Rusiyanın baş prokuroru Yuri Chaika prokurorların məhkəmə qərarı olmadan həbs etmək səlahiyyətinin bərpa olunması təklifi ilə çıxış edib.
O bu təklifi Sankt Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda səsləndirib.
Chaika deyib ki, bu sahədə sovet sisteminə qayıtmaq lazımdır. Bu sistemdə prokuror həbs edir və bu həbsdən yalnız məhkəmə qaydasında şikayət verilə bilir.
Rusiya baş prokuroru bildirib ki, belə sistem sahibkarları qətimkan tədbirinin seçilməsi zamanı istintaq orqanlarının təzyiqindən azad edərdi.
The Bell yazır ki, Chaika-nın çıxış etdiyi forumun iştirakçıları prokurorluğu istintaqa daha fəal etiraz etməyə çağırırdılar.
2015-ci ildə Baş Prokurorluq və DİN insan haqları müdafiəçilərinin istintaq hakimləri institutunun yaradılması təklifini rədd etmişdilər. Onlar bildirirdilər ki, prokuror nəzarəti tamamilə kafidir.
Rusiya prezidenti Vladimir Putin və Ali Məhkəmənin nümayəndələri bundan əvvəl bir neçə dəfə iqtisadi cinayətlərdə şübhəli bilinən iş adamlarının təcridxanaya salınmasının əleyhinə olduqlarını bildiriblər.
2018-ci ilin fevralında Rusiya prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov bildirmişdi ki, iqtisadi cinatyətlərdə şübhəli bilinən 5982 nəfər təcridxanalarda saxlanır. O vaxt daha 4630 nəfər ev məhbusu idi.
2019-cu ilin fevralında Moskva məhkəməsi Baring Vostok fondunun təsisçisi, Amerika biznesmeni Michael Calvey-nin və onun daha dörd yoldaşının təcridxanaya salınması barədə hökm verib.
Onlar Vostoçnı bankından 2, 5 milyard rublun oğurlanmasında şübhəli bilinirlər.
Sonradan Calvey ev məhbusluğuna keçirilib. İnvestor bu həbsə görə Sankt Peterburq forumunda iştirak edə bilməyib.
ABŞ-ın Rusiyadakı səfiri və Birləşmiş Ştatların nümayəndə heyəti Calvey-nin həbsinə etiraz olaraq bu foruma qatılmayıblar.