Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:10

'Cinçıxarma' işi: 'Qucaqlamaq istəyəndə ağrıdan qışqırdı'


M.Sultanovun ölümünə görə 6 nəfər cinayət məsuliyyətinə cəlb olunub
M.Sultanovun ölümünə görə 6 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Şabranda «cin çıxarmaq» adıyla döyülüb ölən 25-yaşlı Murad Sultanovun atası Şahin Sultanov oğlunun başına gələnlərdən danışır. Məlum olur ki, Muradı «sağaltmaqdan» ötrü dəfələrlə atasının yanında da zeytun çubuqlarıyla döyüblər. Amma sonuncu dəfə döyüləndə atası yanında olmayıb. «Müalicə seansı» 40 dəqiqə çəkib və nəticədə gənc adamın daxili orqanları zədələnib.

M.Sultanovun ölümünə görə 6 nəfər cinayət məsuliyyətinə cəlb olunub - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Füzuli Qəribov, Sahib və Aprel Xəlilovlara qəsdən sağlamlığa ağır zərər vurma, qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiqetmə maddələri ilə ittiham irəli sürülüb. Onlar ehtiyatsızlıqdan zərərçəkmişin ِölümünə səbəb olmaqda suçlanırlar.

Hadisənin baş verdiyi evin sahibi V.İbrahimova həm də qanunsuz silah saxlamağa görə ittiham verilib. İddia olunur ki, prokurorluq əməkdaşları onun evində axtarış aparanda ov silahı tapıblar.

Adları çəkilən şəxslər hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Ş.Sultanov oktyabrın 3-də oğlunun ölümüylə bağlı məhkəmədə zərərçəkmişin hüquqi varisi kimi ifadə verib.

«Kimi gəldi dişləyirdi, təpik vurub yıxırdı»

Deyir ki, Muradın anasıyla illər öncə ayrılıblar. Oğlu əvvəl ana nənəsinin, onun vəfatından sonra atasının yanında və nəzarətində olub. Atasının sözlərinə görə, əvvəllər Muradın sağlamlıq problemi olmayıb, hərbi xidmətə gedib-qayıdıb, «Araz» supermarketlər şəbəkəsinin mağazasında işləyib. Hadisədən dörd ay əvvəl səhərə yaxın qəfildən vəziyyəti dəyişib: «Özünü ora-bura vururdu, başını divara, yerə çırpırdı. Heç nə başa düşmürdü, söz deyirdin, elə bil, divara dəyirdi. Kimi gəldi dişləyirdi, təpik vurub yıxırdı. Səsə bütün binadakı qonşular çıxmışdı. Tutub saxlaya bilmirdik. Məcbur olub dəlixanaya zəng elədik, 6-7 nəfər gəlib əl-ayağını bağlayıb apardı».

Ş.Sultanovun sözlərinə görə, Muradın anası da psixiatriya xəstəxanasına gedib, oğlunun durumunu görəndən sonra deyib ki, «onun içində cin var». Zərərçəkmiş bildirir ki, xəstəxanada onun özünə də həkim Muradın psixi durumunda ciddi problem olmadığını deyib. Dediyinə görə, hətta oradakı tibb işçilərindən biri Muradı pirə aparmağı tövsiyə edib. Həmin gün onu xəstəxanadan çıxarıblar, anası aparıb: «Axşam zəng elədi ki, Murad qaçıb. Gecə gedib küçədə mayka-şalvarda tapdıq. Söyə-söyə qaçırdı. Zorla tutub saxlayıb, yenə təcili yardıma zəng elədik. Həkim gəlib elə küçədə iynə vurub, xəstəxanaya apardı. Onda özüm öz təşəbbüsümlə dindar yoldaşlar vasitəsilə soraqlaşdım ki, bəlkə kiminsə bu cür xəstələri müalicə eləyə bilən molla tanışı var? Qalibi məsləhət gördülər. Yenə uşağı xəstəxanadan çıxartdıq, evə gətirdik. O xəstəxanada olanları əvvəllər də görmüşdüm, ona görə övladımı orada qoymaq istəmədim. Qalib gündə üç dəfə evimizə gəlirdi, dua oxuyurdu, arada zeytun çubuğuyla vururdu».

