Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:36

Çin prezidentinin 'ömürlük hakimiyyətinə' yaşıl işıq


Çin - Ölkə lideri Xi Jinping-in şəkli önündən keçən Pekin sakinləri.
Çin - Ölkə lideri Xi Jinping-in şəkli önündən keçən Pekin sakinləri.

Çinin daha çox formal xarakter daşıyan parlamenti martın 11-də ölkə konstitusiyasına mübahisəli dəyişikliyin edilməsinə "hə" deyib.

CNN xəbər verir ki, bu dəyişiklik hazırkı prezidenti Xi Jinping-ə hakimiyyətdə ömürlük qalmağa imkan verir.

3000 nəfər xalq nümayəndəsindən yalnız ikisi təklif olunan Konstitusiya dəyişikliklərinə, o cümlədən prezidentlik müddəti ilə bağlı limitin ləğvinə qarşı çıxıb. 3 nəfər bitərəf qalıb.

Dəyişikliklərin parlamentdən keçməsi üçün səslərin üçdə ikisi tələb olunurdu.

Xi Jinping-in digər iki vəzifəsinin - Kommunist Partiyasının sədri və ali baş komandan vəzifələrinin də müddətlə bağlı limiti yoxdu.

Buna da bax: Xi avtokratlar üçün təzə standart qoyur

64 yaşlı Xi-ni bir çoxları Çinin müasir tarixində Mao Zedong-dan sonra ən güclü lideri hesab edirlər.

Rəsmi mətbuat konstitusiya dəyişikliklərini "partiya və xalqın ümumi iradəsinin təcəssümü" kimi dəyərləndirib.

Amma bəzi tənqidçilər hesab edirlər ki, "ömürlük prezidentlik" Xi Jinping üçün həm də təhlükəli oyun ola bilər.

"O, sadəcə, özü üçün böyük bir xəndək qazıb" - deyə Çinin rəsmi gənclər qəzetinin keçmiş redaktoru, ölkədəki azsaylı müxalif səslərdən biri Li Datong deyir:

"Prezidentlik müddəti Çindəki siyasi dairələrin qəbul etdiyi ən böyük ümumi dəyər idi. Onun ləğvi iç savaşına yola aça bilər".

Parlament vitse-prezidentlik müddəti ilə bağlı müddətin də ləğvinə səs verib.

Gözlənilir ki, Xi-nin ən yaxın adamlarından olan Wang Qishan vitse-prezident vəzifəsinə gətiriləcək. O, əvvəllər korrupsiya qarşı mübarizə sahəsinə nəzarət edib. Gözlənilir ki, bu həftənin sonunda o, vitse-prezidentliyə gətiriləcək.

İndiyəcən Çində vitse-prezident çox az səlahiyyətə malik idi, amma Wang Qishan-ın gəlişi ilə bu vəzifənin çəkisi arta bilər.

Xi və onun ən yaxın adamı beləcə, Çini uzun müddət idarə edə bilərlər.

Parlamentdən keçən başqa bir dəyişiklik korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu qurumun yaradılmasıdır.

Milli Nəzarət Komissiyasının, hökumətin, Ali Məhkəmənin və Baş Prokurorluğun səlahiyyətləri ilə müqayisə olunacaq səlahiyyətləri olacaq.

Bu qurum Kommunist Partiyasının uzun illər eyni işi görmüş təsisatı ilə eyni binada yerləşəcək və onların işçi heyəti müştərək olacaq.

Partiyadakı təsisata əvvəllər məhz Wang rəhbərlik edib.

Bir çoxları ehtiyat edir ki, yeni qurum həm də partiya daxilində Xi-nin liderliyinə qarşı azacıq da olsa müxalif münasibət göstərənlərə qarşı silah kimi istifadə olunacaq.

Bəziləri Xi-nin "ömürlük prezidentliyə" doğru addımını Putinin Rusiyada hakimiyyəti öz əlində cəmləşdirməsi ilə müqayisə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG