Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

Trump CIA-in hesabatına güldü


Donald Trump
Donald Trump

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) gəldiyi rəy ölkə rəsmiləri arasında, eləcə də mətbuatda böyük səs küy yaradıb.

CIA rus hakerlərinin seçkiyə müdaxiləsiylə bağlı tutarlı dəlilləri olduğunu elan edib. Agentliyin məlumatına görə, hakerlərin məqsədi demokratların namizədi Hillary Clinton-un kampaniyasını sarsıtmaq, Donald Trump-ın qələbəsini təmin etməkmiş.

«BU, YENİ BƏHANƏDİR»

«The Washington Post» qəzeti yazır ki, CIA hətta Rusiya hökumətiylə bağlılığı olan və H.Clinton-un şanslarına zərbə vurmaqdan ötrü fəaliyyət göstərən şəxslərin kimliyini aşkarlayıb. Agentlik rusların, azı, iki ştatda kiber hücumlarda rolunu, demokratların qurumları və rəsmilərinin elektron poçtlarına müdaxilədə iştirakını təsdiqləyən faktları topladığını bildirib.

Buna da bax-ABŞ-ın dövlət katibi Rex Tillerson ola bilər

«The Washington Post» CIA-nın əlindəki dəlilləri senatorlarla, bağlı qapılar arxasında müzakirə etdiyini yazır. Adlarının açıqlanmasını istəməyən rəsmilərin dediyinə görə, senatorlara D.Trump-ın seçilməsinin Rusiyanın məqsədi olduğunu söyləyiblər.

Prezident Barack Obama seçki kampaniyası zamanı qeydə alınan kiber hücumların ətraflı araşdırılması barədə göstəriş verib.

Yeni seçilmiş prezident D.Trump isə «Fox News» kanalına müsahibəsində CIA-nın rəyinə inanmadığını deyib: «Məncə, bu gülüncdür, sadəcə, yeni bəhanədir».

CIA-nin baş qərargahı
CIA-nin baş qərargahı

«MƏQSƏDİM ÇƏKİŞMƏK DEYİL»

D.Trump-ın müşaviri və keçmiş meneceri Kellyanne Conway CBS-ə danışarkən «The Washington Post»un rəsmi məlumata əsaslanmadığını , Rusiyanın D.Trump-a yardımını təsdiqləyəcək faktların olmadığını söyləyib. Onun sözlərinə görə, rəqibləri seçkinin nəticələrini məhkəmədə çəkişdirməyə can atırlar, halbuki D.Trump «böyük qələbəni qazanıb».

«Mənim məqsədim məhkəmədə çəkişmək deyil, mən, sadəcə, bunun təkrarlanmasının önlənməsini istəyirəm». Məsələsinin araşdırılmasını istəyən senatorlardan biri –Angus King «The New York Times»a müsahibəsində deyib.

Buna da bax-Donald Trump-ın inauqurasiyası da biznesdirmi?

Qəzet yazır ki, CIA-nın bu barədə niyə indiyə qədər susması, dəlillərdən seçkidən öncə deyil, sonra danışması aydın deyil.

«CASUSLAR BACARIQSIZ VƏ TƏRƏFLİDİRLƏR»

«The New York Times» CIA-nı qınayan D.Trump-ın 2002-ci ildə baş verənləri yada saldığını qeyd edir. O zaman agentlik İraq lideri Saddam Hussein-in kütləvi qırğın silahına malik olduğunu demiş, amma sonra həmin məlumatlar təsdiqini tapmamışdı. Bu faktı xatırladan D.Trump amerikalı casusların bacarıqsız və tərəfli olduğunu söyləyib.

Bəs D.Trump bu qədər sərt tənqid etdiyi kəşfiyyat agentliyi ilə necə işləyəcək?

«Fox News»un bu sualına cavabında müşaviri K.Conway D.Trump-ın agentliyə sayqı göstərdiyini, onun rəyini «gülməli» adlandırmağın qəbuledilən olduğunu söyləyib.

Hazırda respublikaçılar da daxil olmaqla, bir neçə nüfuzlu senator Rusiyanın seçkiyə müdaxiləsiylə bağlı ittihamların ciddi araşdırılmasını tələb edir. Onların fikrincə, bu məsələ hər bir amerikalını narahat etməli, D.Trump da problemə tərəfsiz yanaşmalıdır.

D.Trump isə nəinki rəyi rədd edir, həm də müdaxilə cəhdlərinin arxasında Çinin, ya da hansısa adi bir hakerin dayana biləcəyini istisna etmir.

XS
SM
MD
LG