Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

“Sadə çaya qadağa...” (media icmalı)


çay
çay

Aqrar sahədə kooperasiyaların əhəmiyyəti, “Milli Park”da qiymətlər, Bakının Zorge parkında vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

20 MANATA ÇAY

“Modern.az” saytında “Bakı bulvarının soyğunçuları - onlardan turistlər də narazıdır!” sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakı buvarında verilən çayın qiymətini Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynovla müzakirə edib.

Yazıda bildirilir ki, “Milli park”da verilən çayın qiyməti istirahətə mane olur:

“... Bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri “sadə çay” (yalnız çay və qənd verilməsi nəzərdə tutulur- red) verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar “sadə çay”a qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır”.

Müəllifin yazmasına görə, bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistləri də narazı salır.

AİB sədri bildirib ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır. O, bulvarda verilən çayın qiymətinin bahalığı ilə bağlı onlara da şikayətlər daxil olduğunu bildirərək bunu soyunçuluq adlandırıb:

“Bununla bağlı 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.

Bakı Bulvarı, 2012-ci il
Bakı Bulvarı, 2012-ci il

​E.Hüseynov deyib ki, son zamanlar şikayətlər yenidən artıb, bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə yeni rəsmi məktubla müraciət etməyi düşünürlər:

“... Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu “soyğunçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb”.

Yazıda qeyd edildiyinə görə, Dənizkənarı Bulvar İdarəsindən isə deyiblər ki, “Milli Park”dakı kafe və çayxanaların heç biri onlara aid deyil:

“Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hər hansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.

Yazıda narazılıqlara “Milli park”dakı restoran saiblərinin münasibətini isə öyrənmək mümkün olmayıb.

ZORGE PARKINDA...

“Moderator.az” saytında “Bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb” sərlövhəli yazı diqqət çəkir.

Yazıda qeyd edilir ki, iyun ayına xas olmayan nəfəskəsən istilər məmləkət insanının, xüsusən də paytaxt sakinlərinin xeyli narahatçılığına səbəb olub:

“Nəzərə alsaq ki, Bakıda park və xiyabanların ərazisi xeyli məhdudlaşıb və istirahət zonaları sakinlərin günəşdən, əlverişsiz havalardan daldalanmaları üçün yetərli deyil, o zaman mövcud parkların ərazisinin maksimum abadlaşdırılaraq insanların ixtiyarına verilməsi həyati önəm kəsb edir”.

Yazıda Bakıdakı Zorge parkındakı mövcud vəziyyət foto-videolarla təqdim edilir.

Yazıda təqdim edilən fotolarda parkın istirahət və istidən kölgələnmək baxımından yararsız olduğu görünür, orada yarımçıq qalmış işlər, çala-çuxurlar və başqa mənzərələr əksini tapır. Müəllif sonra da yazıb:

“Gördüyünüz bu kadrlar nə İraqın Kərkük, nə də Suriyanın Hələb şəhərində lentə alınıb. Nəsimi rayon icra hakimiyyətinin inzibati binasının 20-30 metrliyində,... Zorge parkı deyilən ərazinin acınacaqlı görüntüləridir”.

Zorge parkı, arxiv foto
Zorge parkı, arxiv foto

​Müəllif hesab edir ki, onların borcu gördüklərini təqdim etməkdir:

“Kimsə vəsait çatışmazlığı və digər bəhanələrlə insanların gözünə kül üfürməyə cəhd etməsin, hər şey gün kimi ortada, təkcə cəzalanan yoxdur. Hələ ki...”

KOOPERASİYALAR

“Azərbaycan” qəzetində isə “Azərbaycan fermerləri, birləşin!” sərlövhəli yazı dərc edilib.

Yazıda aqrar sahədə kooperasiyaların əhəmiyyətindən bəhs edilir. Müəllifin yazmasına görə, dünyanın inkişaf tarixinə nəzər yetirdikdə bəlli olar ki, əkinçilik mədəniyyəti sivilizasiyanın ilk dövrlərindən formalaşmağa başlayıb. Yazıda vurğulandığına görə, bununla belə, kənd təsərrüfatı uzun müddət öz inkişafına görə sənayedən çox geri qalıb:

“Sənayedə yüksək texnika və texnologiyaların tətbiqi daim diqqət mərkəzində olsa da, aqrar sektorda bu, müşahidə edilməmişdir. Lakin XX əsrin ikinci yarısından aqrar sektorda yüksək səviyyəli texnika və texnologiyalardan istifadəyə üstünlük verilməyə başlanıldı”.

Yazıda qeyd edildiyinə görə, hazırda dünyada kənd təsərrüfatında yüksək texnologiyaların tətbiqi sayəsində məhsuldarlıq ildən-ilə artır. Müəllif buna aid bəzi ölkələrin də adını çəkir:

“Məsələn, taxılçılıqda bu gün məhsuldarlıq Danimarka və Çexiyada 50-55, Almaniya və Fransada 60-65 sentnerdir. Müqayisə üçün bildirək ki, Azərbaycanda orta ümumi məhsuldarlıq 30 sentnerdir. Bununla belə, müasir texnika və texnologiyalardan istifadə edilən iri fermer təsərrüfatlarında və aqroparklarda bu rəqəm 50 sentnerə çatıb. Deməli, mütərəqqi texnologiyaların tətbiqi məhsuldarlığın artmasında başlıca şərtdir”.

Cəlilabad, taxıl yığımı, 2018-ci il
Cəlilabad, taxıl yığımı, 2018-ci il

​Yazıda bildirilir ki, dünyada aqrar sektorda yeni inkişaf üsullarından da istifadə edilir. Müəllifin fikrincə, inkişaf etmiş ölkələrdə fermerlərin kooperativləşməsi kənd təsərrüfatının inkişafında ən güclü amil hesab olunur:

“... Bütün hallarda kooperasiya üzrə 150 illik dünya təcrübəsi sübut etmişdir ki, birləşmək və birgə fəaliyyət göstərmək fermerlərin işini asanlaşdırır, gəlirlərin artmasını təmin edir”.

Yazının sonunda isə oxuyuruq:

“Fermer kooperativləri ölkənin siyasi həyatına da ciddi təsir göstərir. Aqrar siyasətin hazırlanmasında və qiymətlərin müəyyən edilməsində kooperativlərin rəyi nəzərə alınır. İstehsalçıların subsidiyalaşdırılması, kreditləşdirilməsi, xırda təsərrüfatlara kömək, ixracın subsidiyalaşdırılması və digər məsələlər birlikdə həll olunur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG