Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Cinayətlər artıb


Ramil Usubov
Ramil Usubov

“2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.381 cinayət qeydə alınıb. Onların 84, 7 faizinin açılması təmin olunub”.

Bunu bu gün, yanvarın 28-də ötən ilin yekunları ilə bağlı Daxili İşlər Nazirliyində keçirilən toplantıda nazir Ramil Usubov deyib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Cinayətlərin 89, 7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etdiyi qeyd edilib.

5 nəfər “məhv edilib”

“Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib. Polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib”, açıqlamada yazılıb.

Habelə iddia edilib ki, qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib.

“144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib. Bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”, deyə vurğulanıb.

Yol hərəkəti qaydalarının pozulması artıb

Hesabatda bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozmalarının aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Habelə qeyd edilib ki, ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib.

Xatırlatma

Bir il əvvəl isə daxili işlər naziri Ramil Usubov bildirmişdi ki, 2017-ci ildə 26 min 113 cinayət qeydə alınıb. Ancaq onda vurğulanırdı ki, cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb.

Üstəlik, bəzi yerli saytların məlumatına görə, daxili işlər naziri Ramil Usubov Azərbaycan polisinin 100 illik yubileyi (2018-ci il iyulun 2-si) zamanı bildirib ki, cinayətlərin, orta hesabla, 87 faizi ( 2018-ci ilin yekunlarına görə, 85 faizə yaxını) açılır.

Bəzi ekspertlər Azərbaycanda baş verən cinayətlərin açılma faizinin ümumilikdə yüksək olmasını heç də hüquq-mühafizə orqanlarının peşəkarlığı ilə izah etmirlər. Onlar deyirlər ki, Azərbaycanda bəzi cinayətlər qeydiyyatdan kənarda qalır.

XS
SM
MD
LG