Pekində Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Entoni Blinken və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin görüşüb.
"Amerikanın səsi" xəbər verir ki, danışıqlar təxminən yarım saat davam edib və bu, Blinkenin Çinə iki günlük səfərinin yekununu təşkil edib.
Dövlət katibi ilə ÇXR rəhbəri arasında görüşün baş tutub-tutmayacağı son ana qədər məlum deyildi. Dövlət Departamenti bunu yalnız bu gün, iyunun 19-da səhər saatlarında təsdiqləyib.
Çin lideri sonuncu dəfə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri ilə 2018-ci ildə görüşmüşdü. O zaman Dövlət Departamentinin rəhbəri Con Sallivan idi.
"Amerikanın Səsi" təxmin edir ki, iyunun 19-da keçirilən görüş bu ilin sonunda ABŞ-Çin liderlərinin sammiti ilə nəticələnə bilər.
"İki tərəf səmimi və ətraflı müzakirələr aparıb. Ümid edirəm ki, bu səfərlə, cənab dövlət katibi, siz Çin və ABŞ arasında münasibətlərin sabitləşməsinə daha müsbət töhfə verəcəksiniz", - Si Çipin Entoni Blinkenə deyib.
Öz növbəsində, Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Vaşinqton Tayvanla bağlı "vahid Çin" siyasətini dəstəkləyir və onun müstəqilliyini tanımır. Blinken vurğulayıb ki, ABŞ yeni soyuq müharibə axtarışında deyil.
Bazar günü, iyunun 18-də isə dövlət katibi Çinin xarici işlər naziri Çin Qan ilə görüşüb. Danışıqlar beş saatdan çox davam edib. Görüşün sonunda Dövlət Departamentinin rəsmisi jurnalistlərə bildirib ki, hər iki tərəf gərginliyi azaltmaq istəyini nümayiş etdirib. Eyni zamanda, ABŞ nümayəndəsinin sözlərinə görə, Vaşinqtonla Pekin arasında bir sıra məsələlərdə hələ də dərin fikir ayrılıqları var. O, detalları açıqlamayıb.
E.Blinkenin Pekinə səfəri bu ilin fevralına nəzərdə tutulmuşdu. Lakin bu ərəfədə ABŞ öz hava məkanında Çin aerostatını vurduqdan sonra səfər təxirə salınmışdı. Vaşinqton daha sonra bildirdi ki, vurulan aparat kəşfiyyatla məşğul olub. ÇXR səlahiyyətliləri cavab olaraq onun kursdan çıxmış meteozond olduğunu söyləyib.
Müxtəlif media orqanları bildirir ki, Blinkenin Pekinə səfərinin əsas məqsədləri iki ölkə arasında gərginliyi azaltmaq, ticarət münaqişələrini yumşaltmaq və Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək olub.
Hələlik, tərəflər arasında hər hansı konkret razılaşma açıqlanmayıb.