«10 gün gəlib-getdi, dua oxuyurdu»

Atasının sözlərinə görə, Murad o ərəfədə elə vəziyyətdə olub ki, əti sümüklə birlikdə yeyib, qaynar suyun altında dayanıb. Amma «seans»lardan sonra nisbətən yaxşılaşıb, hətta özü sərbəst çıxıb gəzirmiş.

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt anası gəlib deyib ki, hazırkı həyat yoldaşının Füzuli adlı tanışı var, bu cür xəstələri müalicə edə bilir: «Təsəvvür edin, oğlumun xatirinə anasının ərinin də gəlməsinə icazə verdim. Füzulini gətirdi. Savadlı oğlan idi, ərəb dilini yaxşı bilirdi, baxıb dedi ki, bunda cin var. Dedim, nə hörmət lazımdır, eləyəcəm, kömək eləyin. Dedi, heç nə lazım deyil. 10 gün gəlib-getdi, dua oxuyurdu. Muradın vəziyyəti yaxşılığa doğru dəyişirdi».

Təqsirləndirilən şəxslərdən Füzuli Qəribovun işi Bakıda alınmadığından yaşadığı Şabran rayonuna qayıtmalı olub. Ona görə Ş.Sultanov da gedib Şabranda kirayə ev tutaraq, oğlu Murad və bacısı oğlu Eminlə orada qalıblar.

Hər gün Muradı təqsirləndirilən şəxslərdən Vüsal İbrahimovgilin evinə aparır, orada onun üçün dualar oxunur, arabir də çubuqla vurularmış: «Bəzən olurdu, iki-üç nəfər əl-ayağını tuturdu, o biri vururdu, qışqırırdı ki, «ata, kömək elə». Dözə bilmirdim, çıxıb çöldə ağlayırdım. Amma effektini də görürdüm deyə, düşünürdüm ki, yəqin elə əlac budur. Bəzən mən olmayanda yanında bacım oğlu Emin olurdu. Bir gün axşam çimdirməyə aparanda qarın nahiyəsində ləkə gördüm. Soruşdum ki, bu nədir, dedi, bilmirəm. Həmin gün eşitmişdim ki, kimisə dişləyib».

«Təzyiqi ölçmək istəyəndə gördük ki, nəbz vurmur»

Hadisə gününə gəlincə, Ş.Sultanov deyir ki, bacısı oğlu zəng edib, «seans»ın başa çatdığını deyib. Amma atası gedib həyətdə onu görəndə çox halsız olub. Təzyiqini ölçüblər, görüblər ki, çox düşüb, bədəni də çox tərləyib. Atası onu kirayə qaldıqları evə aparıb, yerinə uzadanda isə ön tərəfdən göbək nahiyəsindən sinəsinə qədər bədəninin qıpqırmızı olduğunu görüb: «Qucaqlamaq istəyəndə ağrıdan qışqırdı. Vüsal, Aprel, Füzuli gəldi. Təzyiqi ölçmək istəyəndə gördük ki, nəbz vurmur. Təcili yardım çağırdıq, gec idi...».

Təqsirləndirilən şəxslər məhkəmədə zərərçəkəndən «halallıq» istəyiblər, Muradı öldürmək niyyətlərinin olmadığını deyiblər. Ş.Sultanov onlara belə cavab verib: «Mən demirəm ki, sizin öldürmək niyyətiniz olub. Amma bir insanı o qədər döyərlərmi? İtə daş atırsan, ulayır, ikincini atmırsan ki, yazıqdır. Bildiyimə görə, indi deyirsiz ki, «Füzuli deyib, biz eləmişik». Füzuli «ətini kəs» desəydi, onu da eləyəcəkdiniz? Əgər söz olaraq, sizi bağışlamağımı istəyirsinizsə, hə, bağışlayım, hamınıza da halallıq verim. Amma siz onu öldürməklə mənim onurğa sütunumu qırdınız. O, mənim yeganə oğlum idi».

Zərərçəkmiş əlavə edib ki, təqsirləndirilən şəxslər ondan pul istəməyib. Özü 300 və 400 manat olmaqla, iki dəfə məcburi şəkildə Füzulinin cibinə pul qoyub.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-in 126.3 maddəsində 9 ildən 12 ilə qədər, 138.2-1 maddəsində isə 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG