Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:29

Çin Ronaldo-ya ildə 100 milyon avro təklif edir


Cristiano Ronaldo
Cristiano Ronaldo

Çin Super Liqası (CSL) «Real Madrid»ə gözləri hədəqəsindən çıxaran təklif göndərib. Liqa komandanın oyunçusu Cristiano Ronaldo-ya ildə 100 milyon avrodan çox, komandaya isə onunla müqavilədən imtina etməkdən ötrü 300 milyon avrodan çox pul vəd edir. Bu haqda «The Daily Mail» qəzeti C.Ronaldo-nun agenti Jorge Mendes-ə istinadən yazır.

«İSPAN KLUBU ONUN HƏYATIDIR»

J.Mendes-in dediyinə görə, CSL klublarından biri 31 yaşlı oyunçuyla həftəsi, az qala, 2 milyon avroluq müqavilə bağlamaq istəyir. Agent C.Ronaldo-nun bu inanılmaz təklifdən artıq imtina etdiyini söyləyib. «Sky Sports Italia»ya müsahibəsində J.Mendes deyib ki, «Pul hər şey deyil, ispan klubu onun həyatıdır».

Qəzet yazır ki, C.Ronaldo-ya təklif olunan məbləğ çoxlarına dəhşətli dərəcədə böyük görünə bilər. Amma bu, CSL-in ilk böyük təklifi deyil.

Liqanın klublarından «Shanghai SIPG» «Chelsea»nin yarımmüdafiəçisi Oscar üçün 70 milyon 260 min avro ödəyib, yanvardan futbolçu yerini dəyişəcək və klubdan ildə 24 milyon 350 min avro alacaq.

Argentinalı oyunçu Carlos Tevez-ə isə CSL həftədə 720 min, ildə 36 milyondan çox avro ödəyərək, onu dünyanın ən gəlirli futbolçusuna çevirib. C.Ronaldo-ya 3 dəfə artıq təklif edilir.

Cristiano Ronaldo
Cristiano Ronaldo

HƏFTƏYƏ 427 MİN AVRO

«Çin bazarı yeni bazardır, onlar çox oyunçunu ala bilərlər, amma Ronaldo-nu deyil», - deyən J.Mendes sözlərinə onu da əlavə edib ki, «Cristiano dünyanın ən yaxşı oyunçusudur, ondan yaxşısı olmayıb. Onun bu cür təkliflər alması normaldır».

C.Ronaldo bu təklifi qəbul etmədən də dünyanın 3 ən gəlirli futbolçularından biridir. «Real Madrid»lə müqaviləsi oyunçuya həftədə 427 min avrodan artıq gəlir gətirir. Bu yaxınlarda təzələnmiş müqavilə 5 illikdir və klubun Çinin təklif etdiyi pula – 300 milyon avroya görə futbolçudan imtina edəcəyi gözlənmir.

«Forbes» jurnalının hesablamalarına görə, illik əməkhaqqı da əlavə olunarsa, C.Ronaldo planetin ən varlı idmançısıdır, onun illik gəliri 83 milyon avrodan çoxdur.

Bundan başqa, C.Ronaldo 4 dəfə FIFA-nın Qızıl Top mükafatını qazanıb. Yanvarda Lionel Messi və Antoine Griezmann kimi, onun da FIFA-nın ən yaxşı oyunçusu adına layiq görüləcəyi gözlənir.

HÖKUMƏTİN ARZUSU

«The Daily Mail» yazır ki, Çinin yüksəksəviyyəli futbolçuları öz klublarına cəlb etməkdə məqsədi var. Bu, Çini dünya futbolunda nüfuzlu ölkəyə çevirməklə bağlı geniş layihənin bir hissəsidir. Hökumət 2050-ci ildə keçiriləcək dünya çempionatının kubokunu ölkəyə gətirmək niyyətindədir.

Oscar və Tevez-lə yanaşı, Hulk və Graziano Pelle kimi oyunçular da CSL-in təkliflərini qəbul ediblər. «Manchester United»in oyunçusu Wayne Rooney də Çin liqasının hədəflərindəndir.

Zlatan Ibrahimovic isə yayda ona həftədə 1 milyon 180 min avro təklif edən müqavilədən imtina edərək, «Old Trafford»da oynamağa üstünlük verib.

XS
SM
MD
LG