Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:03

Cahangir Hacıyev: ‘Vaxt gələcək bu müttəhimlər kürsüsündə əsl cinayətkarlar oturacaq...’


Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev

“Bandotdel”in 2005-ci ildən mənimlə ədavəti var. O vaxt məndən 20 milyon avro istəyirdilər. İndi də mənə qarşı bu cinayət işini düzüb-qoşanlar eyni adamlardır”, – Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev fevralın 7-də məhkəmədə ifadə verərkən belə deyib.

Keçmiş bankirin özü, bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov və daha 19 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

“Varsa, göstərin, hamı görsün”

Üç ildir təcrid olunduğunu, yaxınlarıyla telefonla danışığına, hətta vəkililə görüşünə belə, imkan verilmədiyini deyən Cahangir Hacıyev məhkəmədən sözünün kəsilməməsini, sərbəst ifadə verməsinə şərait yaradılmasını istəyib. O, ittihamları qəbul etməyib, deyib ki, 4.7 milyardlıq mənimsəmə barədə yazılanlar uydurmadır:

“Bu rəqəm bilirsiz nə deməkdir? Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdir. Hətta niyyət olsa belə, bu qədər vəsaiti mənimsəmək mümkün deyil. Bu, Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Valyuta ehtiyatları 5.5 milyarddır, o vaxt 4 milyard idi. Moskva bankının aktivləri 2 milyard olduğu halda, 4.7 milyardlıq mənimsəmə necə ola bilər? Şüarlarla danışmaqla deyil, fakt olsun gərək. Ən azı, rəqəmlərə baxmaq lazımdır. Əminəm ki, vəkillərin çoxu, əsasən də dövlət hesabına təyin olunanlar, ittihamçılar, hətta hakimlər də işi tam oxumayıblar. Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir, halbuki, 361 cilddir. Bu 361 cildin hansı səhifəsində bir sənəd, bir ifadə var ki, o vəsaitlər mənə verilib, özümə, yaxud da yaxınlarıma aid hesaba köçürülüb, şəxsi əmlakımızın alınmasına yönəldilib? Varsa, göstərin, hamı görsün”.

Cahangir Hacıyev deyir ki, dövlət məmuru olmayıb, şəxsi biznesi olub, qazancı, ailəsinin əldə etdiyi əmlaklar da onun hesabınadır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları onun işilə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb:

“1 milyon pul ödəyiblər ki, mənim əmlaklarımı axtarıb tapsınlar. Nə oldu, nə tapdılar? Biz büdcə təşkilatı olmamışıq, Beynəlxalq Bankda dövlətin payı 50.2 faiz olub, heç 51 faizə çatmayıb. Mən prezidentin sərəncamı ilə təyin olunmamışam. Dövlətdən yalnız nizamnamə kapitalı alınıb, onun da müqabilində dividendlər verilib. Mən dövlət məmuru olmamışam”.

“Qırmızı xətləri keçmək istəmirəm”

Sabiq bankir bildirib ki, 2010-2013-cü illər üzrə Beynəlxalq Bankla bağlı bir neçə cinayət işi başlanıb, araşdırmaları da Vergilər Nazirliyi aparıb. Sonda elə prokurorluq özü bu cinayət işlərinə xitam verib:

“Cinayət işində ovaxtkı vergilər nazirinin müavini Natiq Əmirovun daxili işlər nazirinin müavininə məktubu var. Orada yazılıb ki, 37 cinayət işinə 18 qərarla xitam verilib. Ötən məhkəmədə xitam verilmiş cinayət işlərinin gətirilib araşdırılması barədə vəsatət verdik, təmin olunmadı. İndi gətirin, niyə gətirmirsiz? Biz xitam verməmişik ki, özünüz vermisiz”.

İttihamda yazılıb ki, layihələrin dayanıqlılığı müəyyən edilmədən kreditlər verilib. Cahangir Hacıyev isə bildirir ki, onlar ölkədə 600 min iş yeri yaradılmasına dair dövlət proqramı çərçivəsində verilib və sıfırdan başlanan layihələr olub:

“Dünyamin Xəlilov ittihamların əksini təsdiqləyən sənədləri istintaqa təqdim edib, qəbul eləməyiblər. Niyə? Onu təqsirləndirilən şəxs qismində cəlb eləmək, 20 il həbslə hədələmək olar, amma haqlı olduğunu sübut eləyən sənədləri almaq olmaz? Cinayət işinin materiallarını oxuyan belə nəticəyə gələ bilər ki, sanki Beynəlxalq Bankda məndən başqa adam olmayıb, bütün işləri mən görməliydim. Bizim dövrümüzdə Beynəlxalq Bankdan götürülmüş kreditlərlə fəaliyyətə başlamış bir çox şirkətlər var ki, indi götürüb adlarını dəyişiblər. Məsələn, “İnterşüşə”ni “Azərşüşə” eləyiblər. Adı dəyişməklə deyil ki, eyni müəssisədir. Dünyada belə şey yoxdur ki, aktivləri götürəsən, passivləri yox. Aktivlərlə passivlər birlikdə olmalıdır. Aktivləri götürürlər, deyirlər, borcu siz ödəyin. Niyə? Sifarişlə cinayət işi qaldırmaqla deyil, bu, bank işidir, rəqəmlərdir”, - Cahangir Hacıyev ifadəsində bildirib.

Prokurorun davamlı olaraq, Dünyamin Xəlilovun şirkətlərinin layihələrinə kredit ayrılması barədə suallarına isə Cahangir Hacıyev belə cavab verib:

“Müəyyən qırmızı xətlər var ki, onları keçmək istəmirəm. Başa düşürsüz nəyi deyirəm. Siz də məni o xətləri keçməyə vadar etməyin. Mən bir-bir sadalayım ki, başqa göstərişləri də kimlər verib? İstəyirsiz deyim? Amma mən o səviyyəyə düşəcək adam deyiləm...”

“2 milyarddan artıq dağıtmaq olmazdı”

Cahangir Hacıyevin sözlərinə görə, onun dövründə Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də “Akkord”a verilən kreditləri çıxanda cəmi 2 milyard qalırdı:

“Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyard gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə, cinayətləri bizim üstümüzə yazmaqla deyil. Hüquq-mühafizə orqanlarının bank sektoruna müdaxiləsi çox pis presedent oldu. Nəticədə 11 bank bağlandı, Əmanətlərin Sığorta Fondu iflic oldu”.

Sabiq bankir ifadə verərkən onun danışdıqlarının ittihama aidiyyəti olmaması əsasıyla sözünün kəsilməsinə etiraz olaraq, çıxışını daha tez yekunlaşdırıb. Sonda isə bunları deyib: “Daha nə deyim?! Amma çıxışımı dayandırıb Səməd Vurğunun bir misrasını yada salmaq istəyirəm:

Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.

Yadda saxlayın, vaxt gələcək bu müttəhimlər kürsüsündə əsl cinayətkarlar oturacaq...”

Məhkəmə prosesi fevralın 11-də davam edəcək.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

İndi məhkəmədə baxılan ikinci cinayət işində Cahangir Hacıyevə verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və başqa ittiham maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cahangir Hacıyev özünü təqsirli bilmir.

Hazırda onunla birlikdə mühakimə olunan şəxslərdən keçmiş deputat Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Cahangir Hacıyevin bacanağı İ.Hidayətzadəyə isə 7 il həbs cəzası verilmişdi. Ali Məhkəmə bu cəzanı 5 ilə endirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG