Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Çubaysın reanimasiyada olduğu deyilir


Anatoli Çubays (sağda) müxalifətçi Boris Nemtsov öldürülən yerdə, 2015-ci il
Anatoli Çubays (sağda) müxalifətçi Boris Nemtsov öldürülən yerdə, 2015-ci il

Çubays martda Rusiyadan getməzdən öncə Prezident Vladimir Putinin dayanıqlı inkişaf üzrə elçisi postundan istefa verib

Postsovet dövrünün tanınmış islahatçısı Anatoli Çubaysın nadir immun sistemi pozuntusuyla Avropada bir xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi xəbər verilir. O, Moskva fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Rusiyanı tərk edib.

Çubaysın vəziyyəti haqda detallı bilgi yoxdur. Avqustun 1-də Rusiyanın tanınmış teleaparıcısı, Çubaysın dostu Kseniya Sobçak Telegram-da yazıb ki, o, Çubaysın həyat yoldaşı Avdotya Smirnova ilə danışıb. Qadın ona ərinin Guillain-Barre sindromundan əziyyət çəkdiyini, Avropanın bir xəstəxanasında reanimasiyada yatdığını deyib.

Daha iki mənbə xəbəri təsdiqləyir

“Reuters”in avqustun 1-də iki başqa mənbəyə istinadla yaydığı xəbər Sobçakın dediyini təsdiqləyir. 67 yaşlı Çubays immun sisteminin periferik əsəb sistemini zədələməsi nəticəsində yaranan Guillain–Barre sindromundan əziyyət çəkdiyinə inanır, mənbələr belə deyiblər.

Çubays keçmiş prezident Boris Yeltsinin işlər idarəsinin başçısı olub.

Kremlin sözçüsü Dmitri Peskov Çubays, yaxud təmsilçilərinin hər hansı kömək istəməsi haqda məlumatı olmadığını deyib.

“Əlbəttə, bu kədərli xəbərdir, onun tez sağalmasını arzulayırıq, ancaq vəziyyətin detallarını bilmirik”, – deyən Peskov rəsmilərin “Rusiya vətəndaşlarının hamısına kömək göstərməyə” hazır olduğunu vurğulayıb.

Sobçak Çubaysın vəziyyətinin “orta, stabil” olduğunu deyib.

Polis versiyaları araşdırır

İtaliyanın “La Repubblica” qəzeti yazır ki, Çubays Sardiniya adasında kurortda olarkən xəstələnib.

Qəzet yerli polisin hər hansı qəsdi, o cümlədən zəhərlənməni araşdırdığını yazır. “Reuters” isə bir mənbəyə istinadla polisin indilik zəhərlənmə versiyasının üstündə dayanmadığını xəbər verir.

İndiyədək Putinin bir neçə opponenti əsasən Rusiyadan kənarda zəhərlənməyə məruz qalıb.

Bir çox hallada Rusiya hakimiyyətinin bu insidentlərdə əli olmasına güclü dəlilin mövcudluğuna baxmayaraq, Kreml tənqidçilərini zəhərləmədiyini deyir.

Ukraynadakı müharibəyə etiraz etdiyi deyilir

Çubays martda Rusiyadan getməzdən öncə Prezident Vladimir Putinin dayanıqlı inkişaf üzrə elçisi postundan istefa verib.

O, vəzifəsindən, yaxud ölkədən niyə getdiyini açıqlamayıb, ancaq bir çox müşahidəçilər Moskvanın Ukraynaya səbəbsiz hücumuna qarşı Kremlin daxilində etiraz olması ehtimalını irəli sürüblər.

“Bloomberg”in məlumatına görə, Çubays gedərkən Ukraynanın işğalına etirazını bildirib.

Çubays Rusiyada tanınmış siyasətçidir. O, 1990-cı illərin əvvəllərindən bir sıra yüksək vəzifələr tutub, Yeltsinin idarəçiliyi dövründə ölkənin ən böyük sənaye obyektlərinin özəlləşdirilməsinə nəzarət edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG