçki kampaniyasının rəhbəri kimi fəaliyyət göstərir, üstəlik, keçmiş prezident Bill Clinton aparatının sədri olub.

Hüquq müdafiəçiləri bu aspektdən çıxış edərək, H.Clinton-un qalib gələcəyi və John Podesta-nın onun müşavirliyinə, yaxud hər-hansı başqa vəzifəyə təyin olunacağı halda, Azərbaycan rəsmilərinə yardım edəcəyindən, ABŞ rəsmiləri ilə görüşlərə şərait yaradacağından narahatdırlar.

«PODESTA GROUP» CLINTON-A YARDIM EDİR

Müəllif Ədliyyə Departamentinin sənədlərinə əsaslanaraq, «Podesta Group»un Azərbaycan səfirliyi ilə müqaviləsinin ilin sonuna qədər davam edəcəyini yazır. Və qrup səfirliyin tələblərinə uyğun olaraq, Azərbaycan rəsmilərinin təkcə Konqres, mətbuat və QHT təmsilçiləriylə deyil, həm də icra orqanları rəsmiləriylə görüşlərinə söz verib.

Fəalları narahat edənsə, bu görüşlərdə Azərbaycanda demokratiyanın vacibliyinin vurğulanmayacağı ehtimalıdır. Azərbaycanda insan haqları məsələləriylə məşğul olmuş keçmiş diplomat Rebecca Vincent hökumətdəkilərin Clinton kampaniyası ilə bağlılığını yaxşı əlamət saymır.

John Podesta
John Podesta

John Podesta-nın e-mail-lərinin haker hücumları nəticəsində açılması və «WikiLeaks» tərəfindən nəşri Clinton kampaniyasının «Podesta Group» kimi lobbistlərin ianələrini qəbul etdiyini ortaya çıxarıb. «The Washington Post» qəzeti isə xarici ölkələrə işləyən «Podesta Group»un Clinton-un seçki kampaniyasına 268 min dollar ayırdığını xəbər verib. Bundan başqa, şirkət Clinton-un kampaniyasına yardım edən «Hillary Qələbə Fondu»na 152 min 300 dollar bağışlayıb.

«BAKININ CƏHDLƏRİ EFFEKTLİDİR»

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov «Eurasianet»ə müsahibəsində Bakının öz imicini dəyişmək cəhdlərinin effektli olduğunu deyib: ««Podesta Group» kimi lobbiçilər ölkədə baş verən repressiyaların beynəlxalq diqqətdən yayındırılması işində Əliyev rejiminə kömək edirlər».

«Eurasianet» yalnız Clinton-un deyil, onun rəqibi, respublikaçı namizəd Donald Trump-ın da Azərbaycan rəsmiləriylə bağlılığını qeyd edir. Trump-ın azərbaycanlı biznesmen, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla şərik olduğu məlumdur. Onlar Bakıda Trump qüllələrinin tikilməsi layihəsini gerçəkləşdirmək istəyiblər.

Trump Azərbaycanda insan haqlarının durumuyla bağlı, hələlik, bir söz deməyib. H.Clinton isə 2012-ci ildə – dövlət katibi kimi Azərbaycana gələndə, hökuməti söz azadlığına daha çox sayqı göstərməyə, fikirlərinin azad şəkildə ifadəsinə görə həbs olunanları buraxmağa çağırmışdı.

H.Clinton və İ.Əliyev
H.Clinton və İ.Əliyev

«CLINTON ADMİNİSTRASİYASI ƏLİYEVLƏ MÜANSİBƏTLƏRİ SOYUTMAZ»

Qafqaz üzrə müşahidəçi, Nyu-Yorkda siyasi inkişaf üzrə mütəxəssis kimi çalışan Lincoln Mitchell «Podesta Group»un yeni administrasiyada Azərbaycan hökumətinin maraqlarını güdməyəcəyinə inanır. ««Podesta»lar üçün Clinton-la münasibətlər Bakıdan aldıqları puldan qat-qat dəyərlidir. Onlar ikinciyə yardım məqsədiylə birincini təhlükədə qoymazlar… Söhbət mənəvi cəsarətdən getmir, dollarların, sentlərin hesablanmasından gedir. «Podesta»lar Clinton-un səhv etməsinə səbəb olsalar, həm münasibətlərinə, həm də Vaşinqtondakı dolanışıqlarına zərbə vurmuş olarlar», - o söyləyir.

Ancaq L.Mitchell Clinton administrasiyasının Əliyevlərə qarşı olacağını da düşünmür.

Məsələn, Vaşinqtonda fəaliyyət göstərən, vicdan məhbusları və hüquq müdafiəçilərinin azadlığa buraxılmasına çalışan «Freedom Now» təşkilatının icraçı direktoru Maran Turner hesab edir ki, Azərbaycan bütün siyasi məhbusları azad etməyincə və demokratik islahatlar aparmayınca, ABŞ Bakı ilə münasibətlərini məhdudlaşdırmalıdır.

L.Mitchell isə bu yanaşmanın real olmadığını, ABŞ-Azərbaycan əlaqələrinin əvvəldən praqmatik, real-siyasi xarakter daşıdığını deyir. «ABŞ Azərbaycanda insan haqlarının pozulması haqda Bakı Moskvayla yaxınlaşarsa, ya da ABŞ-dan ötrü vacib məsələlərdə Vaşinqtonla razılığa gəlmədiyi halda danışar. Bir sözlə, mən Clinton administrasiyasının Əliyev hökumətiylə münasibətləri soyudacağına inanmıram».

XS
SM
MD
LG